Logo

Yeni nəşr: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”

06.12.2021 14:09 819 baxış
IMG

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədlinin “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” kitabı çap olunub.

İnstitutdan bildirilib ki, kitabın elmi redaktoru akademik Nizami Cəfərov, məsləhətçisi akademik Möhsün Nağısoylu, rəyçiləri Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov, filologiya elmləri doktoru, professor Rüfət Rüstəmov, filologiya elmləri doktoru Lalə Əlizadə, filologiya üzrə fəlsəfə doktorları Salatın Əhmədova və Akif Hacıyevdir.

Əsərin birinci fəsli “İşgüzar kommunikasiya” adlanır. Bu fəsildə işgüzar kommunikasiyanın verbal və qeyri-verbal formaları, norma və prinsipləri, işgüzar ünsiyyətdə danışmaq və dinləmək bacarığı, onlayn işgüzar kommunikasiya araşdırılıb.

“Akademik kommunikasiya” adlanan ikinci fəsildə şifahi və yazılı akademik kommunikasiya, akademik yazı qaydaları, tələbələrdə tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması məsələləri təhlil edilib.

Üçüncü fəsil “İşgüzar və akademik kommunikasiyada nitq mədəniyyəti. Punktuasiya problemi” adlanır. Bu fəsildə isə mədəniyyət anlayışı, nitq mədəniyyəti konsepsiyası, norma və variantlılıq, durğu işarələri haqqında geniş məlumat öz əksini tapıb.

Dördüncü fəsildə Azərbaycan dilinin funksional üslublarının dildəki funksiyasından bəhs edilir.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabdan ali məktəb müəllimləri və tələbələri istifadə edə bilərlər.

Xəbər lenti