Kulis.az Filologiya üzrə fəlsəfə doktoru Akif Azalpın “Əmrə Yunis adı və Əbrəqunis toponimi” yazısını təqdim edir.
Keçən il vəfatının 700 illiyi beynəlxalq miqyasda qeyd olunan dahi türk şairi və mütəfəkkiri Yunis Əmrənin bütün dünyada ən çox oxunan və sevilən Şərq şairlərindən biri olduğu hamımıza yaxşı məlumdur. Onun yubiley ilinin öz vaxtında YUNESKO tərəfindən “Yunis Əmrə–Sevgi ili” kimi elan edilməsi də məhz böyük ozan yaradıcılığının ümumbəşəri əhəmiyyətindən və miqyasından qaynaqlanır.
Yeri gəlmişkən, əsas məsələyə keçməzdən öncə Yunis Əmrənin tərcümeyi-halı ilə bağlı bir yeniliyə də diqqəti çəkmək məqsədəuyğun olardı. Məlumdur ki, dahi ozanın və görkəmli mütəsəvvifin doğum və vəfat illəri hardasa əsr yarımlıq böyük bir fərq ilə (XIII əsrin birinci yarısından XIV əsrin sonlarına qədər) ən tanınmış türk ədəbiyyatşünasları və Avropa tədqiqatçıları arasında qızğın mübahisələrə səbəb olmuşdur. Nəhayət, Bayazid kitabxanasından tapılan qədim bir əlyazmasının "...Yunus hicri 720 tarixində 82 yaşında ikən vəfat etmişdir" kimi məlumatına əsasən (Baxılsın: Banarlı N.S. Rəsimli Türk ədəbiyyatı tarixi, iki cilddə, I cild, İstanbul, Milli Eyitim Basımevi, 2001, s.327) ulu şairin vəfat sənəsi miladi təqvimlə 1320–1321-ci illərə, doğum sənəsi isə müxtəlif hesablamalara görə, çeşidli kitablarda gah 1238, gah da 1241-ci ilə aid edilsə də, göründüyü kimi, mübahisəli məqamlara hələ də nöqtə qoyulmamışdır.
Halbuki klassiklərimizin naməlum, yaxud mübahisəli doğum sənələrini onların öz dillərindən səslənən “maddeyi-tarix”lər əsasında müəyyənləşdirmək üçün uzun müddətdən bəri üzərində çalışdığımız “kəsişən əbcədlər” üsulunun tətbiqi Məhəmməd Füzulinin (1492, 23 oktyabr), Aşıq Qurbaninin (1498), Aşıq Abbas Tufarqanlının (1630), Sarı Aşığın (1659) və başqalarının doğum tarixlərinə aydınlıq gətirdiyi kimi, Yunis Əmrənin də anadan olduğu ili dəqiqləşdirməyə qadirdir. Bu baxımdan, azman ozanın şah əsərlərindən olan “Salam olsun!” gəraylısının sonuncu bəndinə diqqət kəsilmək kifayətdir:
Dərviş Yunis söylər sözü,
Yaş doludur iki gözü.
Bilməyən nə bilsin bizi,
Bilənlərə salam olsun!
Üçüncü və dördüncü misralarda müəllifin öz doğum ilinə dair örtülü tarix maddəsinə gizli işarə vurduğunu nəzərə alıb, ozan-aşıq şeirinin ənənəsinə uyğun olaraq, təxəllüsün işləndiyi “Dərviş Yunis” ifadəsinə diqqəti yönəldirik və ərəb əlifbasına mənsub hərflərin say qiyməti ilə həmin ifadənin əbcəd hesabını çıxarırıq:
“dal(4)”+“re(200)”+“vav(6)”+“ya(10)”+“şin(300)”+“ya(10)“+“vav(6)”+ “nun(50)”+“sin(60)”=646.
