Logo

Şərqşünaslıq İnstitutunda Azərbaycan-Qırğızıstan münasibətlərinə dair kitab çap olunub

05.12.2025 11:30 93 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin baş elmi işçisi, siyasi elmlər doktoru dosent Adil Mirabdullayevin “Azərbaycan-Qırğızıstan münasibətləri müasir beynəlxalq əlaqələr kontekstində” kitabı çapdan çıxıb.

Şərqşünaslıq İnstitutundan TƏHSİL.BİZ-ə bildirilib ki, monoqrafiyada Azərbaycanın və Qırğızıstanın beynəlxalq aləmdə apardıqları uğurlu siyasət müqayisəli şəkildə tədqiq edilib, onların bir çox ölkə və təşkilatlarla əlaqələrinin proqnozlaşdırılması işıqlandırılıb. Sovet İttifaqının dağılmasından sonra və müstəqillik əldə olunan dövrdə Azərbaycan və Qırğızıstanın milli xüsusiyyətləri və xarici siyasəti təhlil edilərək, milli dövlətin formalaşması yolunda maneələrin uğurla aradan qaldırılmasına təsir edən əsas vektorlar müəyyən edilib. Monoqrafiyada müstəqillik əldə edildikdən sonra Azərbaycanın və Qırğızıstanın suverenliyinin inkişaf yollarının əsas istiqamətləri və xarici siyasətinin prioritetləri araşdırılır, müəyyən proqnozlar verilir.

Monoqrafiya giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. “Müstəqillik əldə etmiş sovet respublikalarının beynəlxalq siyasi əlaqələrinin qurulması” adlı birinci fəsildə keçmiş rejimin müasir dövrdə beynəlxalq əlaqələrin qurulmasına yönələn maneələri və onların aradan qaldırılması yolları, müstəqil dövlətlərin müasir dövrdə etibarlı beynəlxalq münasibətlər qurmasını səciyyələndirən şərtlər barədə bəhs edilir. “Regional beynəlxalq münasibətlərin qurulmasında Azərbaycan və Qırğızıstan Respublikalarının təcrübəsi” adlı ikinci fəsildə bunu hər iki respublikada müasir dövrdə səciyyələndirən şərtlər, bu ölkələrin geosiyasi münasibətləri və onu şərtləndirən amillər nəzərdən keçirilir. “Qloballaşan dünyada hər iki respublikanın strategiyası və taktikası” adlı üçüncü fəsildə Avropanın təklifləri kontekstində Azərbaycanın və Qırğızıstanın siyası aktor kimi davranışı, qloballaşan dünyada hər iki respublikanın tutduğu siyasi xətt və ona geosiyasi güclərin münasibəti kimi məsələlərə toxunulur, Azərbaycan və Qırğızıstanın perspektiv beynəlxalq əlaqələr kursu inteqrativ münasibətlər kontekstində araşdırılır.

Xəbər lenti