Nyu-Cersi Dövlət Universitetinin astronomlarından ibarət tədqiqat qrupu Volf-Landmark-Melott qalaktikasında ulduzların yaranma tarixini araşdırıb. Onlar Ceyms Vebb tərəfindən alınmış yeni materiallar əsasında qalaktikadakı ulduzların temperaturu, parlaqlığı və rəng göstəricisinə əsasən yaşlarını təyin edərək kataloq hazırlayıblar. Tədqiqat işinin nəticələri “Astrophysical Journal”da dərc olunub.
Tehsil.biz xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumatda bildirilir ki, qrupun tədqiqatının əsas məqsədi ilkin kainatda baş verən prosesləri araşdırmaqdır. Ona görə də alimlər əsasən kiçik kütlə tədqiqinə fokuslanıb, çünki bu ulduzların yaşı demək olar ki, elə kainatın yaşına bərabərdir. Kainatın ilkin dövrlərində yaranmış kiçik kütləli qalaktikalar tədqiqatçılara ulduz əmələgəlməni, kimyəvi elementlərin təkamülünü və ulduz əmələgəlməsinin qalaktikadakı qazın miqdarı və quruluşuna təsirini öyrənməyə imkan verir.
Volf-Landmark-Melot qalaktikasının tədqiqat obyekti kimi seçilmə səbəbi isə bu qazla zəngin qalaktikada aktiv ulduzəmələgəlmə prosesinin getməsi və bu prosesin 13 milyard il əvvəl - kainat yeni yarandığı zaman başlamasıdır. Lakin “qaynar kainat” qalaktikadakı qazın həddən artıq qızmasına səbəb olub və ulduz əmələgəlmə prosesini bir neçə milyard il ərzində tormozlayıb. Zamanla genişlənən kainat soyumuş və öz növbəsində qalaktikadakı qaz da soyuyaraq, proses yenidən başlanıb.
Tədqiqat işi üçün hesablamalar universitetin bazasında yaradılmış “Rutgers Office of Advanced Research Computing” tərəfindən idarə olunan yüksəksürətli “Amarel” klasterində aparılıb.
Qeyd edək ki, Süd Yolu qalaktikasının da daxil olduğu lokal qrupun kənarında yerləşən irrequlyar qalaktika Yerdən 3.2 milyon işıq ili məsafədə, Balina bürcündə yerləşir. Qalaktika onu kəşf edən və ətraflı tədqiq edən astronomların şərəfinə adlandırılıb.