Logo

BİRİNCİ SİNFƏ QƏBUL ZİLLƏTİ - 2, 5, hətta 10 minə çatan qiymətlər...

13.07.2022 09:20 410 baxış
IMG

Bir çox sahələrdə elektron xidmətlərin tətbiqi subyektiv amilləri, neqativ halları aradan qaldırsa da, bunu hər sahəyə şamil etmək mümkün deyil. Məsələn, ölkənin orta məktəblərinin birinci sinfinə qəbulda da vəziyyət ürəkaçan deyil.

Təhsildə islahatçılıq yolu tutan Mikayıl Cabbarovun komandası tərəfindən tətbiq olunan və təhsil sahəsinə o zaman rəhbərlik edənlərin uğurlu addımı kimi təqdir olunan elektron qeydiyyat sistemi, təəssüf ki, son illərdə kimlərinsə maraqlarını təmin edən mexanizm kimi özünü göstərir. Sonradan görən, layiq olmadığı halda süni dəstəklər, qaranlıq yaxınlıqlar hesabına vəzifə tapanlar özlərini ali hökm sahibi hesab edirlər...

2016-cı ildən tətbiq olunan elektron sistemin uğurundan bəhrələnmək istəyənlər sonrakı illərdə, xüsusən də axır 2 ildə istəklərinə tam nail olublar. Elektron qeydiyyat oyununun şəffaflıq parıltısı o həddə çatıb ki, artıq valideynlərin də "gözü qamaşır". Bu işə rəhbərlik edənlərin xeyir-duası ilə bir çox işbazların qoyduğu qiymətlər dəhşət saçır. 1000, 2000, 5000, hətta 10000 manat qarşılığında süni yaradılmış elektron sədləri aşmağın mümkünlüyü heç kimə sirr deyil. Rəsmi qurumlara haqlı müraciət və etirazlar da qulaqardına vurulur. Bu qədər laqeyd və vətəndaşa etinasız münasibət sərgiləyən məmurlara DUR(!) deyən isə yoxdur...

Ölkənin böyük şəhərlərindəki prestijli orta məktəblərə, liseylərə şagird qəbulu haqqında sosial şəbəkələrdə, televiziya və elektron mediada olan məlumatların qısa araşdırması real vəziyyətin nə qədər ürəkbulandırıcı olduğunu aydınca ortaya qoyur. Bakı, Gəncə və digər şəhərlərdəki lisey və prestijli orta məktəblərə l sinfə qəbul üçün dəllalların qoyduğu qiymətlər hamıya bəllidir.

Bugünlərdə təsadüfi bir görüş əsnasında Bakı Şəhəri Təhsil İdarəsinin qarşısındakı çək-çeviri görəndə bir daha l sinfə qəbul oyunlarının nəyə xidmət etdiyinə əmin olduq. Vətəndaş qəbulu şöbəsinin ətrafındakı qələbəlik diqqətimi çəkdi. Yaxınlaşdım, günün altında növbə gözləyən insanlarla söhbətləşdik. Adamlar sözün bütün anlamında qan ağlayır, dad-aman edirlər.

Dedilər ki, vətəndaş qəbulu şöbəsinin içərisində gözləməyə şərait olsa da, rəhbərliyin göstərişi ilə polis onları içəri buraxmır. Açığı, inanmaq istəmədik, ancaq vətəndaşlara qarşı kobud, canüzən münasibəti özümüz də gördükdən sonra buna əmin olduq.

Valideynlər, yaşlı insanlar onu da bildirdilər ki, onların evinə yaxın məktəbə himayə ilə kənardan övladını yazdıranlar olsa da, onlara yox cavabı verilir. Tanıdıqları adamlar bunun maddiyyat qarşılığında olduğunu desələr də, onlar buna imkanlarının yetmədiyini söylədilər. Hətta 1 övladı oxuyan məktəbə 2-ci övladını yazdıra bilməyən əlacsız valideynlərin gün altında yanan ümidsiz çöhrələri bizi xeyli pərişan etdi.

146 qaynar xəttinə isə bir düşən sevinir, bir də onlardan başa düşülən, məntiqli cavab alan. Bütün zənglərə aydın olmayan, ümumi cavablar hamını təngə gətirib.

Bu qədər zülm-zillətlə məktəb davası aparan, maraqlarından o tərəfi görmək istəməyən məmurların özbaşınalığına sinə gərən valideynlərin övladlarının təhsili üçün apardığı mücadilə həqiqətən alqışa layiqdir. Dövlətin məktəbinə ağalıq, maraq gözü ilə baxanlar heç Konstitusiyanı açıb oxuyublarmı? Cənablar, kondisioner altında, rahat kresloda oturub, vətəndaşı 9 qapı aralıda gün altında yandırıb-yaxan xanımlar və bəylər, hörmətli rəhbər müəllimlər, Ana Qanunda hər kəsin icbari təhsil hüququ var. Bunun qarantı da dövlətdir. Siz kimə qarşı çıxırsınız, vətəndaşa, yoxsa dövlətə qarşı?!

Unutmayın, sizin kimi "qanun-qayda" arxasında gizlənib millətə zülm edənlərin aqibəti yaxşı olmur. Son illərdəki görüntülü əməliyyatlar dərs olmadımı?...

Məsələ ilə bağlı müvafiq qurumların münasibəti maraqlı və faydalı olardı. Vətəndaş qəbulu şöbəsində qəbul olunmayan, şablon cavablarla yola verilən valideynlər də, bəlkə, dərdlərinə bir çarə tapa bilərlər...

Xəbər lenti