Bu rəqəmin eyni məqsədə yönlənmiş başqa bir “maddeyi-tarix”in əbcəd nəticəsi ilə kəsişməsi, yəni üst-üstə düşməsi isə Yunis Əmrənin hicri tarixlə 646-cı ildə doğulduğuna artıq heç bir şübhə yeri qoymur. Beləliklə, şairin vəfat tarixini hicri 720-ci il kimi vurğulayan qədim mənbənin məlumatını da etibarlı saysaq və hicri-miladı təqvimləri çevirmələr üzrə ən yayğın sinxron cədvəllərin göstəricilərinə görə, hicri 646 (miladı 1248-49) və 720-ci (miladi 1320-21) illərin çox hissəsinin müvafiq olaraq mötərizədə göstərilən sənələrdən hansına uyğun gəldiyini nəzərə alsaq, Yunis Əmrənin miladi təqvimlə 1248-ci ildə doğulduğu və 1320-ci ildə (amma 82 yaşında deyil, 73 yaşında!) vəfat etdiyi aydınlaşmış olur.
Bizi ən çox maraqlandıran və tədqiqatımızın sərlövhəsinə çıxarılan əsas mətləbə gəlsək, üzərində uzun müddət müşahidə apardığımız və dönə-dönə əmin olduğumuz üçün dəlil və təhlilləri qabaqlayıb, artıq dərin inamla söyləyə bilərik ki, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun böyük kəndlərindən birinin (1930–1948-ci illərdə isə ayrıca rayonun və rayon mərkəzinin) adı olan Azərbaycan-türk kökənli məşhur Əbrəqunis toponimi Əmrəyunis ad birləşməsinin təhrif olunmuş şəkilindən başqa bir şey deyildir! Təhrif isə ayrı-ayrı vaxtlarda biri-birindən fərqli iki səbəb ucbatından baş verə bilərdi: ya XIX əsrin birinci yarısında yeni müstəmləkə yerləri və sakinlərinin Rusiya üsuli-idarəsi tərəfindən siyahıya alınması və sənədləşdirilməsi zamanı, ya da yüzilliklər ərzində xalq tələffüzündə “Əmrəyunis” ad birləşməsindəki “m” və “y” samitlərinin səsdəyişməyə (bu cür əvəzlənmənin türk dillərinə nə dərəcədə xaslığını yaxından müşahidə üçün müqayisə edin: mən-ben; bəy-beq və s.) uğraması nəticəsində.
Məsələnin mahiyyətinə doğru irəliləyərkən ilk təbii və məntiqli sualla qarşılaşırıq: sözügedən məşhur yaşayış məntəqəsinin adı, yəni “Əbrəqunis” niyə böyük tarixi şəxsiyyət adının yazılı mənbələrdə və kitablarda geniş yayılmış “Yunis Əmrə” şəkilindən deyil, məhz “Əmrə Yunis” şəkilindən götürülüb?!
Bu sualın ən qısa cavabı belədir ki, nə qədər qəribə olsa da, az-az hallarda rast gəlindiyi kimi, bu səfər də tarixi gerçəyi və ardıcıllığı yazılı təzkirələrdən və tədqiqatlardan fərqli olaraq, məhz şifahi ənənə və qədim yaşayış məskəninin adı qoruyub saxlamışdır. Çünki mənası və etimologiyası hələ ki tam aydın olmayan Əmrə ismi sözügedən böyük şairin adı, öz dərin məcazi mənası və sufiyanə məzmunu ilə naqqa balığının qarnında bütün dənizləri gəzən peyğəmbərin adından götürülmüş Yunis (“Yunis ilə balıq bəni çəkdi dəmə, yutdu belə”) isə təxəllüsüdür. Dahi ozanın əksər şeirlərinin möhürbəndində məhz Yunis məxləsinin işlədilməsi də bu mülahizənin ən parlaq və təkzibolunmaz dəlilidir.
