Logo

Ziddiyyətli, dolaşıq və sistemsiz təhsil islahatları

09.02.2025 11:53 54 baxış
IMG

Bu gün təhsilin durumu ölkədə hər bir vətəndaşı, ailələri, bir sözlə cəmiyyəti çox narahat edir. Məktəb təhsili tam mənada repetitorluğun, kölgə təhsilinin əsarətinə düşüb. İllər ərzində təhsil nazirləri bu faciəli durumu görsələr də susqunluq ediblər. Sanki, hər şey əladır.
E. Əmrullayev isə problemlərdən danışmağa başladı. Amma ziddiyyətli, dolaşıq və sistemsiz. Verdiyi hər bir bəyanat isə cəmiyyətdə, xüsusən də təhsil ictimaiyyətində haqlı narazılıq və acı gülüş yaratdı. Nazır 3-4 il əvvəl deyirdi: "biz repetitorluğu müdafiə edirik, repetitorluğu ləğv etmək məqsədimiz yoxdur, dünyanın hər yerində repetitorluq var" v.s. İndi isə repetitorluğu tənqid edir, bunu edən müəllimləri vicdansızlıqda qınayır. Deyəsən repetitorluğun ziyanlı olduğu, təhsil sistemini dağıtdığı nazirə hələ indi çatıb.
Valideynlər ailə büdcəsini boş yerə repetitorlara səpələləyərək, uşaqlar 2 qat fiziki, intellekrual və maddi əziyyətlər çəkərək, sonda 200-300 balla ali məktəbə daxil olurlar. Təbii ki, bu baza ilə heç bir bir keyfiyyətli təhsil almaq mümkün deyil.
Biz bu mövzuda illər ərzində xeyli məqalələr yazmışıq, niyə? Ona görə ki, səhv mövqedə olanlar oxusunlar, düşünsünlər, səhvlərindən nəticə çıxarsınlar.
“Nailiyyətin təməlində səhvlərdən nəticə çıxarmaq durur”. (E.Əmrullayev). Heç olmasa dediyi sözlərə özü əməl etsəydi, bir az vəziyyət düzələrdi. Amma nazirin sözlə əməlinin vəhdətini heç müşadiə etmədik.
Repetitorluq problemi həll edilməsə, məktəblər normal rejimdə öz fəaliyyətlərinin bərpa etməsələr, nə orta, nə də ali təhsil bizdə heç vaxt olmayacaq.
Ali təhsilimiz daha bərbad haldadır. Nazir yeni islahatların müjdəsini verdi. Ali təhsil (bakalavr) 4 illikdən 3 illiyə keçir. Yəni universitetlərin zəif büdcəsi bir az da azalacaq. Görünür universitetlərin tələsik PHŞ formatına keçidi buna görə imiş. Amma ixtisarlar edilməyəcək, deməli maaş azalacaq. İndiki, ağır iqtisadi vəziyyətdə, qiymətlərin hər gün artdığı dönəmdə maaşları artırmaq əvəzinə azaldılmasından danışırlar. Niyə? Çüni, 10 illik məktəb 11 il oldu, indi də 12 il etmək istəyirlər. Bunun üçün hardansa qənaət etmək lazımdır. Deməli ali təhsildən kəsmək lazımdır. Universitetlər 4 ilə normal kadr hazırlaya bilmədikləri halda, 3 ildə necə hazırlayacaqlar?
Bu günə qədər ali təhsilin inkişafına dair hələ də heç bir strategiya yoxdur. Ali təhsilininkişafına dair 15 ildən sonar qəbul edilən proqram isə çox zəifdir, bu proqramla universutetləri inkişaf etdirmək mümkün deyil.
Bu gün ölkədə normal ali təhsil sistemi yaratmaq, 105 il əvvəl ilk universiteti yaratmaqdan daha çətindir. Çünki, onda heç nə və heç kim yox idi. Vəziyyət aydın idi, uyğun yol xəritəsi yaradıb, müəllimlər tapıb (əsasən xaricdən) dəvət etmək, hazırlanmış planı icra etmək lazım idi.
İndi isə sanki hər şey var, həm də heç nə yoxdur. Təhsil sistemini bu gün köklü şəkildə dəyişdirmək lazımdır. Bunun ən yaxşı yolunu 15 il əvvəl yazıçı Çingiz Abdullayaev çox dəqiqliklə göstərmişdir: "Təhsil nazirliyini buraxmaq, binasını sökmək, yeni ünvanda yeni bina tikib, tam yeni heyətlə yenidən işə başlamaq. M.Saakaşvili də vaxtı ilə bəzi nazirliklərdə korrupsiyanın kökünü kəsmək üçün belə etmişdi.” Amma biz 15 il əvvəl təhsildə bunları etmədik, ona görə də durum daha da pisləşdi.
105 il əvvəl olduğu kimi, indi də hər şeyi sıfırdan başlamlıyıq. Təəssüf ki, 30 il ərzində sovetdən qalan "ənənələr"lə fəaliyyətimizi davam etdirmiş, üztəlik daha pis ənənələr yaratmış, özümüzü təhsil və elmi fəaliyyət adı ilə aldatmışıq. Çox dərin islahat olmasa (ilk növbədə kadr islahatı) məmurlar elm və təhsildə yenilənməyə imkan verməyəcəklər.
Onda məmurlar qazanc məqsədi ilə təhsildə insan kapitalından daha çox fiziki kapitala fokslanmazlar. Şadlıq saraylarına bənzəyən universitetlərimizdə yaxşı fiziki şərait əvəzinə, tədricən yaxşı elm və təhsil mühti yaradaraq, müsbət nəticələr ala bilərik. Çünki, bu günə qədərki təhsil büdcəsi elm və təhsilə, rəqəmsallaşmaya, inkişafa yox, əsasən təmir-tikinti işlərinə sərf edilib. Ona görə də təhsil büdcəsi 5 dəfə artsa da, elm və təhsildə heç bir inkişaf yoxdur.

İlham Əhmədov, dosent

Xəbər lenti