Logo

Şəhidlər kitabı – mənəviyyat və dil abidəmiz “Şühədanamə”

13.04.2021 19:58 992 baxış
IMG

“Həqqin yolində şəhid olmağə, köŋül, cəhd et
Ki, hər kim oldi bu yoldə şəhid, Həqqə yetər”.

 

(“Şühədanamə”)

 

Şəhidlik mərtəbəsi. Şəhidlər. Dinimizdə, müqəddəs kitabımızda ən yüksək məqamlara, ali mərtəbələrə layiq görülən şəhidlər barədə bu günədək yazılanlar, oxuyub-öyrəndiklərimiz bizi, şəhadət şərbəti içmiş bu böyük ruhlu insanların qədir-qiymətini, dəyərini bilməyə, öz əqidəsi, müqəddəs amalı uğrunda fədakarlıqlarını dərk etməyə səsləyir. Hər şeydən öncə, “Qurani-Kərim”in “Bəqərə” və “Ali-İmran” surələrindəki ayələri xatırladaq:

 

“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” ( “Bəqərə”,154);

 

“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur” (“Ali-İmran” , 169).

 

Şəhidlik mövzusu İslam Şərqində ən müqəddəs möv­zulardan biridir. Klassik ədəbiyyatımızda bu mübarək mövzuya həsr edilmiş bir-birindən dəyərli ədəbi əsərlər, bədii nəsr nümunələrimiz, tərcümə abidələrimiz var. Bu əsərlərin böyük bir qismi tədqiqatçı alimlər tərəfindən müxtəlif elmi aspektlərdə ( dini, ədəbi, tarixi və b.) araşdırılmış, hərtərəfli tədqiqata cəlb edilmişdir. Bu qiymətli əsərlər içərisində bu yaxınlarda ilk dəfə olaraq nəşr edilən orta əsrlər tərcümə abidəmiz “Şühədanamə”nin müstəsna yeri var. Görkəmli dilçi, mətnşünas alim akademik Möhsün Nağısoylunun gərgin zəhmətinin uğurlu nəticəsi olaraq işıq üzü görən bu gözəl kitabı alimin illər öncə nəşr olunmuş “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (paleqrafiya, orfoqrafiya və tərcümə məsələləri)” adlı monoqrafiyasından sonra bu əvəzsiz yazılı abidəmizə verdiyi ikinci həyat kimi də dəyərləndirmək olar.

 

Qeyd edək ki, Möhsün Nağı­soy­lu­nun qələminə məxsus üç monoqrafiya məhz bu müqəddəs mövzuda – müsəlman Şərqində geniş yayılmış mövzulardan sayılan məqtəl (İmam Hüseynin (ə.) Kərbəlada şəhid olması) möv­zusunda yazılmış üç qiymətli əsərin – “Şühədanamə”, “Hədiqətüs-süəda” və “Riyazül-qüds” əsərlərinin tədqiqinə həsr olunub. Məqtəl ədəbiyyatının qiymətli nümunələri olan bu əsərlər daşıdığı ülvi və mənəvi dəyərlərlə yanaşı, həm ədəbiyyatşünaslıq, mənbəşünaslıq baxımından, həm də linqvistik baxımdan, dil tariximizin öyrənilməsi, ana dilimizin keçdiyi tarixi inkişaf yolunun tədqiqi nöqteyi-nəzərindən də olduqca əhəmiyyətli qaynaqlardır.

 

“Şühədanamə” ( “Şəhidlər kitabı”) Kəmaləddin Hüseyn bin Əli Vaiz Kaşifinin islam dünyasında şəhidlik rəmzi olan İmam Hüseynin (ə) Kərbəla müsibətinə həsr etdiyi və müəllifinə böyük şöhrət qazandırmış “Rövzətüş-şühəda” (“Şəhidlər bağçası”) əsərinin farsçadan ana dilimizə tərcüməsidir. Xatırladaq ki, dahi şairimiz Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” (“Xoşbəxtlər bağı”) adlı məşhur nəsr əsəri də Kaşifinin “Rövzətüş-şühəda”sı əsasında sərbəst-yaradıcı tərcümə şəklində qələmə alınmışdır.