Haqqındakı yazılı mənbələrdə çox vaxt Yunis təxəllüsünün Əmrə adından qabağa keçməsi isə, hər şeydən öncə, Anadolu ədəbi-irfani mühitində və sufi-dərviş təkyələrində məşhurlaşdıqdan sonra onu öz mürşidi Tapdıq Əmrə ilə qarışdırmamaq üçün müasirlərinin və müridlərinin söz-söhbəti və sual-cavabı (“Hansı Əmrə? –Yunis Əmrə”, “Hansı Əmrəni? –Yunis Əmrəni”, “Hansı Əmrədən? –Yunis Əmrədən” və s.) əsasında yaranan ənənədən qaynaqlanır.
Haqq aşiqinin bir qəzəlinin sonuncu beytlərində öz adı və ləqəbi haqqında qiymətli bilgi verən misralarına (“Ol dost bana ümmi demiş, həm adumı Yunus qomış” və “Ümmi bənəm, Yunus bənəm, doqquz atam, dörtdür anam”) gəlsək, onların, əsasən, katiblər tərəfindən təhrif olunmuş əsl variantları (“Ol dost bana ümmi demiş, həm adımı Əmrə qomuş” və “Əmrə bənəm, Yunis bənəm, doqquz atam, dörddür anam”) tədqiqatımızın davamında ətraflı təhlil olunacaq.
Növbəti addımda araşdırmamızın mahiyyət baxımından əsas sualları ilə üz-üzə gəlirik: Əbrəqunis yaşayış məskəni Əmrə Yunis adını hansı münasibətlə götürüb və nə zamandan bəri daşıyır?! Bu sualların cavabında isə eyni dərəcədə tarixi və məntiqi əsasa söykənən iki mülahizəni irəli sürmək olar.
Birinci mülahizə. XIII əsrin əvvəllərindən etibarən, bir yandan, monqol işğallarının irfani dəyərləri sıxışdırması, ikinci yandan, Anadolunun Şərq və Qərb mədəniyyətlərinin təmas mərkəzlərindən birinə çevrilməsi yaxın ölkələrdən və bölgələrdən böyük istedad və təfəkkür sahiblərinin Kiçik Asiyaya üz tutmasına səbəb olmuşdu. Bu dövrdə Anadolu ədəbi-irfani mühitində yetkinləşən və bütün dünyanın tanıdığı kimi, heç şübhəsiz, Anadolu türk mədəniyyətinin nümayəndələri sayılan bir çox görkəmli simalardan bəzilərinin, məsələn, Yunis Əmrənin böyük müasirləri Cəlaləddin Rumi ilə Hacı Bəktaş Vəlinin Kiçik Asiyaya erkən yaşlarında başqa yerlərdən (müvafiq olaraq Bəlxdən və Nişapurdan) gəldikləri məlumdur. Belə olduğu təqdirdə, bəzi tədqiqatçılar tərəfindən sözügedən əbədi-itfanı mühitdə “gəlmə dərviş” sayılan Yunis Əmrənin də gənc yaşlarında və fitri istedadının “pir təlimi”nə təşnə çağlarında öz məşhur sələfi və gələcək mürşidi Tapdıq Əmrənin sorağını alıb, Anadoluya Naxçıvan bölgəsindən getməsi tamamilə təbii və ağlabatandır.
