Logo

Əyani təhsildən qiyabiyə keçmək mümkündür? - AÇIQLAMA

16.09.2021 16:29 4912 baxış
IMG

Məlumdur ki, pandemiya dövründə dərslər onlayn formada keçirildiyi üçün bir çox tələbə işləməyə başladı. İndi isə dərslər əyani formada başlayacağı üçün işləyən tələbələr işdən ayrılmaq məcburiyyətində qalacaq. İşləmək üçün əyani təhsildən qiyabiyə keçmək istəyənlərin isə istəyi ürəyində qalır. Bəs niyə Azərbaycanda əyani təhsildən qiybiyə keçmək mümkün deyil?

Tehsil.biz xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a danışıb:

"Əyani təhsilə başladıqdan sonra qiyabiyə keçmək beynəlxalq təcrübədə də çox mümkün deyil. Yəni təhsilə ya distant, ya da əyani formada başlayırsınız. Amma bizdən fərqli olaraq, xaricdə tələbə istəyirsə, bir semestra 2, 3 dərs götürə bilir. Belə ki, əgər tələbə işləmək məcburiyyətindədirsə, semestra daha az dərs götürərək təhsilini 4 ildən daha uzun müddətdə tamamlayır. Tələbə semestr boyu keçəcəyi dərsləri seçəndə tamamilə müstəqil olmur. Dərslərin qarşısında müəllimlər və dərs keçdikləri saatlar olur, tələbə də həmin cədvəldən özünə uyğun saatları seçir. Amma, əlbəttə, tələbənin tamamilə müstəqil şəkildə saatları, müəllimi və dərsləri seçməsi mümkün deyil. Bilirsiniz ki, bir çox ölkədə beynəlxalq təcrübədə tələbələr özü özünü dolandırmaq məcburiyyətindədir. Ona görə də, tələbələr ya işləyir, ya da təqaüd alır. Azərbaycanda da belə təcrübə üçün təklifim o olardı ki, tələbənin qarşısına universiteti 4-5 il ərzində bitirmək kimi məhdudiyyətlə qoyulmasın. Yəni əgər universitet bir semestr ərzində beş dərs təklif edirsə, tələbə beş dərsin hamısını almaq məcburiyyətində deyil. Məsələn, dərslərin yarısını növbəti semestra saxlaya bilər. Əslində, baloniya sistemi tam da bunu təklif edirdi. Sadəcə görünür ki, biz baloniya sisteminə tam da adaptasiya ola bilməmişik. Kredit sistemi tam oturduğu zaman məzun olmaq üçün 120, 150 kredit almalıdır. Həmin kreditlər 4 il də, beş il də keçə bilər. Bu, tamamilə tələbənin özündən asılıdır. Məncə, bu təcrübə Azərbaycana da gəlməlidir. Bəzi universitetlər müəyyən qədər bunu tədbiq edir. Amma digər universitetlərdə də bu sitemin tədbiq olunması arzuolunandır".

Xəbər lenti