Logo

Əbədi yaşarlar

07.10.2022 17:12 382 baxış
IMG

Heç bir insan bu dünyanın daimi sakini deyil. İnsan dünyaya gəlir, müəyyən inkişaf dövrü keçir və sonda həyata gözlərini yumur. Alimlər yüzillər boyunca ölümsüzlüyün sirrini öyrənməyə çalışsalar da indiyə kimi bunu tapmağa müvəffəq olmamışdırlar. Fiziki ölümsüzlüyün formulu bilinməsə də, mənəvi ölümsüzlüyün sirri bizə məlumdur. 

Hazırda dünyada gördüyü işlərə, insanlara, elmə və ya həyata verdiyi töhfələrə görə fiziki cəhətdən ölən, ancaq mənən yaşayan insanlar var. 

İnsan ona verilən həyatın önəmini dərk etməlidir. Çünki təxminən 4,5 milyard yaşı olan dünya üçün insan ömrü çox qısa bir müddətdir. Yaşadığın hər anın qiymətini bilməli, özünü inkişaf etdirməli və həyat adlı meydanda maneələrə qarşı mübarizə aparmalısan.

”Vaxt qızıldır” –zamanı dəyərini ölçmək üçün istifadə olunan ən məşhur cümlədir. Dünyada zamandan daha dəyərli olan hər hansı məfhum yoxdur. Buna görə də adına həyat dediyimiz, hər bir hissi böyük rəğbətlə yaşadığımız bu fani dünyada özümüzdən sonra iz qoymağı bacarmalıyıq. Amma bu iz bizi xoş xatırlayacaqları üçün əvəzsiz və müqayisəolunmaz olmalıdır.

Fikrimcə insan üçün ən acı sonluq məhz fiziki öldükdən sonra əbədi olaraq yaddaşlardan silinməsidir.

Vətən və xalqı üçün böyük xidmətlər göstərən insanlar əbədi yaşarlardır. 

Azərbaycanımızın əsrlər boyu formalaşan şanlı tarixində bu vətənin müstəqilliyi, suverenliyi, inkişafı uğrunda çarpışan, bu istiqamətdə böyük fəaliyyətləri olan bir çox həmvətənimiz olub. Bu insanlar heç vaxt unudulmur və unudulmayacaqdır.

Belə insanlardan biri hətta birincisi dahi öndər Heydər Əliyevdir. Ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi fəaliyyətlər əvəzsizdir. Böyük çətinliklərdən sonra qazanılan müstəqilliyimizin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. Xalqın tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyinin əbədi və sarsılmaz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Bu qayıdış Azərbaycanın çiçəklənmə dövrünün başlanmasına zəmin yaratdı. Ulu Öndər Heydər Əliyev vəfatından neçə illər keçməsinə baxmayaraq həmişə Azərbaycan xalqının yaddaşında unudulmaz izlərə sahib biri kimi qalır.

“Minlərlə can qurban oldu". 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinin şanlı zəfəri bizim üçün itkisiz ötüşmədi. Üç minə yaxın igid Azərbaycan əsgəri bu müqəddəs amal uğrunda öz canından keçdi. Həmçinin 2022-ci il 12 sentyabrda başlayan, hələ də “Məğlubedilməzlik” mifi ilə yaşayan düşmən təxribatları nəticəsində yüzə yaxın əsgərimiz şəhidlik məqamına ucaldı. Onlar öz doğmalarından – atasından, anasından , övladından, xanımından ayrı düşdülər. Övlad kədəri anaların saçlarını ağartdı, ürəyini dağladı, gözündə yaş qoymadı. Amma nə qədər kədərli olsalar da onların məsum gözlərində fərəh hissi duyulur. Çünki, “Torpaq uğrunda ölən varsa, Vətəndir”. Bu xalq bu torpaq uğrunda canını fəda edənləri heç vaxt unutmur və unutdurmur. Onlar və onların vətənpərvərlik ideaları bizlərin qəlbində daim yaşayır.

İnsan sadəcə öz şəxsi maraqlarını güdməməlidir. Xalqına, millətinə hər hansısa fayda verməyə çalışmalıdır. Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin xalqımız üçün gördüyü fəaliyyətlər bu deyilənlər üçün ən gözəl örnəkdir. Xalqa həm teatr, həm də müəlllimlik etməsinə baxmayaraq, o, daim daha çox xidmət etmənin yollarını axtararırdı. Zərdabi Azərbaycan dilində qəzetə ehtiyac duyulduğunun fərqində idi. Belə bir çətin ictimai - siyasi vəziyyətdə anadilli qəzetin çap olunması qeyri-mümkün görünürdü. Lakin Həsən bəy Zərdabinin böyük qətiyyəti və əzmkarlığı sayəsində 1875-ci il iyulun 22-də Bakıda ilk Azərbaycan dilli qəzet  olan “Əkinçi” çap olundu. Bu taximizdə cəmiyyətin maariflənməsi yolunda atılan ən böyük addımlardan biri hesab olunur. Bu gün demək olar ki, hər bir şəxs bu dahi ziyalımızın millətimiz üçün gördüyü işlərdən agahdır və mətbuatın adı çəkiləndə ilk ağıla gələn onun adı olur.

Xeyirxahlıq insana məxsus ən müsbət keyfiyyətlərdən biridir. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev xalqımız üçün gördüyü xeyriyyə işləri ilə daim xatırlanır. O, maddi cəhətdən imkansız ailələrə yardım edib, öz şəxsi büdcəsi hesabına hər il 20 tələbəni xaricə oxumağa göndərib, xalqın savadlanmasında böyük rolu olan bir çox məktəb tikdirmişdir. Tağıyev bu xeyriyyəçilikləri edərkən heç bir qarşılıq gözləmirdi, onun məqsədi xaqlının çətin günündə yanında olmaq və onlara əlindən gəldiyi qədər kömək etmək idi.

Elə yaşamalısan ki, sağlığında qiymət versinlər. Ən əsası elə dünyadan köçəndən sonra da Rəsul Rza deyimi ilə “Çinar kimi” iz qoyaq. Mərdlik , əzilməzlik mücəssəməsi kimi...

Nahid Xəlilov,

BDU-nun Jurnalistika fakültəsinin birinci kurs tələbəsi

Xəbər lenti