Digər tərəfdən, məşhurlaşdıqdan sonra özündən çıxan böyük şairin və övliyanın adını daşıyan Əbrəqunis yaşayış məskəni Əmrə Yunisə qədər də məskunlaşma baxımından beş min ildən artıq tarixi olan qədim Nuhçıxan bölgəsinin sayılıb-seçilən yerlərindən biri idi. Belə ki, kəndin əhatəsində olan üç nekropoldan ikisinin (I və II nekropolların) mütəxəssislər tərəfindən XIV-XVII əsrlərə aid edilməsi, onların birindən “... eramızdan əvvəlki 2-ci minilliyə aid daş qutu qəbirdən aypara formalı tunc sırğalar tapılması”, qəbirlərin baş daşlarının qiblə yönündə olması və s. bu kimi dəlillər (Baxılsın: Azərbaycan Sovet Ensiklopediyası, on cildlik, IV cild, Bakı,1980, s.129; Naxçıvan Ensiklopediyası, Bakı, 2002, s.115) Əbrəqunis yaşayış məskəninin öz əvvəlki qədim adını qoyub, Əmrə Yunis adını götürdüyünü göstərməkdədir. Bu isə yalnız və yalnız kənd əhalisinin Yunis Əmrə şəxsiyyətinə sonsuz ehtiramı və dərin etiqadı sayəsində baş verə bilərdi. Tarixdə də belə istisnalara yalnız böyük kəramətlər göstərən məşhur övliyalarla bağlı rast gəlinir. Məsələn, təsəvvüfdəki nəqşbəndilik təriqətinin banisi Bəhaəddin Nəqşbənd (XIV əsr) böyük şöhrət qazandıqdan sonra onun doğulduğu Qəsri-hinduvan (Buxara şəhəri yaxınlığında) övliyanın şərəfinə Qəsri-arifan adını götürmüşdü (Baxılsın: Nəvai Ə. İbrətli hekayətlər və xislətli hikmətlər, Daşkənd, “Səna-standart”, 2016, s.200-201).
Yuxarıdakı mülahizənin doğruluğuna dəlalət edən müəyyən izləri dahi şairin müxtəlif şeirlərinə mənsub ayrı-ayrı misralarda da müşahidə etmək mümkündür (məs.,“Oldum elimdən avara...”, “...yoldayam, ellərim hanı?”, “Bən bir əcəb elə gəldim...”, “Bən bu elə qərib gəldim...”, “Dost elində avarəyəm...” və s.) Bu kimi misallardan bəzilərində hətta “el” və “qərib” sözlərinin daha çox sufiyanə anlamda işlədilməsi belə onların müstəqim mənasından diqqəti yayındıra bilmir. Çox təəssüf ki, ən müxtəlif səbəblər üzündən Anadolu türk ədəbiyyatında Yunis Əmrə qədər, Azərbaycan ədəbiyyatında isə İmadəddin Nəsimi qədər əsərlərinin əlyazmaları və nəşrləri böyük təhriflərə və saysız xətalara məruz qalmış ikinci bir şairi tapmaq çətindir. Yunis Əmrə divanının başqa çoxsaylı nəşrləri bir tərəfə, hətta görkəmli mütəxəssis Əbdülbaqi Gölpınarlı tərəfindən nüfuzlu Fateh nüsxəsi əsasında hazırlanmış İstanbul nəşri (İstanbul–1965) və tənqidi mətni Mustafa Tatçı tərəfindən tərtib edilmiş Ankara nəşri (Ankara–1990) də əsasən müxtəlif səviyyəli katiblərdən və əlyazmalardan qaynaqlanan bu cür ziddiyyətlərdən xali deyildir. Belə olduğu təqdirdə, Yunis Əmrənin bəzi şeirlərinin şifahi yolla, yəni xalq arasında ustad sənətkar ənənələrini həvəslə davam etdirən aşıqların ifasında günümüzə gəlib çatan variantları bəzən daha etibarlı təsir bağışlayır. Bu baxımdan, bir tərəfi əsas mövzumuza birbaşa əlaqədar bir yığcam haşiyəyə burada ayrıca ehtiyac duyulur.
...Orta məktəbin yuxarı siniflərində oxuyarkən böyüklərə qoşulub dağ yolu ilə qədim Nuhçıxanın müqəddəs ocaqlarından sayılan Əshabi-Kəhf pirinə ziyarətə getmişdim. Yolda köçümüzə qoşulan ziyarətçilər arasından bir aşığın təsirli səslə və yanıqlı saz havası üstündə oxuduğu bir gəraylının aşağıdakı bəndi o andaca xəyalımı ovsunlayaraq, yaddaşıma həkk olunmuşdu:
...Uca dağların başında
Salxım-salxım dolan hava!
