Logo

Təlimdə Qızıl Dairə modeli: 3N

01.12.2021 16:09 719 baxış
IMG

Qızıl dairə  modeli müxtəlif sahələrdə istifadə edilə bilən metoddur. Bu model layihə hazırlığında, biznes planların hazırlanmasında, oxuyub-anlamada, dinləyib-anlamada, tədqiqat işində, sorğu-sual prosesində, detektivlikdə, idarəetmədə və s. tətbiq edilə bilər. Model 3 hissədən ibarətdir: NİYƏ?, NECƏ? VƏ NƏ?

Martin Lüter Kinq, Rayt qardaşları, Simon Sinek və Stiv Cobs kimi əfsanəvi liderlər insanları motivasiya etmək üçün manipulyasiya əvəzinə, Qızıl dairə modelindən istifadə etməklə onları daha rahat həvəsləndirə bildiklərini izah ediblər.

Qızıl dairə - 3N (2W1H) metodunun layihə hazırlanmasında tətbiqi

Menecerlərin layihələri həyata keçirməklə bağlı əsas üstünlüklərdən biri güclü vizyon yarada bilmə bacarıqlarıdır. Layihənin məqsədini müəyyən etməklə, liderlər (menecerlər) komanda üzvlərinə əməkdaşlıq etməyə şərait yaradır, onlara istiqamət verir və komanda üzvlərinə inkişaf və böyümək üçün geniş imkanlar yaradırlar. Layihənin məqsədini düzgün anlamaq üçün ilk növbədə layihənin niyə (nə üçün) edildiyini cavablandırmaq lazımdır. Layihəni tanıtmağın bir neçə yolu var ki, onlardan biri sual verməkdir: NİYƏ? Yəni layihə NİYƏ yarandı?

Qızıl dairə modelini hazırlayan şəxs Britaniya və Amerika yazıçısı, marketinq məsləhətçisi Simon Sinek hesab edilir. Sinekə görə, hər bir təşkilat və lider NƏ etdiyini, bəziləri bunu NECƏ etdiyini, çox az bir qismi isə NİYƏ etdiyini bilir.  Sinekə görə çox az təşkilat və lider gördükləri işlərin NİYƏsini bilir. Sinek uğursuz təşkilatların və liderlərin düşüncə tərzinin NƏdən NİYƏyə doğru istiqamətləndiyini ifadə edir. Bunun əksinə olaraq, o daha ruhlandırıcı, uğurlu təşkilat və liderlərin Qızıl dairənin içərisindən  kənara, yəni NİYƏdən NƏyə doğru inkişaf etdiyini qeyd edir.

Modelin NƏ hissəsi adından da göründüyü kimi layihədə NƏ edildiyini, NƏdən bəhs edildiyini, NƏlərin əhatə edildiyini təsvir edir. 

Modelin NECƏ hissəsi layihənin hansı hissəsinin NECƏ həyata keçirildiyini, hadisələrin NECƏ cərəyan etdiyini təsvir edir. Modelin NİYƏ hissəsi isə layihənin məqsədini ifadə edir. Burada layihənin NİYƏ təzahür etdiyi aydın olur. Qeyd edə bilərik ki, NİYƏ sualı qarşıya çıxa biləcək digər sualların (nə vaxt?, harada? və s.) əksəriyyətinin cavabını müəyyənləşdirir.

Bir daha qeyd edək ki, Sinekə görə, NƏ etdiyini hər kəs, NECƏ etdiyini bəzi insanlar, NİYƏ etdiyini isə çox az adam bilir. Tam əminliklə deyə bilərik ki, NİYƏ sualı soruşulmaqla layihənin məqsədi, səbəbi və nəticəsi müəyyənləşdirilə bilər. 

Qeyd edildiyi kimi, NİYƏ layihənin məqsədi, ideyası və nəticəsidir. NECƏ isə layihənin hərəkətlər hissəsidir. Bununla belə, NƏlər NECƏlərin nəticələridir. Komanda üzvlərini NƏ etdikləri deyil, NİYƏ etdikləri daha çox motivasiya edir. İnsanlar NİYƏni bildikləri andan etibarən NƏləri etməli olduqlarının ardıcıllığını fikirləşməyə başlayırlar.  NƏlər ardıcıl olduqda, liderin ilhamlandırdığı insanlar çox güman ki, layihənin məqsədinə, yəni NİYƏsinə daha çox  inanacaqlar.

Qızıl dairə - 3N (2W1H) modelindən problem həlletmədə istifadə etmək mümkündür. Bu model Sizə problemi dəqiq və aydın şəkildə müəyyənləşdirməyə, həmçinin problemin mahiyyətini dərk etməyə kömək edə bilər. Bu da problem haqqında səmərəli düşünməyə və problemi həll etməyə müsbət təsir edəcək.

Qızıl dairə - 3N (2W1H) modelinin oxuyub-anlama və dinləyib-anlamada tətbiqi

Qızıl dairə - 3N (2W1H) texnikası ilə dinləyib-anlama və ya oxuyub-anlama bacarığını şagirddə formalaşdırmaq olduqca səmərəli təlim üsuludur. Bu üsul anlama üçün bütün növ mətnlərdə: bədii, elmi, publisistik və s. vasitəçi ola bilər. Qeyd etmək lazımdır ki, məntiqi təfəkkürü inkişaf etdirən suallar içərisində ən əhəmiyyətlisi NİYƏ və NECƏ suallarıdır. Mətnin qavranılması üçün oxuyub və dinləyib anlamada  ilkin olaraq aşağıdakı sualların cavabını tapmaq şərtdir:

  • Mətndə təsvir edilən hadisə niyə baş verdi?
  • Mətndəki hadisələr necə baş verdi?
  • Mətndə mövzu nədir?

Əksər insanlar oxuyarkən həmişə bu fikirdə olurlar ki, oxuduqları kitabın bütün məzmununu çərçivəyə uyğun olaraq yadda saxlamalıdırlar.  Yadda saxlamaq duyğusu oxuma zövqünü azaldır. Mətnin süjet xəttinə uyğun olaraq hadisələrin  zehində təsvir edilməsini məhdudlaşdırır. Qızıl dairə - 3N (2W1H) texnikası mətndəki hadisələri qruplaşdırmağı öyrədir. Belə ki, mətndə hadisələrin baş verməsinin NİYƏsi özü-özlüyündə hadisələrin baş verməsinin NECƏsini aydınlaşdırmış olur. NİYƏ və NECƏ sualları isə mətndəki NƏləri, yəni detalları təyin etmiş olur.

Qızıl dairə - 3N (2W1H) üsulu  həm də ünsiyyət texnikasıdır. İdeyalarımızı çeşidləmək və sonra kommunikasiya məzmununun strukturunu qurmaq üçün Qızıl dairə - 3N (2W1H) modelindən istifadə edə bilərik. Bu modeldən istifadə etməklə biz öz fikirlərimizi və ideyalarımızı aydın şəkildə çatdıra və bununla da ünsiyyətin səmərəliliyini artıra bilərik.

Elxan Nəcəfov,

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri

İstifadə edilən mənbələr:

1. Simon Sinek. “Niyə ilə başla” Qanun nəşriyyatı. Bakı. 2021

2. http://apppm.man.dtu.dk/index.php/Why,_How,_What_(The_Golden_Circle_Model)

3. https://inf.news/en/career/9b6aca25f33fa4ed9deeb6d8ef358f8d.html

Xəbər lenti