Kulis.az İkinci Dünya müharibəsi vaxtı kitabxana yaradan yəhudi qadın haqqında maraqlı məlumatı diqqətinizə çatdırır.
Faşistlər 1939-cu ilin sentyabrında Varşavanı işğal edəndə kitabxanalara girişi məhdudlaşdıran qanunlar qəbul edildi. Yəhudi məhəllələrində kitabxanalar bağlandı və yəhudilərə ictimai kitabxanalardan istifadə qadağan edildi.
1940-cı ilin payızında təxminən yarım milyon Polşa yəhudisi şəhərin yalnız 2,4%-ni əhatə edən on metrlik kərpic divarlarla əhatə olunmuş gettoda məskunlaşdı. Burada rəsmi gündəlik rasion qeydlərinə görə, adambaşına gündə 184 kalorilik qida çatdırılırdı. Nəticədə iki ildən az müddətdə təxminən 83.000 adam aclıqdan öldü. 1942-ci ilin yayında qalanlar Treblinka qırğın düşərgəsinə sürgün edildi.
Gettodakı bir çox yəhudi liderləri və yardım təşkilatları həddindən artıq sıxlıq, aclıq və Polşanın sərt soyuğuna tab gətirmək məqsədilə yemək, geyim və sığınacaq təmin etmək üçün mübarizə apararkən, başqa bir “aclığa” çarə axtaranlar da var idi.
Basia Berman müharibədən əvvəl Varşava Xalq Kitabxanasında işləyən yəhudi kitabxanaçılardan biri idi. Gettoya giriş-çıxış bağlanmazdan əvvəl o, çamadanına yığdığı kitablarla səyyar kitabxana yaratmış və kitabları evsiz uşaqlara paylamışdı.
1940-cı ilin noyabrında Varşava gettosu möhürləndikdə, Varşava Xalq Kitabxanasının Leszno küçəsi 67 ünvanında yerləşən filialı da getto sərhədlərinə daxil edildi və kitabxana evakuasiya olunmağa məcbur oldu. “Centos Uşaq Birliyi” adı ilə binadan istifadəyə icazə almağı bacaran Berman orada gizli şəkildə uşaqlar üçün yeraltı kitabxana yaratdı.
Onun kolleksiyasındakı kitabların çoxunu müharibədən əvvəl Vilnada fəaliyyət göstərən “Tomor” nəşriyyatının yaradıcısı Lejb Szur alıb. Szur 56 Leszno küçəsindəki mənzilində 20.000-ə yaxın kitab saxlayıb və onların məhv edilməsinin qarşısını alıb. O, tez-tez öz kolleksiyasından olan kitabları Basia Bermanın kitabxanasına bağışlayırdı. Lejb Szur 1942-ci ildə deportasiya zamanı intihar etdi.
Berman, ivrit və polyak kitabları xəzinəsini gizlətmək üçün otaqları kuklalar, sadə şəkilli kitablar və kağız bəzəklərlə təchiz etməklə uşaq kitabxanası görkəmini verdi. Kitabxanada vaxtaşırı mütaliələr, müzakirələr, konfranslar da keçirilirdi.
Avropa yəhudiləri arasında ivrit mədəniyyətinin yoxa çıxmasına müqavimət göstərmək üçün Berman uşaqları dərindən oxumağa, öz ədəbiyyatı, dili və mədəniyyəti ilə tanış olmağa təşviq etdi. O, uşaqlara biri ivrit, digəri polyak dilində iki kitab verirdi. Çoxları üçün bu, ivrit dilini oxumaq və ibrani əlifbasını öyrənməklə bağlı ilk təcrübə idi.
2012-ci ildə nəşr olunan xatirə kitabında Berman deyirdi: "O dəhşətli vaxtlarda uşaqların göstərdiyi biliyə təşnəlik, həqiqətən də, gözəl idi. Kitab çörək kimi həyati ehtiyaca çevrilmişdi".
Borc verdiyi kitabların çoxu geri qaytarılmayıb. Onlar uşaqlarla birlikdə ölüm düşərgələrinə aparılıblar.
1941-ci ildə Varşava Gettosunun Yəhudi Şurası Yudenrata faşist hakimiyyəti tərəfindən kitabxana yaratmaq, lakin, yalnız ivrit və polyak kitabları ilə məhdudlaşan kitablar yaymaq icazəsi verildi. O vaxta qədər isə Berman kitabları uşaqlara gizli şəkildə verirdi.
Berman və əri Adolf 1942-ci ilin sentyabrında gettodan qaçdılar. Müharibədən sonra Berman Polşadakı dağıdılmış yəhudi kitabxanalarından kitablar toplayır, bəziləri Varşavada qalır, digərləri isə İsrail Milli Kitabxanasına göndərilir.
Varşava gettosunda yeraltı kitabxanaçı kimi Berman faşistlərə incə, lakin cəsarətli bir müqavimət göstərdi. İnsanlığı qeyri-insani reallığın ortasında qorumağın yolu kitablar idi.