Logo

Təhsil sistemində ictimai şuralar lazımdır?!

27.11.2021 18:43 606 baxış
IMG

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu 2013-cü il 22 noyabr tarixdə qəbul edilmiş və 2014-cü il iyunun 1-dən qüvvəyə minmişdir. Qanunda vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumun – ictimai şuraların yaradılması nəzərdə tutulmuşdur. Bu qanunun 1.0.1.-ci maddəsində ictimai nəzarət həyata keçirilməsi nəzərdə tutulan mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdur. 

Azərbaycan Respublikası Prezidenti bu Qanunun tətbiqi barədə 2013-cü il 22 noyabr tarixli Fərmanında Qanunun 1.0.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidentinin həyata keçirtdiyi və fəaliyyətinə ictimai nəzarət ediləcək mərkəzi icra hakimiyyəti orqanları barədə təkliflərin Nazirlər Kabineti tərəfindən Prezidentə təqdim edilməsi nəzərdə tutulmuşdur.  Fərmanda o cümlədən Nazirlər Kabinetinin üzərinə qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsininin, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi qaydasının və  ictimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair əsasnamənin hazırlanması kimi vəzifələr də qoyulmuşdur. Lakin bildiyimiz kimi, Nazirlər Kabineti hazırlanamsı nəzərdə tutulan bu sənədlərdən yalnız birini - 2014-cü il 30 may tarixdə “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair əsasnamə”ni təsdiq etmişdir. Nazirlər Kabineti tərəfindən bu qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsininin, o cümlədən mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi qaydasını isə hələ də hazırlanmamışdır. Xüsusən mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi qaydası mövcud olmadan bu şuraların fəaliyyətinin təşkili məsələsinin heç bir hüquqi əsası ola bilməz. 

Fərmanda “İctimai iştirakçılıq haqqında” Qanunun 1.0.1.-ci maddəsində ictimai nəzarət həyata keçirilməsi nəzərdə tutulan mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Prezidentinin tərəfindən müəyyən edilməsi nəzərdə tutulsa da, Prezident tərəfindən bu orqanlar indiyədək müəyyən edilməmişdir. Belə olduğu halda bəzi dövlət qurumları haradan müəyyən ediblər ki, Azərbaycan Respublikasının Prezidenti məhz onların yanında ictimai şuraların yaradılmasını nəzərdə tutacaq və artıq onlar bunu yaradıblar? Məhz qeyd etdiyimiz hüquqi əsaslara görə indiyə qədər bəzi orqanlar yanında yaradılan ictimai şuraların indidən gedib yaradılmasının hüquqi əsası yoxdur. 

Yanlarında hüquqi əsası olmadan ictimai şura yaradılan dövlət qurumlarından biri də Təhsil Nazirliyidir. Güman etmək olar ki, Azərbaycan Respublikasının Prezidenti ictimai şuraların yaradılması nəzərdə tutulan mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının siyahısını hazırlasa burada Təhsil Nazirliyi yanında ictimai şuranın yaradılması nəzərdə tutulmayacaq. Çünki “Təhsil haqqında” Qanunun 3.0.2.-ci, o cümlədən “Ümumi təhsil haqqında” Qanunun 3.1.8-ci maddələrində təhsilin dövlət-ictimai əsaslarla təşkili nəzərdə tutulmuşdur. Əgər təhsil sistemində onun idarə edilməsi belə həm də ictimai xarakter daşıyırsa, orada ictimai şuraların yardılması absurddur. Təsadüfi deyil ki, hazırda ölkəmizdə ən demokratik idarəetmə təhsil sistemindədir.

Rabil ABDİNOV

Xəbər lenti