Logo

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

23.11.2021 18:44 169 baxış
IMG

Noyabrın 23-də Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov ilk dəfə 2019-cu ildə nazirlik yanında İctimai Şuranın  yaradıldığını qeyd edib.

Tehsil.biz xəbər verir ki, sözügedən Şuranın iki illik fəaliyyətindən danışan nazir müavini yeni tərkibdə formalaşacaq Şuraya da ümidlərin böyük olduğunu vurğulayıb. Firudin Qurbanov qeyd edib ki, təhsil sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, nazirliyin təhsil məsələlərinə dair vacib hüquqi aktlarının ictimai müzakirəyə çıxarılması, nazirlik tərəfindən qərarlar qəbul edilərkən ictimai rəyin nəzərə alınması mexanizminin təkmilləşdirilməsi və nazirliyin fəaliyyətinin əsas istiqamətləri barədə ictimaiyyətin məlumatlandırılması Şuranın əsas vəzifələri sırasındadır.

Firudin Qurbanov çıxışının sonunda qurumun təhsilin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib və hər bir namizədə uğurlar arzulayıb.

 Təhsil nazirinin müşaviri Elnur Nəsibov da öz növbəsində İctimai Şuranın yaradılması istiqamətində nazirlik tərəfindən indiyədək görülən işlər barədə məlumat verib. Elnur Nəsibov bildirib ki, 1-28 oktyabr 2021-ci il tarixlərində İctimai Şuraya üzvlük üçün ümumilikdə 47 elektron müraciət daxil olub, onlardan 16 namizədin sənədləri elanın tələb və qaydalarına uyğun olduğu üçün müraciətinə müsbət rəy verilərək qeydiyyata alınıb. Həmçinin, sənəd qəbulu prosesi ərzində seçici kimi qeydiyyata alınmaq üçün ümumilikdə 167 müraciət daxil olub. Müraciət edən 60 vətəndaş cəmiyyəti institutu təmsilçilərinin sənədləri müvafiq tələblərə uyğun olduğu üçün müraciətlərə müsbət rəy verilərək qeydə alınıb.

Çıxış edən təhsil nazirinin müşaviri Simuzər Feyzullayeva seçiciləri seçkilərin keçirilməsi və səsvermə prosesinin qaydaları ilə tanış edib. 

Daha sonra səsvermə keçirilib.

Səsvermə nəticəsində seçicilərin yarısından çoxunun səslərini  toplayan 5 nəfər üzv seçilib. Boş qalan 4 yer üzrə təkrar seçkilərin keçirilməsi nəzərdə tutulur. Bildirək ki, Nazirlik yanında İctimai Şura üzvlərinin sayı həddi 9 nəfər müəyyən edilib.

Xəbər lenti