Logo

“Alqoritmika-rəqəmsal bacarıqların inkişafı” layihəsinə yekun vurulub

29.06.2022 12:55 235 baxış
IMG

Təhsil Nazirliyi və “Alqoritmika” şirkətinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri üçün həyata keçirilən “Alqoritmika-rəqəmsal bacarıqların inkişafı” layihəsi başa çatıb.

Tehsil.biz xəbər verir ki, iyunun 29-da ADPU-da layihənin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən rektor Cəfər Cəfərov “Alqoritmika-rəqəmsal bacarıqların inkişafı” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib. Rektor qeyd edib ki, bu məqsədlə Təhsil Nazirliyi tərəfindən ADPU-nun kompüter laboratoriyalarına 120 notbuk və 35 fərdi kompüter dəsti hədiyyə olunub. Layihə çərçivəsində 300 tələbə arasından 160-ı təlim keçmək üçün seçilib. Təlimlərə informatika, riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə təhsil alan IV-V kurs tələbələri, o cümlədən “SABAH” qruplarının tələbələri cəlb olunub.

Təlimlərin təşkili üçün “Alqoritmika” beynəlxalq məktəbi universitetin müvafiq kafedraları ilə birgə razılaşdırılmış təlim modulları hazırlayıb. Layihə çərçivəsində informatika kabinetləri yaradılaraq ən müasir kompüter və digər zəruri texniki avadanlıqla təchiz edilib.

Təhsil naziri Emin Əmrullayev layihə çərçivəsində uğurlu nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. Nazır qeyd edib ki, təlimlərin keçirilməsində əsas məqsəd tələbələr arasında məktəblərdə informatika fənninin tədrisi üçün ixtisaslı kadrların hazırlanması, onlarda proqramlaşdırma, kodlaşdırma və digər bu kimi bilik və bacarıqların aşılanmasıdır.

Tədbirdə layihə ilə bağlı videofilm nümayiş olunub.

Sonda tələbələrə sertifikat verilib.

Xəbər lenti