Saçın yayıb məndən yana,
Hönkür-hönkür ağlarmısan?!..
Amma başqa aşıqlardan (Aşıq Qurbani, Aşıq Abbas, Aşıq Ələsgər və s.) oxuduğu qoşma və gəraylılardan fərqli olaraq, həmin aşıq, nədənsə, bu gəraylının möhürbəndini oxumamışdı və müəllifinin adını çəkməmişdi. İndiki kimi yadımdadı, ziyarətdən sonra bir neçə ay ərzində məktəb və kənd kitabxanasındakı bütün aşıq kitablarını ələk-vələk eləmişdim, ancaq o gəraylının izini heç yerdən tapa bilmədiyim kimi, əzbər dediyim o ecazkar misraların müəllifi ilə bağlı sualıma da illər boyu heç kəsdən cavab ala bilməmişdim. Nəhayət, cavab olaraq Yunis Əmrə adını ilk dəfə unudulmaz Universitet müəllimim, professor Mir Cəlal Paşayevdən eşitmişdim.
Sonralar uzun illər ərzində Yunis Əmrə əsərlərinin çoxsaylı nəşrlərində rast gəldiyimiz həmin gəraylı bəndinin bir neçə sözlə fərqlənən müxtəlif variantlarından ən yayğını aşağıdakı kimidir:
Qarlı tağların başunda
Salqım-salqım olan bulut,
Saçun çözüb bənüm içün
Yaşın-yaşın ağlarmısın?
Araşdırmamızın əsas suallarına cavab olaraq bildirilən birinci mülahizənin sonunda bu haşiyəyə və bu misallara diqqəti çəkməklə bir də onu demək istəyirik ki, Yunis Əmrə əsərlərinin məruz qaldığı ciddi təhriflərlə və çoxsaylı xətalarla yanaşı, onun bir sıra məşhur və qiymətli şeirlərinin fərqli variantlara malik olması da izinə düşdüyümüz tarixi gərçəkliyin və elmi həqiqətin tam dolğunluğu ilə və təkzibolunmaz şəkildə ortaya çıxması üçün böyük çətinliklər yaradır.
İkinci mülahizə. Günü bu günə qədər də Yunis Əmrənin harada dəfn olunduğu dəqiq bilinmir. Böyük türk ədəbiyyatşünası və təsəvvüfşünası, professor Fuad Körpülü “Türk ədəbiyyatında ilk mütəsəvviflər” (1919) adlı fundamental tədqiqatında dahi şairin və məşhur övliyanın son mənzili kimi ehtimal olunan yerlərdən hər birinin, o cümlədən, Manisa vilayətindəki “Əmrə” adlı yetmiş evli bir köy”ün üzərində ayrıca dayanaraq, əsaslı və yazılı nişanə olmadığından bu variantların heç birini tam mənada inandırıcı və qənaətbəxş hesab eləmir (Baxılsın: Köprülü F. Türk ədəbiyyatında ilk mütəsəvviflər, Ankara, 1976, s.274-278).
Amma, nə qədər qəribə olsa da, Yunis Əmrənin dəfn yeri kimi təxmin edilən məkanların sayı getdikcə artmaqdadır. Bu haqda son məlumatlardan biri ilə tanınmış Azərbaycan folklorçusu Cəlal Bəydili (Məmmədov) tərəfindən “Yunis Əmrə. Əsərləri”nin (Bakı, “Şərq-Qərb”, 2009) yeni nəşrinə yazılmış ön sözün 5–6-cı səhifələrində tanış oluruq:”…Bir türkman dərvişi olan Yunus təkyələrdə yaşamış, şeyxlik dərəcəsinə çatıb zaviyələr qurmuşdu. Övliyalıq qatına yüksələn, sonralarsa həyatı əfsanələrə bürünən Yunusun Anadoluda on ayrı-ayrı yerdə məzarı olduğu söylənir (Belə ziyarət yerlərindən biri də Azərbaycanın Qax bölgəsində göstərilir).”