 

Məhəmməd bin Hüseyn Katib Nişatinin Səfəvi hökmdarı Şah I Təhmasibin buyuruğu və Şiraz hakimi Saru Şeyxin oğlu Qazi xanın göstərişi ilə qələmə aldığı “Şühədanamə” əsəri bir sıra üstün cəhətləri ilə diqqətəlayiqdir. Əsərin dünyada elm aləminə bəlli olan yeganə əlyazması, istedadlı mütərcimi Nişatinin öz əli ilə köçürdüyü nüsxə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Qeyd edək ki, “Şühədanamə” hələ sovet dövründə, ötən əsrin 60-cı illərindən qiymətli dil və əlyazma abidəsi kimi tədqiqata cəlb edilmiş, haqqında Saməd Əlizadə, Möhsün Nağısoylu, Mədət Məmmədov kimi tədqiqatçı alimlər tərəfindən elmi araşdırmalar, monoqrafiyalar yazılmışdır. Amma dini məzmununa görə əsərin tam mətninin nəşrinə yalnız müstəqillik dövründə münbit şərait yaranmışdır. Uzun və gərgin zəhmətin uğurlu nəticəsi kimi, bu irihəcmli klassik bədii nəsr tərcüməsi, nəhayət, çağdaş oxuculara çatdırıldı. Əlyazmanın mətnini nəşrə hazırlayan, ön sözün müəllifi, izahlar və lüğətin tərtibçisi akademik Möhsün Nağısoylu, elmi redaktorları akademik Vasim Məmmədəliyev və şərqşünas alim Hacı Mustafa Mailoğlu, redaktoru Könül Mirzəyevadır.

 

Kitaba yazdığı “ “Şühədanamə”: Orta əsrlər Azərbaycan tərcümə sənətinin və ədəbi dilinin dəyərli qaynağı” adlı geniş və mükəmməl ön sözdə M. Nağısoylu hər şeydən öncə elmi-ədəbi ictimaiyyətə, geniş oxucu kütləsinə təqdim edilən bu əsərin bir çox cəhətdən (Azərbaycanda tarixi qrafika və orfoqrafiya məsələlərinin, eləcə də tarixi dialektologiyanın öyrənilməsi və b.) olduqca əhəmiyyətli mənbə olduğunu diqqətə çatdırır. Görkəmli alim yazdığı ön sözdə, eyni zamanda, dövrünün həm istedadlı mütərcimi, həm də mahir xəttatı olmuş Nişati haqqında da yeni və dəyərli məlumatlar verir. Apardığı axtarışlar nəticəsində Dublindəki (İrlandiya) Çester-Bitti kitabxanasının fars əlyazmaları və miniatürləri kataloqunda adı qeyd olunan bir əlyazma katibinin – Məhəmməd əl-Katib əş-Şirazinin də məhz Məhəmməd bin Hüseyn Katib Nişati olduğu faktını aşkara çıxardığını vurğulayır. Yeri gəlmişkən qeyd edək ki, Nişatinin daha bir tərcümə əsəri – “Şühədanamədən dörd il sonra – 949/ 1543-cü ildə tamamladığı “Şeyx Səfi təzkirəsi” adlı irihəcmli nəsr tərcüməsi də Möhsün Nağısoylunun rəhbərliyi və bilavasitə iştirakı ilə ilk dəfə nəşrə hazırlanaraq 2006-cı ildə işıq üzü görmüşdür.

 

“Dibaçə” ( müqəddimə) və 10 babdan (fəsildən) ibarət “Şühədanamə”nin ilk babında Adəm peyğəmbərdən başlamış, Nuh, İbrahim, Yaqub, Yusif, Əyyub, Zəkəriyya və Yəhya peyğəmbərin həyatından, başlarına gələn əzab və müsibətlərdən ayrı-ayrı epizodlar verilərək, bütün bunlar əsərin əsas məzmununu təşkil edən Kərbəla müsibəti ilə “böyük ustalıqla və üzvi bir şəkildə, məntiqi uyarlıqla” (M.Nağısoylu) əlaqələndirilir, sonrakı bablarda sonuncu peyğəmbərimizin – Həzrət Məhəmməd (s) peyğəmbərin çəkdiyi cəfalardan, vəfatından, Həzrət Fatimə (ə), İmam Əli (ə) və İmam Həsənin (ə) həyatındakı ağrı-acılardan bəhs edilir. Son dörd bab isə Kərbəla faciəsinə, şəhidlər şahı İmam Hüseynə (ə) həsr olunmuşdur. Bu bablardan birində – səkkizinci babda İmam Hüseynin (ə) tapşırığı ilə Kufəyə getmiş əmisi oğlu Müslim bin Əqlin şəhadətindən bəhs olunur.

