Mövcud startapların daha da təkmilləşib investisiyaya hazır hala gətirilməsi məqsədilə yaradılan “Sürət” akselerasiya proqramına müraciət qəbulu açıq elan olunur.
Tehsil.biz xəbər verir ki, dünyanın sahibkarlıq təhsili üzrə ən nüfuzlu təhsil müəssisələrindən biri olan IE Biznes Məktəbinin tərəfdaşlıq etdiyi “Sürət” proqramına Minimum Yaşam Qabiliyyətli Məhsulu (MVP) və formalaşmış komandası olan startaplar qəbul edilir. Proqrama qoşulmaq üçün digər tələb isə orta səviyyə ingilis dili biliyinin olmasıdır. Son müraciət qəbulu sentyabrın 15-dək nəzərdə tutulub.
Daha əvvəl “SABAH.lab” Akselerasiya Mərkəzi cari ilin fevral-mart aylarında da “Sürət” akselerasiya proqramına müraciət qəbul edib. Proqrama 50-dən çox komanda müraciəti daxil olsa da, yalnız 11 komanda seçilərək akselerasiyaya qoşulma imkanı qazanıb. Cari ilin aprel-iyul ayları ərzində rezidentlər MVP-ni daha da inkişaf etdirib və iyul ayının 18-də təşkil olunan ən böyük yerli startap və innovasiya tədbiri - “Baku ID”də öz startaplarını yerli və beynəlxalq investorlara təqdim ediblər. Hazırda həm yerli, həm də beynəlxalq investorlarla danışıqlar aparılır və bəzi komandalar artıq onlardan külli miqdarda investisiya cəlb etməyə müvəffəq olub.
“SABAH.lab” rezidentləri öz proqram təcrübələrini bölüşərək bildirirlər ki, “SABAH.lab”ın onların startaplarının şirkət kimi formalaşıb fəaliyyət göstərməsində böyük rolu olub və eyni zamanda, hər mərhələdə onların inkişafına dəstək göstərib. Hətta bəzilərinə “SABAH.lab”ın təmin etdiyi ekspert və mentor dəstəyi ideyanın istiqamətinin daha lazımi və tutarlı yöndə dəyişməsinə səbəb olub. Bu da sonda investorların diqqətini daha çox çəkərək investisiya cəlb etməyə gətirib çıxarıb. Rezidentlər dünyada tanınmış mentorlarla yanaşı, “SABAH.lab” komandasının da kömək etməkdən çəkinməməsini xüsusilə vurğulayırlar.
Bu dəfə “Sürət” proqramı öz konseptində bəzi dəyişikliklər edib. Startapları daha güclü şəkildə inkişaf etdirmək məqsədilə “SABAH.lab” proqramın müddətini 3 aydan 6 ayadək uzadıb. Proqramın müddətinin uzadılması ideya doğrulanması mərhələsinə də təsirsiz ötüşməyəcək. Bu dəfə rezident statusu qazanacaq olan startaplar ideyalarını doğrulamaq üçün daha çox vaxta sahib olacaqlar. Həmçinin “SABAH.lab” həm mələk, həm də müəssisə investorlarından ibarət şəbəkəsini genişləndirərək daha böyük investor şəbəkəsinə çıxış təmin edir. Əlavə olaraq, “SABAH.lab”ın proqram çərçivəsində ofis xidməti, maliyyə və hüquqi məsələlərdə dəstək, yerli və əcnəbi ekspertlərlə görüşlər kimi üstünlüklərlə təmin etməyə davam edir.
Proqrama qəbul üçün, ilk növbədə, müraciət forması doldurulur. “SABAH.lab” komandası müraciətləri nəzərdən keçirir və seçilən namizədlər komanda ilə müsahibəyə dəvət olunurlar. Bu mərhələdən uğurla keçən namizədlər “SABAH.lab” idarə heyəti və proqram tərəfdaşları ilə 2-ci müsahibə mərhələsində görüşəcəklər.
Uğurlu namizədlər “SABAH.lab”ın akselerasiya proqramına qoşulma imkanı əldə edəcəklər.
Proqram haqqında daha ətraflı məlumatla Təhsil İnstitutunun saytında tanış olmaq mümkündür.