İndi, buyurun, siz özünüz deyin, möhtərəm oxucu! Əgər dahi şairin və böyük övliyanın doğum və dəfn yerləri ilə bağlı hələ də belə qeyri-müəyyənlik hökm sürürsə, onda nəyə görə əsrlər boyunca Əmrə Yunis adını daşıyan Əbrəqunis kəndi onun ilk və son mənzili, yəni həm doğum, həm dəfn məkanı kimi ehtimal olunmasın?!…
Üstəlik, talelərinin hökmü ilə öz doğulduğu məkanlardan uzaq düşmüş böyük sufilərin pirlər hüzurunda üzərlərinə düşən vəzifəni yerinə yetirdikdən sonra öz missiyasını başa çatdırmaq üçün yenidən doğma yerlərə dönüş ənənəsi artıq təsəvvüf tarixindən bizə bəllidir. Uzağa getmədən, elə Yunis Əmrənin özünə ustad saydığı (“Qul Əhmədin şagirdiyəm!”), türk dünyasının ilk görkəmli mütəsəvvifi Əhməd Yəssəvi (vəfatı – 1166; yaxınlığında doğulduğu və oxuduğu Yəssi – “yastı” şəhərinin adından alınan Yəssəvi –“Yəssili” ləqəbinin bir “s” ilə yazılması nə qədər geniş yayılsa da, ən azından qədim toponimin ilkin səs tərkibini təhrif etdiyi üçün yanlışdır) örnəyini götürək. Sufilik vergisini alandan sonra Yusif Həmədaninin (vəfatı–1140) sorağında Buxaraya üz tutmuş, uzun illər ondan dərs almış, mürşidinin ölümündən sonra xəlifəlik borcunu yerinə yetirmiş, axırda “şeyxül-məşayix”(“şeyxlər şeyxi”) kimi yenə doğma Yəssi (indiki Türküstan) şəhərinə qayıtmış və orada da vəfat etmişdir (Baxılsın: Kattayev K.Təsəvvüf əllamələri, Daşkənd, Qafur Qulam nəşriyyatı, 2017, s.11-12).
Odur ki, Əmrə Yunis qəbrinin izlərini başqa hər hansı məkana baxanda qədim Əbrəqunis nekropollarından arayıb-axtarmaq, fikrimizcə, daha məqsədəuyğundur və daha ciddi nəticələr verə bilər.
Tarix qatı açılmamış səhifələrlə və açılmaz sirlərə doludur. Kim bilir, bəlkə də, Fəzlüllah Nəiminin (1340–1394) son sığınacaq olaraq məhz Əbrəqunis yaxınlığındakı Əlincə qalasına pənah aparmağının bir səbəbi də elə Mənsur Həllacdan (vəfatı–922) dörd əsr sonra “Ənəl-həqq” nidasını yenidən dirildən Yunis Əmrəyə görə imiş?!... Belə müəmmalı məqamlar artıq adi tarixdən daha çox “metatarix” (A.Toynbi) əsintiləridir və onlara yalnız gələcək tədqiqatlar aydınlıq gətirə bilər.
Bizə isə sonda bir daha onu vurğulamaq lazım gəlir ki, hansı ehtimalın özünü nə dərəcədə doğruldacağından asılı olmayaraq, istənilən halda Əbrəqunis toponiminin əsrlər ərzində Əmrə Yunis adını daşıması “bir millət–iki dövlət” (Heydər Əliyev) olan Azərbaycanla Türkiyənin əzəli və əbədi birliyinin daha parlaq bir misalı və daha tutarlı bir dəlilidir.
12-31 dekabr 2021-ci il.