 

“Şühədanamə”nin müqəddiməsində – “Dibaçə” hissəsində bu əsəri “qamu türk oymağlarının müstəidləri və məvalilərinin (istedad sahibləri və dostlarının – Ş.A.H.) fayda görmələri” üçün hazırladığını qeyd edən Nişatinin məhz buna görə sadə və canlı ümumxalq danışıq dilinə yaxın bir dildə tərcümə edərək qarşısına qoyulan vəzifənin öhdəsindən uğurla gəldiyini xüsusi vurğulayan M. Nağısoylu yazır: “ Tərcüməçi hər vasitə ilə çalışmışdır ki, orijinaldakı hər bir söz və ya ifadəni onun ana dilindəki qarşılığı ilə versin. (…)Tərcüməçi hətta bügünkü Azərbaycan ədəbi dilində vətəndaşlıq hüququ qazanan və bir növ doğmalaşan bir sıra ərəb və ya farsmənşəli sözlərin əvəzində onların türkcə qarşılıqlarını verərək, türkcənin lüğət tərkibinin zənginliyini diqqətə çatdırmaq istəmişdir. Məsələn: Allah – Tanrı /Çələb, arzu – dilək, behişt – uçmağ, qatil – qanlu, qəbilə – oymağ, qəbir – sin, (…) məktub – bitik, mərdlik – ərlik, məşvərət – canğı, mübarək – kutlu, müharibə – savaş, nəhayət – sonuc, nökər – tabın, payız – güz, piyada – yəyağ, rabitəçi – ğəcərçi, sabah – daŋla (…) və s.”

 

Hörmətli alim bir maraqlı məsələyə də toxunaraq bizə həmin məsələnin əsl səbəbini aydınlaşdırır. Belə ki, savadlı katib olan Nişatinin “Şühədanamə”də türkmənşəli eyni sözləri müxtəlif qrafik variantlarda yazması, alimə görə, orta əsrlər Azərbaycan əlyazmalarına xas olan orfoqrafik sabitsizliklə yanaşı, həm də mütərcimin həmin sözlərin müxtəlif türk dillərindəki, eləcə də Azərbaycan türkcəsinin ayrı-ayrı şivələrindəki fərqli tələffüzünü diqqətə çatdırmaq niyyətindən irəli gəlmişdir. Nişatinin “Şühədanamə”nin “Dibaçə” hissəsində açıq-aşkar yazdığı kimi, bu tərcüməni “bütün türk oymağları”nın faydası üçün nəzərdə tutduğunu xatırladan və əsərin rəngarəng dil xüsusiyyətlərinə malik olmasını da buna sübut olaraq göstərən M.Nağısoylu abidənin dilində uyğur, çağatay, osmanlı və başqa türk dillərinə xas olan leksik, qrammatik elementlərin müşahidə olunduğunu qeyd edir, nümunə olaraq –tobraq, -çoq, – xamu, -kibi sözlərinin mətndəki üç və ya daha artıq qrafik variantını təqdim edir.

 

 

Abidənin dilində işlənmiş bir sıra frazeoloji birləşmələrə, qoşa sözlərə (məs.: gen yeri düşmənlərə dar qılmaq, söz söyləmək, yem yemək, var-get və s. ) eynilə və ya azacıq dəyişikliklə “Kitabi-Dədə Qorqud” eposunda da rast gəlindiyini söyləyən alimə görə, ümumiyyətlə, orta əsr Azərbaycan yazılı abidələri içərisində dilinin sadəliyi və türkmənşəli sözlərin çoxluğuna görə müstəsna yer tutan “Şühədanamə” bu baxımdan həmin eposu xatırladır.

 

Tərcümə zamanı ana dilinin zəngin lüğət tərkibindən, onun rəngarəng ifadə vasitələrindən, sinonimlərdən böyük ustalıqla istifadə edən Nişatinin bu üstün xüsusiyyətləri onun dilimizdəki sözlərin məna çalarlarını, incəliklərini dərindən bilməsi ilə yanaşı, eyni zamanda yüksək tərcüməçilik məharətinin də sübutu olduğunu söyləyən M. Nağısoylunun fikrincə, bu məharət fars dilinə məxsus frazeoloji birləşmələrin tərcüməsində daha qabarıq şəkildə nəzərə çarpır. Bədii tərcümə sənətinin nəzəri əsaslarının mövcud olmadığı bir dövrdə bədii tərcümənin ən çətin problemlərindən biri sayılan frazeoloji birləşmələrin tərcüməsi kimi çətin bir işin öhdəsindən uğurla gəldiyini xüsusi qeyd edən alim yazır: “ Fars frazeoloji birləşmələrini Nişati, bir qayda olaraq, hərfi şəkildə deyil, onların ana dilindəki qarşılıqları ilə vermişdir. Məsələn: zəhre ab şodən – bağrı yarılmaq (289b), kar əz dəst rəftən – iş işdən keçmək (180a), kine xastən – qanını almaq (131a), sərəfraz kərdən – ad çıxarmaq (260a), təəlloğ vərzidən – könül bağlamaq (218a), əz dər berani, əz divar dər ayim – qapudan sürəsən, bacadan girərüz (209b), rəftəni rəft-o budəni-bud – ötəni ötdi, keçəni keçdi(140a) və s. Nişatinin işlətdiyi bu frazeoloji vahidlər farsca mətndəki fars sabit söz birləşmələrinin daşıdığı mənalara tam uyğun gəlir”.

