Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun və İstanbul Universitetinin birgə təşkilatçılığı ilə 4 noyabr 2022-ci il tarixində İstanbul Universitetinin “Bəyazid” Kampusunda “Şuşa, Paris və İstanbulun ortaq dəyəri: Əhməd bəy Ağaoğlu” beynəlxalq simpoziumu keçirilib.
Tehsil.biz xəbər verir ki, “Şəxsiyyətli şəhərin şəxsiyyətləri seriyasından: “Şuşa, Paris və İstanbulun ortaq dəyəri: Əhməd bəy Ağaoğlu” beynəlxalq simpoziumu” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli 24s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli” ilə bağlı tədbirlər planı”na əsasən təşkil olunub.
Simpoziumda Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Simpoziumun açlış mərasimində Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib və Vətən müharibəsində şahid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi açılış mərasimindən sonra Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərinə aid qısa tanıtım filmi nümayiş olunub.
Tədbirdə çıxış edən Anar Kərimov Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq və əməkdaşlıq münasibətlərinin bütün sektorlarda, xüsusilə mədəniyyət sahəsində uğurla və intensiv inkişaf etdiyini qeyd edib. İki qardaş ölkə arasında çoxşaxəli mədəni əməkdaşlığın müntəzəm olaraq genişlənən və dərinləşən möhkəm özülə əsaslandığını vurğulayıb və bugünkü simpoziumun mövzusu olan Əhməd bəy Ağaoğlunun timsalında iki ölkənin aydınlarının türk dünyası adına müqəddəs amal uğrunda birgə tarixi mücadiləsinin indiki və gələcək nəsillər üçün bariz örnək olduğunu ifadə edib.
Anar Kərimov qeyd edib ki: “Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli fikir adamı, publisist və tənqidçi, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlu milli heysiyyətini hər şeydən uca tutan millət fədaisidir, Azərbaycanda "Həyat", "İrşad", "Tərəqqi", Türkiyədə rəsmi dövlət xəbər agentliyinin - Anadolu Ajansının və "Türk sözü", "Akın" qəzetlərinin qurucusu, Azərbaycanda və Türkiyədə üç siyasi partiyanın əsas yaradıcılarından biri, Bakıda "Difai", İstanbulda "İttihad və Tərəqqi", “Sərbəst Firqə”, üç parlamentin deputatı, İstanbulda Məclisi məbusanın, Ankarada Böyük Millət Məclisinin, Bakıda Cümhuriyyət parlamentinin üzvü kimi titanik tərcümeyi-hala malik fenomenal şəxsiyyətdir”.
Nazir beynəlxalq simpoziumda Əhməd bəy Ağaoğlu haqqında geniş məruzə ilə çıxış edib:
“Əhməd bəy Ağaoğlu Qarabağ türklərinin nüfuzunu Avropanın elmi çevrələrində, Sarbon auditoriyalarında, Londonun xitabət kürsülərində təmsil edən ziyalıdır, Qarabağı Qərbə yansıdan ilk Azərbaycan aydındır. Onun əsərlərində milli varlığın, milli şüurun özəlliklərini tanıtmağın ən sağlam yolları və siyasi bəsirəti ehtiva olunub.
Əhməd bəy Ağaoğlunun siyasi-fəlsəfi publisistikasında erməni şovinizminin rəhbər tutduğu və inadla həyata keçirdiyi milli-tarixi proqramın qlobal motivləri, ideya kökləri, dini, irqi və sosial əsasları təfsilatlı elmi şərhini tapıb. İlk dəfə erməni zalımlığına qarşı Azərbaycan türklərinin dirənişini, təşkilatlanmasını Əhməd bəy Ağaoğlu təmin edib. XX yüzildə erməni barbarlığına qarşı milli düşüncənin hərbi, silahlı bir güclə qaynayıb-qarışmasının ilk örnəyini "Difai"nin timsalında 1906-cı ildə Əhməd bəy Ağaoğlu yaradıb. İrəvanın Azərbaycanın tərkibindən alınıb Ermənistana verilməsinin əleyhinə səs vermiş üç nəfərdən biri Əhməd bəy Ağaoğlu olub. O,1905-ci ildə Bakıda və başqa şəhərlərdə erməni-müsəlman toqquşmaları barədə erməni, rus və Avropa mətbuatında çıxan yalanları konkret faktlarla təkzib edib, bu hadisələr haqqında həqiqətləri hətta həmişə antimüsəlman və ermənipərəst mövqedə olan "Sankt Peterburqskie vedomosti" qəzetində belə çap etdirə bilib”.
Anar Kərimov məruzəsində Əhməd bəy Ağaoğlunun Türkiyədəki çoxşaxəli fəaliyyətinə diqqət çəkib, onun ölkələrimiz üçün misilsiz xidmətlərini qeyd edib.
Simpoziumda çıxış edən Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Şuşa İli” çərçivəsində Əhməd bəy Ağaoğluna həsr olunmuş tədbirdə təmsil olunmaqdan qürur duyduğunu ifadə etdi. Prezidentin sözçüsü bildirdi ki, bu gün Türkiyə və Azərbaycan arasında olan münasibətlər Əhməd bəy Ağaoğlunun arzuladığı şəkildə inkişaf edir. O siyasi-iqtisadi sahədə dərinləşən münasibətlərin məhz mədəni əlaqələr vasitəsilə daha da güclənəcəyini bildirdi. Əhməd bəy Ağaoğlu və onun nəsildaşlarının başlatdığı mücadilə və türk dünyasının həmrəyliyi təşəbbüsləri bu gün türkdilli ölkələrin liderləri vasitəsilə reallaşdığını vurğuladı.
İbrahim Kalın: “Şuşanın türk dünyasının paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edirəm. Düşünürəm ki, Şuşanın öyrənilməsi və tanıdılması üçün gələn il mütləq şəkildə akademiklərimizin və tələbələrimizin Şuşaya səfərləri təşkil edilməlidir. Biz bu işdə üzərimizə düşən tədbirləri görməyə hazırıq.”
Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar fəaliyyəti və əzmkar mübarizəsi nəinki türk dünyası, bəşər üçün örnək olan Əhməd bəy Ağaoğlu mövzusunda beynəlxlaq simpozimunun təşkilatçılarından biri olmaqdan qürur duyduğunu ifadə etdi. O, “İki dövlətin bir vəkili: Ağağoğlu Əhməd Bəyin portreti” mövzusunda geniş məruzə ilə çıxış etdi.
Daha sonra beynəlxalq simpoziumda İstanbul Universitetinin prorektoru İlyas Topsakal, Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov, İstanbul Universitetinin müəllimi, professor Halil Bal, “Əhməd bəy Ağaoğlu Araşdırmalar Birliyi”nin rəhbəri Nigar Axundova Əhməd bəy Ağaoğlu ilə bağlı müxtəlif mövzularda məruzə ilə çıxış ediblər.
Tədbirin sonunda Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Şuşa – 270” döş nişanı ilə təltif olunub.. Döş nişanını Prezidentin sözçüsünə nazir Anar Kərimov təqdim edib.