Logo

"Doğma universitetimiz tələbələrinin şən səsini eşitmir" - BDU tələbəsi yazır...

05.02.2021 13:03 621 baxış
IMG

Yaşadığımız son ilə qədər hər ilin yanvar və iyun aylarında Bakı Dövlət Universitetinin auditoriyalarında həyəcanlı tələbələrin səsini eşidirdik. Bu, yazılı imtahan həyəcanı idi. Tələbələr əllərində mühazirə mətnləri imtahan otağında o başa bu başa gedər, imtahana qalan son dəqiqələrini dəyərləndirərək öyrəndiklərini təkrar edirdilər. Kimisi bir-birini sual-cavab edər, kimisi bir küncdə sakitcə oturub imtahanın başlamaısını gözləyər, kimisi isə qaçaraq otağa daxil olub, nəzarətçilərin gəldiyini tələbə yoldaşlarına xəbər verərdi.

 

Artıq ikinci semestrdir ki, doğma universitetimiz tələbələrinin şən səsini eşitmir. Səbəb isə hər kəsə məlum olan COVİD19 pandemiyasıdır. Bütün dünyanı bir anda lərzəyə salan bu virus ən birinci sağlamlığımızı, sonra yaxınlarımızı, daha sonra isə gündəlik həyatımızı əlimizdən almağı bacarıb.

 

Pandemiyanın əhəmiyyətli təsir göstərdiyi sahələrdən biri də əlbəttə ki, təhsildir. Məsafədən təhsil sistemi bir çox ölkələrdə aktual idi, ölkəmiz üçün isə bir yenilik idi. Belə bir şəraitdə distant təhsilə təcili keçid etmək çətin olsa da, həm məktəblilərin, tələbələrin, həm də müəllimlərin psixologiyasına mənfi təsir göstərsə də, tez bir zamanda hər birimiz bu prosesə uyğunlaşmağı bacardıq. Universitetimiz onlayn sistemə uğurlu keçid etdi, tələbə və müəllimlər mövcud vəziyyətə uyğun şəkildə tədris prosesini davam etdirdilər. Semestr dərslərində olduğu kimi, imtahanlar da onlayn formada keçirildi.

 

Artıq yanvar ayını bitirdik və tələbələr yekun imtahanlarını uğurla başa çatdırdılar. Bəzi tələbələrin hələ qarşıda çox imtahanları olacağı halda, bəziləri isə imtahanlarla həmişəlik vidalaşdılar. Onlayn imtahanlar universitetimiz üçün bir yenilik idi. Hər zaman yazılı şəkildə aparılan imtahanlar, bu dəfə şifahi formada həyata keçirildi. Buna baxmayaraq, həm professor-müəllim kollektivi, həm də tələbələr imtahanların öhdəsindən uğurla gəldilər. Universitet tərəfindən tələbələrə olunan güzəştlər də tələbələrin imtahanlara daha həvəs və maraqla hazırlaşmağına yardım etdi, onlara motivasiya verdi. Ənənəvi qaydada olduğu kimi, onlayn imtahanda da tələbələr bilet seçərək onlara ünvanlanan beş sualı şifahi qaydada cavablandırdılar, müəllimlər isə öz növbələrində cavablara uyğun qiymətləndirmələrini şəffaf şəkildə apardılar.

 

İnanırıq ki, bir əsrlik yaşı olan doğma universitetimiz tez bir zamanda tələbələrinə qovuşacaq - yenə müəllimlər auditoriyaya daxil olub mühazirələrini oxuyacaq, tələbələr dərsə gecikməmək üçün pilləkənləri qaçaraq çıxacaq, tənəffüs vaxtı hər kəs dəhlizə çıxıb dostları ilə söhbət edəcək, universitetimiz yenidən canlanacaq!

 

Leyla İlqar,

BDU-nun Jurnalistika fakültəsinin magistrantı

Xəbər lenti