 

Yeri gəlmişkən, qeyd edək ki, bu qiymətli tərcümə abidəsinin üstün keyfiyyətləri barədə daha müfəssəl şəkildə Möhsün Nağısoylunun “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (paleqrafiya, orfoqrafiya və tərcümə məsələləri)” adlı monoqrafiyasından öyrənmək olar. Bu yaxınlarda “Elm” nəşriyyatında işıq üzü görən, nəfis tərtibatı ilə göz oxşayan “Şühədanamə” kitabı isə bu möhtəşəm əlyazma əsərinin ilk nəşridir. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan, bu irihəcmli, 1017 səhifəlik ( 681 səhifəsi – ön söz, mətnin transfoneliterasiyası, izahlar, lüğət və ad göstəriciləri, qalan səhifələri isə mətnin faksimelisidir) kitabda akademik M.Nağısoylunun mətnə tərtib etdiyi geniş izahların, ərəb və fars sözləri, eləcə də arxaik səciyyəli türkmənşəli sözlər lüğətinin də yer alması xüsusi əhəmiyyət kəsb edir.

 

“Şühədanamə”də işlənən “Qurani-Kərim” ayələrinin, eləcə də ərəbcə ifadə və cümlələrin transkripsiyası və tərcüməsi isə kitabın “Ön söz”ündə qeyd olunduğu kimi, kitabın elmi redaktorlarından biri, şərqşünas alim Hacı Mustafa Mailoğlunundur.

 

Bir daha qeyd etmək istərdik ki, akademik Möhsün Nağısoylunun “Şühədanamə” kitabına yazdığı geniş və dolğun ön söz oxuculara təqdim edilən bu qiymətli abidənin əsl dəyərini bilməyimizə, onu hərtərəfli şəkildə dəyərləndirməmizə kömək edir. Görkəmli alimin öz sözləri ilə ifadə etsək, “ümumiyyətlə, dil xüsusiyyətlərinin zənginliyi və rəngarəngliyi ilə seçilən “Şühədanamə” orta əsrlər Azərbaycan yazılı ədəbi dilini müxtəlif yönlərdən araşdırmaq baxımından zəngin və əvəzsiz dil abidəsi, dəyərli qaynaqdır”.

 

“Şühədanamə”nin – mənəviyyat və dil abidəmiz “Şəhidlər kitabı”nın nəşri, zənnimizcə, həm də vətənimizin azadlığı yolunda canlarından keçərək imansız düşmənin tapdağı altında inləyən torpaqlarımıza yenidən həyat verən qəhrəmanlarımızın – Qarabağ şəhidlərinin ruhuna da gözəl bir hədiyyədir. O şəhidlər ki, onların ali məqamı, uca mərtəbəsi barədə əziz Peyğəmbərimiz (s) belə buyurub:

 

“Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar”.

 

Son olaraq, kitabının sonunda Nişatinin, ona “Buni döndərəgör türkiyə”,- deyərək “Rövzətüş-şühəda”nın (“Şəhidlər bağçası”) tərcümə edilməsinə, bu mükəmməl əsərin – Şühədanamə”nin yazılmasına vəsilə olan Şiraz hakimi Saru Şeyxin oğlu Qazi xana etdiyi duanı biz də öz növbəmizdə, şəhidlər bağçasının müşk qoxusunu bizlərə çatdıran insanlara – tərcüman Nişatinin özünə və hörmətli alim akademik Möhsün Nağısoyluya ünvanlamaq istədik:

 

“Şəhidlər həqqi içün, ya Rəb, aŋa

İki aləmdə vergil rusəfidi.”

 

Şəlalə Ana Hümmətli,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Xəbər lenti