Logo

“Vərqa və Gülşa” miniatür əlyazma kitabındakı illüstrasiyaların toplandığı nəşrin təqdimatı keçirilib

02.12.2021 12:40 338 baxış
IMG

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 1-də Milli İncəsənət Muzeyində Azərbaycan miniatür sənətinin nadir nümunələrindən olan “Vərqa və Gülşa” miniatür əlyazma kitabında yer alan 71 illüstrasiyanın ölkəmizdə ilk dəfə kitab halında nəşrinin təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, kitab-albom Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə yüksək poliqrafik səviyyədə çap olunub.

Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev çıxış edərək muzeyin yeni istifadəyə verilən milli üslubda dizayn edilmiş hücrəsində ilk tədbirin məhz miniatür sənətinə həsr olunmasından məmnunluğunu ifadə edib. Bildirib ki, dünyanın ən mötəbər kitabxana və muzeylərində qorunan mədəni dəyərlərimizlə tanış olmaq imkanı, təəssüf ki, hər kəsə nəsib olmur. Bu zaman nəşr olunan kitab və albomlar köməyimizə gəlir.

Qeyd olunub ki, Azərbaycan miniatür məktəbinin nümayəndəsi Əbdülmömin Məhəmməd əl-Xoyinin İstanbulun Topqapı Sarayı Muzeyində qorunan “Vərqa və Gülşa” əsərinə çəkdiyi 71 miniatürün tam cəmləşdiyi və ilk dəfə kompleks şəkildə nəşr edildiyi bu fundamental kitab mədəniyyətimiz üçün böyük töhfədir. Yaxın və Orta Şərq incəsənətinin ən qədim miniatürlərinə həsr olunan bu nəşr sayəsində XIII əsr Azərbaycan təsviri sənəti və onun sonrakı inkişafı haqqında dolğun təsəvvür əldə etmək imkanı yaranır.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov deyib ki, Azərbaycan təsviri sənətinin maraqlı sahələrindən biri də miniatürdür. Miniatürlər sanki o dövrün kino mədəniyyətidir. Bu sənətin Orta əsrlərdə belə yüksək səviyyədə inkişaf etməsi fəxarət hissi doğurur. Gələcəkdə bu kitabın daha geniş təbliği diqqətdə saxlanılmalıdır.

Nazir bildirib ki, 2020-ci il dekabrın 16-da Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi müzakirə olunub və bu mədəni element UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbulu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Mədəniyyət və Xarici İşlər nazirlikləri, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub. Nazir həmçinin diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi “Nizami ili” çərçivəsində dahi şairin “Xəmsə”si əsasında hazırlanan miniatürlərdən ibarət kitabın nəşrini də həyata keçirəcək.

Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, akademik Rafael Hüseynov vurğulayıb ki, XIII yüzillikdə Orta Şərqdə miniatür sənətinin inkişafı başlayıb və bu inkişafın önündə gedənlərdən biri Azərbaycan olub. Əbdülmömin Məhəmməd əl-Xoyinin XIII əsrdə çəkdiyi miniatürlər “Vərqa və Gülşa” əsərini bəzəyir və bununla da yalnız Azərbaycanın deyil, Yaxın və Orta Şərqin baharı başlanır.

Kitabın əhəmiyyətini qeyd edən akademik deyib: “Azərbaycan miniatür sənətinin dünyaya bəxş etdiyi bir çox incilərin toplandığı bu kitab hər bir azərbaycanlının, o cümlədən sənətşünasların sevimli nəşrləri sırasında olacaq. Kitab özü sənət əsəri kimi, poliqrafiyası, nəşr xüsusiyyətləri ilə diqqəti cəlb edir”.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə bildirib ki, miniatür sənəti Azərbaycan mədəniyyətinin incisidir: “Bu kitabın təqdimat mərasimi Azərbaycanın həm mədəni həyatında, həm də sənətşünaslıq elmində böyük hadisədir”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev belə kitabların nəşr olunmasını mədəniyyətimizin səviyyəsinin göstəricisi olduğunu bildirib.

Memarlar İttifaqının sədri Elbay Qasımzadə kitabın əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, Çingiz Fərzəliyevin çoxsaylı layihə və təşəbbüsləri mədəniyyətimizin gələcək nəsillərə ötürülməsi və təbliği baxımından diqqətəlayiqdir.

Tbilisi Dövlət Muzeyinin direktoru İrina Koşoridze müəllifi təbrik edərək miniatür sənəti və Şərq ədəbiyyatı ilə bağlı düşüncələrini bölüşüb.

Sonda Çingiz Fərzəliyev təqdimata qatılan qonaqlara minnətdarlığını ifadə edib.

Xəbər lenti