Logo

Gənclər Kitabxanası 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar silsilə tədbirləri davam etdirir

15.06.2021 14:49 100 baxış
IMG

Bu gün müstəqil Azərbaycan Respublikasının tarixində dönüş nöqtəsi kimi səciyyələndirilən, ölkəmizi bütövlüyə, birliyə, müstəqilliyinin möhkəmləndirilməsinə aparan bir gün-15 İyun - Milli Qurtuluş günüdür. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bu gün ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olub. Bu gün Ümummilli Liderin yolunu uğurla davam edən Prezident İlham Əliyevin müdrik siyasəti, şanlı ordumuz və xalqımızın birliyi sayəsində biz bu tarixi qələbə qazanmış bir xalq olaraq qeyd edirik.

 

Gənc nəslin vətənpərvərlik tərbiyəsində yaxından iştirak edən, daim Azərbaycan tarixinin əlamətdar günlərinin təbliğatı ilə məşğul olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 15 İyun - Milli Qurtuluş Gününə həmişə böyük məsuliyyət hissi ilə yanaşıb. Bu il də istisna olmayıb. Belə ki, kitabxana 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar gənclərin iştirakı ilə onlayn tədbir keçirməklə yanaşı, bu əlamətdar günə həsr olunan bir sıra videomateriallar da hazırlayıb.

 

Kitabxananın əməkdaşları tərəfindən hazırlanan videoçarxda bu tarixin bütün hadisələri ardıcıllıqla əks etdirilir. Videoçarxda o günlərin ab-havası, xalq içərisində yaşanan gərginlik, xalqın Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşməsi geniş formada, tarixi faktlar və görüntülər əsasında işıqlandırılıb. Hazırlanan materialda, ulu öndər Heydər Əliyevin əzmkar mübarizəsi, müdrik siyasəti sayəsində 15 İyun tarixinin təkcə dövlətçiliyimizin xilası deyil, həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirən bir çevriliş nöqtəsi olması göstərilib. Videomaterialda hadisələr xronoloji ardıcıllıqla, müvafiq bölmələrə ayrılaraq verilib. Bundan əlavə Respublika Gənclər Kitabxanası ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş onun şəkillərindən ibarət geniş bir fotoslayd da hazırlayıb. Burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən, müstəqil Azərbaycanın Prezidenti olduğu illərin fotoşəkilləri nümayiş olunur. Bundan əlavə, izləyicilər burada Heydər Əliyevin ailə fotolarından da bəzilərini görə bilərlər.

Xəbər lenti