Logo

Mübariz Camalov: Biz Cəbrayılı daha gözəl və daha abad edəcəyik

11.10.2021 15:45
IMG

Vətən müharibəsində qazandığımız Böyük Zəfərlə sonsuz qürur hissi keçiririk. Torpaqlarımızın düşmən işğalından azad edilməsi bizə böyük fərəh bəxş edib.

Tarixi Qələbəmiz bütün dünyaya dövlətimizin qüdrətini, ordumuzun gücünü nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi zamanı dövlət-xalq birliyini hamı gördü.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov bildirib. O vurğulayıb ki, oktyabrın 4-də Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri bizi çox sevindirdi.

“Hələ ötən il oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunması xəbərini eşidəndə, bir cəbrayıllı kimi özümü xoşbəxt sandım. Yenidən doğma yurda getmək, ötən xatirələri yada salmaq... həqiqətən də böyük xoşbəxtlikdir. Biz Vətən uğrunda canlarından keçən şəhidlərimizə, düşmənə qarşı döyüşlərdə fədakarlıq göstərmiş qazilərimizə, Vətənə xidmət edən hər kəsə borcluyuq. Şəhidlərin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Bu gün Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bərpa və quruculuq işlərinə başlanıldı. Ermənilər digər şəhər və kəndlərimiz kimi, Cəbrayıl şəhərini və rayonun kəndlərini dağıdıb, mədəni, tarixi abidələri, qəbiristanlıqları yerlə yeksan edib, orada ekoloji terror törədib.

Prezident İlham Əliyev Cəbrayıla səfəri zamanı “Cəbrayıl” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib, bir çox əhəmiyyətli layihələrin, binaların təməlini qoyub. Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.

Bütün bunlar bizi çox ruhlandırır. Biz Cəbrayılı daha gözəl və daha abad edəcəyik”, - deyə Mübariz Camalov bildirib.

Xəbər lenti