Logo

“Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”

12.10.2021 09:22 426 baxış
IMG

11 oktyabr 2021-ci il tarixində Bakı Biznes Universitetində koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsinin yekun konfransı keçirilmişdir.

Tehsil.biz xəbər verir ki, konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, layihə konsorsiumunun üzvü olan 11 Azərbaycan Universitetlərinin rektorları və digər səlahiyyətli nümayəndələri, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Petr Mixalko, Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas, Erasmus+ Milli Ofisinin rəhbəri Pərviz Bağırov, layihənin xarici tərəfdaşları olan İsveçin Kral Texnologiya Universitetinin, İngiltərinin Middlesex Universitetinin, Litvanın SMK Sosial Tətbiqi Elmlər Univeristetinin, Litvanın EKT Akkreditasiya Təşkilatının, İspaniyanın Alicante Universitetinin məsul şəxsləri və ölkəmizin digər ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru i.e.d.,prof. İbad Abbasov bütün konfrans iştirakçılarını salamlayaraq geniş məzmunda hesabat xarakterli çıxış etdi.

Rektor 5 mərhələ üzrə həyata keçirilən layihə çərçivəsində 4 il müddətində əldə edilmiş faydalı nəticələrdən, beynəlxalq təcrübələrdən və uğurlardan bəhs etdi. O layihənin müvəffəqiyyətlə icra edilməsində verdikləri əvəzsiz töfhələrə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Erasmus+ Milli Ofisinə, layihənin üzvü olan yerli və xarici tərəfdaşlara xüsusi minnətdarlığını bildirdi. Rektor xüsusilə qeyd etdi ki, bu əməkdaşlıq burada yekunlaşmır və növbəti layihə çərçivəsində də uğurla davam etdiriləcəkdir. 

Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli çıxış edərək Bakı Biznes Universitetini və layihə konsorsiumunun digər üzvlərini layihənin uğurla yekunlaşması münasibətilə təbrik etdi. O qeyd etdi ki, layihə Təhsil Nazirliyi üçün maraqlı və mühüm olan layihələrdən biridir. Belə ki, ali təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində görüləcək ən vacib işlərdən biri kimi məhz keyfiyyət təminatı ən vacib məsələlərdən biri hesab edilir. Nicat Məmmdəli ali təhsil müəssisələrinin akkreditasiya meyarlarından bəhs edərək daxili keyfiyyət təminatının ən vacib parametrlərdən biri olduğunu bildirdi. O, həmçinin vurğuladı ki, layihədən əldə edilən təcrübələrin və müsbət nəticələrin ali təhsil müəssisələri ilə bölüşülməsində Təhsil Nazirliyi konsorsium üzvü kimi dəstək olacaqdır.  

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Petr Mixalko çıxış edərək konfrans iştirakçılarını səmimi qəlbdən salamladı və Təhsil Nazirliyinə, layihə koordinatoru olaraq Bakı Biznes Univeristetinə öz təşəkkürünü bildirdi.

O həmçinin bildirdi ki, təhsil Azərbaycan üçün prioritet sahədir və təhsil sahəsində icra olunan dövlət proqramları bunun bariz sübutudur. Eyni zamanda təhsil sahəsi Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın önəmli sahələrindən biridir. Petr Mixalko çıxışında təhsil sahəsindəki qarşılıqlı əməkdaşlığın sosial-iqtisadi inkişafa təsirlərindən və bu istiqamətdə olan mövcud imkanlardan bəhs etdi. 

Daha sonra Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas çıxış edərək qeyd  etdi ki, Azərbaycan və Litva arasında bizim bir sıra əməkdaşlığımız var və demək olar ki, təhsil ən vacib əməkdaşlıq sahələrindən biridir. O qeyd etdi ki, şadam ki, Litvalı tərəfdaşlar bu layihədə çox fəal işitrak edirlər. Səfir həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə yaxşı münasibətlərin mövcud olduğunu və hazırda da bir layihənin davam etdiyini söylədi. 

Konfransda növbəti çıxış layihənin koordinatoru Gülşən Bayramova tərəfindən baş tutdu. O layihədə qarşıya qoyulan məqsədlərdən və yekunda əldə edilən nəticələrdən, layihənin icrası müddətində qarşıya çıxan imkanlardan və eyni zamanda çətinliklərdən bəhs etdi.

Belə ki, layihə koordinatoru bildirdi ki, layihə çərçivəsində 9 ali təhsil müəssisəsində keyfiyyət təminatı mərkəzləri yaradılmış, iki ali təhsil müəssisəsində isə mərkəzin fəaliyyəti yenidən təşkil edilmiş, 3000-ə yaxın tələbə və 500-dən çox akademik heyət sorğularda iştirak etmiş, 500-ə yaxın akademik heyət müxtəlif təlimlərdə iştirak etmiş, 80 fənn proqramı yenilənmiş, 22 nəfər Keyfiyyətin İdarəedilməsi sahəsi üzrə sertifikatlaşdırılmış, ali təhsil müəssisələri üçün daxili keyfiyyət təminatı standartları və təlimatlarını özündə əks etdirən bələdçi hazırlanmış və digər bir sıra mühüm işlər görülmüşdür. Gülşən Bayramova layihənin bütün tərəfdaşlarına öz dərin minnətdarlığını bildirdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı. 

Erasmus+ Milli Ofisinin rəhbəri Pərviz Bağırov qeyd etdi ki, layihə yüksək peşəkarlıqla və böyük uğurla icra olunub. Əminəm ki, əldə olunan təcrübələr, qurulan əməkdaşlıqlar növbəti Eramus layihələri üçün faydalı olacaqdır.

Daha sonra layihə konsorsiumun Avropadan olan tərəfdaşları İngilitərədən George Dafoulas, İsveçdən Viktor Kordas, Litvadan İnga Petreikiene və Laura Seukeviciute, İspaniyadan Luis Gomes layihənin uğurlu olmasının səbəbləri, layihənin müqayisəli təhlili, keyfiyyət təminatı sisteminin qurulmasında layihənin vacibliyi kimi məsələlər barəsində təqdimatlar etdilər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor  Cəfər Cəfərov və Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov  layihənin başa çatması münasibətilə öz təbriklərini çatdırdılar və beynəlxalq təcrübələrin öyrənilməsi, əməkdaşlığın daha sıx davam etdirilməsi və təhsildə keyfiyyət təminatının inkişaf etdirilməsi baxımından layihənin önəminə toxundular. 

Konfransın yekununda Bakı Biznes Universitetinin rektoru İbad Abbasov çıxış edərək Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı yeni Erasmus+ layihəsi haqqında məlumat və layihənin məqsədlərindən danışdı. Rektor bildirdi ki, yeni layihə Azərbaycan universitetlərinin beynəlxalq aləmdə təmsil olunmasına və bir sıra beynəlxalq assosiyasiyalara üzv olmasına, qarşılıqlı əlaqələrin güclənməsinə imkanlar və şərait yaradacaqdır.

Layihənin uğurla icrası, həmçinin ölkəmizdə təhsil sisteminin Boloniya prosesinə sürətli inteqrasiyasını təmin etmək üçün universitetlərimizdə Avropa standartlarına  uyğun keyfiyyətli təhsil sisteminin qurulmasına böyük dəstək olacaqdır.

Xəbər lenti