Logo

Naxçıvan Dövlət Universitetinə qəbul olan I kurs magistrantlarla görüş keçirilib

13.10.2021 11:38 409 baxış
IMG

Ali təhsil ocağında Elm və innovasiyalar bölməsi və Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi 2021-2022-ci tədris ilində magistrant adını qazanmış təhsilalanlarla görüş keçirilib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev  ali təhsil ocağına qəbul olan hər bir magistri təbrik edib və onlara uğurlar arzulayıb.

Rektor bu il magitraturaya 250 yerə qarşı 226 magistrantın qəbul olduğunu bildirərək qəbul faizinin 90 faizdən artıq olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, bu da indiyə qədər əldə etdiyimiz ən yüksək nəticədir. İxtisaslı kadrların hazırlanmasında magistr pilləsinin mühüm əhəmiyyətindən danışan rektor bu gün universitetin magistraturasını bitirən məzunların muxtar respublikanın təhsil sahəsinə mühüm töhfələr verdiyini vurğulayıb.

Qeyd edilib ki, muxtar  respublikada təhsilə göstərilən yüksək qayğı təhsilverənlərin və təhsilalanların qarşısına çox böyük məsuliyyət qoyur. Belə ki, tələbələr müasir tədris metodları ilə yanaşı geniş imkanlara malik maddi-texniki bazası olan ali təhsil müəsissələrində həm nəzəri biliklərə, həm də təcrübi bazaya malik olur, gənclər daha çevik, innovativ metodlarla işləməyi öyrənirlər. Ali təhsil ocağında magistr hazırlığı sahəsində görülən işlərdən danışan Elbrus İsayev magistrantların hazırlanması sahəsində ciddi işlərin həyata keçirildiyini diqqətə çəkib. Qeyd olunub ki, universitetdə bu tədris ilindən etibarən magistr dissertasiyalarının xüsusi proqram vasitəsilə yoxlanılması həyata keçiriləcək. Rektor magistrlərin qarşısında xüsusi öhdəlik qoyub, konkret vəzifələr müəyyənləşdirilib. 

Naxçıvan Dövlət Universitetində magistratura hazırlığı haqda çıxışında Magistratura mərkəzinin direktoru Etibar Məmmədov qeyd edib ki, 1997-ci ildən 7 ixtisas üzrə 24 nəfərə magistr təhsili verməyə başlayan universitetdə  hal-hazırda hər iki kurs üzrə 77 ixtisas üzrə kadr hazırlığı aparılır.

Vurğulanıb ki, muxtar respublikada təhsilə göstərilən qayğının nəticəsidir ki,  magistratura üzrə dekanlıq əsaslı şəkildə yenidən qurulan və müasir kommunikasiya vasitələri ilə təmin olunan binada fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, magistrantlar yaradılan bu səmərəli şəraitdən bəhrələnərək respublikamızın müxtəlif ali təhsil müəssisələrində və xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirak edirlər. 

Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov “Akademik kariyera planlaması və könüllülük” haqda çıxış edərək qeyd edib ki, 2020-ci ilin ölkəmizdə könüllülük ili elan edilməsi bu sahədə fəaliyyətin universitetimizdə də məqsədyönlü həyata keçirilməsinə şərait yaradıb. Vurğulanıb ki, ötən il magistrlərdən ibarət könüllülərin rəhbərlik etdiyi bölmədə magistrlərin fəaliyyəti qiymətləndirilib və  bu fəaliyyəti uğurla keçənlər ali təhsil ocağında işlə təmin olunublar. 

Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova universitetin elmi fəaliyyətinin inkişafında təhsilalanların rolundan danışıb, ötən tədris ilində TEC-nin uğurlu fəaliyyəti videoçarxlarla tədbir iştirakçılarının nəzərinə çatdırılıb. 

TEC Magistratura Şurasının sədri Fuad Babayev 2021-2022-ci tədris ilində Magistratura Şurasının vəzifə və öhdəlikləri haqda çıxış edib. 

Sonda könüllülük fəaliyyəti nəticəsində universitetin Elm və innovasiyalar bölməsində işçi kimi çalışan Türkan Quliyeva ali təhsil ocağında tələbələrə göstərilən xüsusi diqqət və qayğıdan danışıb və çəkdiyi “Naxçıvan mənzərəsi” adlı rəsm əsərini rektora hədiyyə edib.  

Xəbər lenti