Mayın 13-də Türkiyənin İstanbul şəhərində Dünya İslam Alimlərinin Məşvərət Toplantısı işə başlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, Dünya İslam Alimlərinin Məşvərət Toplantısında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Dünya Müsəlman Alimləri Birliyinin rəhbəri Ali Muhiddin Əl-Qaradaği, Əlcəzairin din işləri naziri Yusif Belmandi, Malayziyanın dini işlər naziri Dato Naim, İraqın Fiqh Alimləri Birliyinin sədri Əhməd Həsən Taha, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Nauruzbay Taqanulı, Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin, Bosniya və Herseqovinanın İslam Birliyinin rəhbəri Hüseyn Kovazoviç, Bolqarıstanın Baş müftisi Mustafa Hacı və digər nüfuzlu dini liderlər, tanınmış İslam alimləri iştirak ediblər.
Türkiyənin Diyanət işləri başkanı Ali Erbaş çıxışında bildirib ki, müharibələr, terror aktları, yoxsulluq bəşəriyyəti ciddi təhdid etməkdədir. İslamın nüfuzlu alimləri tez-tez müxtəlif qurum və təşkilatların toplantılarında bir araya gələrək müzakirələr aparır, çıxış yolları arayırlar. Ali Erbaş Türk Dövlətləri Dini Liderlərinin fəaliyyətini xüsusi vurğulayıb, yeni yaranan Dünya İslam Alimləri Məşvərət Toplantısının da əhəmiyyətli bir platforma olacağına inamını ifadə edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam A.Paşazadə çıxışında bildirib ki, böhranlar və fəlakətlərlə səciyyələnən müasir dövrdə mənəvi birliyin önəmi danılmazdır: “Bizim vəhdətimizi parçalamaq, dövlətlərimizi zəiflətmək məqsədini güdən bəzi qüvvə və dairələrin mənfur niyyətlərinin qarşısına sipər çəkməyin ən doğru yolu müsəlman ümmətinin birliyi, İslam aləminin həmrəyliyidir. Müasir dünyada baş verən dəhşətli hadisələr dini liderlərin birləşərək sülh naminə birgə mövqedən çıxış etməsini labüd edir”.
Şeyxülislam A.Paşazadə çıxışında dünyada artan ksenofobiya, irqçilik təzahürlərinə toxunaraq, dini-mənəvi mühitimizə xarici müdaxilələrin, yad və zərərli təbliğatların, bu ölkələrdə ayrı-seçkiliyə və ya vətəndaş qarşıdurmalarına səbəb ola biləcək hər hansı ideoloji təxribatların, nifrət çağırışlarının narahatedici səviyyədə olduğunu vurğulayıb. Bu baxımdan, dünya İslam alimlərinin Məşvərət toplantısının yaradılması ideyasını dəstəklədiyini ifadə edib.
Daha sonra QMİ sədri A.Paşazadə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbədən, 30 illik işğala son qoyulmasından, Azərbaycan dövlətinin azad olunmuş torpaqlarımızda milli-mənəvi irsimizi, ümumislam əhəmiyyətli mədəni-mənəvi abidələri bərpa etməsindən, yenidənqurma işlərindən danışıb. O, bu yaxınlarda VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanda səfərdə olmuş dini liderlərin azad olunmuş ərazilərimizi ziyarət etdiyini, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuş Şuşa şəhərində Dini liderlərin Şuşa Bəyannaməsi qəbul edildiyini xatırladıb. Şeyxülislam A.Paşazadə bu il Azərbaycanın iqlim dəyişikliyinə dair qlobal tədbir olan COP29-a ev sahibliyi edəcəyini, bu tədbir çərçivəsində dünya dini liderlərinin növbəti Zirvə görüşünün nəzərdə tutulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.