Logo

Türkiyədə attestatla təhsil alan "çeçkan"lı, "makasin"li, "vorzakon" tələbələrimiz

06.11.2022 19:36 568 baxış
IMG

Məktəbi bitirən və universitetə qəbul olmayan azərbaycanlı oğlanların əksəriyyətinin dünyagörüşü hərbi xidmətdə gördükləri ilə məhdudlaşır. Ona görə, əsgərlik çəkib qayıdan oğlanlar iyirmi il orda baş verənlərdən yalan-gerçək danışıb qurtara bilmirlər.

Deyirsən, hava soyuqdur, qayıdıb deyir ki, əsgərlikdə bilirsən nə soyuq görmüşük?! Deyirsən, filan yemək dadlıdır, deyir, bilirsən, əsgərlikdə yeməklər necə olur?! Deyirsən, kefim yoxdu, başını yelləyə-yelləyə əsgərlikdəki “qruzlarından” danışır. Bir sözlə, bu adamların həyat anlayışı əsgərlikdəki mənasız, rutin günlərin bitib-tükənməyən hesabatlarından ibarətdir.

Bir də daha dəhşətli kateqoriya var: məktəbi bitirən, Azərbaycanda imtahanlardan kəsilən və attestatla Türkiyənin ortabab universitetlərinə qəbul almış on yeddi, on səkkiz yaşlı azərbaycanlı oğlanlar. İlk tədris həftəsində belələrini bəs qədər gördüm.

“Çeçenka” saç, enli, balağı qatlanmış açıq rəngli cins şalvar, dağıstanlıların saqqal stili və “Vasmoy” bazarından aldıqları “makasin”lər onları Türkiyədə də tərk etməyib. Bu uşaqlarla bərabər gəzmək özünü biabır etmək deməkdir. Zənci tələbələrə söz atıb gülürlər, pirsinqli, açıq-saçıq geyinən qızlara “qaqa jarqonunda” “padxod” edirlər və dərslərdə xarici tələbələrlə Azərbaycan dilində məzələnirlər. İndi təsəvvür edin, bu qaqaşlar axşamlar dostları ilə telefonda danışanda nə söhbətlər edir.

“Qardaşın bir dənə türk qız tutub, orda tapammassan...”
“Ala, burda bir dənə neqrlər var, ahahahaha...”
“Qaqa, burda bütün qızlar lüt gəzir e...”
“Müəllimlə bütün günü mırtlaşmışıq də, hahahahaha...”
“Universitetin vəziyyətinə qaqan özü baxır...” və sair...

Daha dəhşətlisi odur ki, xarici tələbələr bu uşaqlardan Azərbaycan haqqında nəsə soruşanda lotulardan, vorlardan danışırlar. Ölkəsinin tarixini, coğrafiyasını, ədəbiyyatını bilməyən, hələ Azərbaycan haqqında yetkin fikri formalaşmayan bu ərgənlər dünyanın əlli dörd ölkəsindən gəlmiş gənclər arasında Azərbaycanı təbliğ edirlər.

Açıq baldır, döş görəndə ağızlarının suyu axan qaqaşlar misirli, serbiyalı, çexiyalı, fransız (mənim müşahidə etdiklərim) qızlara “Tarqovu”da “Niva” görəndə əriyən qızlara yaxınlaşan kimi yaxınlaşıb tanış olmaq istəyirlər. Əlbəttə, Avropanın göbəyində doğulub böyümüş bir qızı əntərlərin cütləşmə dövründə etdiyi rəqslərlə “tuta” bilməzsən. Amma özünəinam bu uşaqlarda o qədər yüksək səviyyədədir ki, elə bilirlər ki, iyirmi yeddi yaşlı, magistr diplomunu Macarıstan Dövlət Universitetindən alan bir xanım tələbəni təsbehi daha sürətli fırlatdığına görə hayıl-mayıl edəcək.

Hələ bu tələbələrin yeməkxanada kartoxuyucu ilə güləşməklərini demirəm. Bir-birinə mandarin qabığı atmaqları, ayranın köpüyü ilə mırtlaşmaqları, siqaret qutusunun üzərindəki qorxunc şəkillərdən “kayf tutmaqları...”

Misirli bir tələbə ilə ədəbiyyatdan söhbət edirdik. Kifayət qədər sənət anlayışı olan, ciddi kitabları mütaliə etmiş, film zövqü 10-nun üstündə olan bir tələbə ilə söhbətimizi yuxarıdakı qaqaşlardan biri yarımçıq qoyur:

“Qaqa, sən allah, bu neqrlə nə söhbət edirsən? Soruş gör, onlar yayda “zaqar” eləyirlər, hahhahaha...”

Bu uşaqlar mənim ölkəmi təmsil edir. Və mən bacardığım qədər öz reputasiyamı qorumaq üçün onlardan uzaq gəzirəm. Sakit, fikri-zikri təhsil alıb valideynlərinin yanına qayıtmaq olan uşaqlar da var. Onlar bu tip qaqaşların ovudur. Təcili şəkildə ayaqlarındakı krasofkanı soyundurub makasin geyindirmək, saç düşümlərini dəyişmək üçün “qaqalar” bu uşaqların zövqləri ilə mübarizə aparırlar.

Erməni tələbələr var. Qarabağ mövzusu açılanda, inanın səmimiyyətimə, başlarını aşağı salıb sakitcə müəllimlərin mövzunu yekunlaşdırmasını gözləyirlər. Çox mədəni, əxlaqlı uşaqlardır. Hələki şovinistləri qarşıma çıxmayıb deyə məndə müsbət fikir formalaşdırıblar. Bizim bu qaqalar məcbur həmin tələbələrlə Qarabağ mövzusunda mübahisəyə girmək istəyirlər. Ermənipərəst müəllimlərin dərsində bütün ev tapşırıqlarını Qarabağ mövzusunda edirəm, hərdən müharibənin tarixi ilə bağlı mübahisələrimiz də olur. Bu uşaqlar həmin müəllimənin dərsinə girmirlər (əsas dərslərdən biridir). Bir dəfə soruşdum ki, niyə belə edirsiniz, bir aydan sonra imtahandı, kəsiləcəksiniz.

“Qaqa, mən iyirmi il kəsilməyə hazıram, amma o müəllimin dərsinə girməyəcəm...”

Belə...

Bakıda, rayonlarda necə, Namık Kemal Universitetində də elə. İndi bu uşaqların valideynləri boğazından kəsib pul göndərir, bunlar üçün narahat olur, həm də sevinirlər, dörd ildən sonra qayıdacaq oğlu haqqında nə planlar qururlar, bu uşaqlar da bir-birinə mandalin qabığı atıb türk qızlarına sulanırlar.

Ölkədə universitetə girə bilməyən uşaqların asan yollarla xarici ölkələrdə təhsil almaqları belə bir faciəvi mənzərə yaradır. Deməli, şərtlər bir az ağırlaşdırılmalıdır. Ciddi deyirəm, Bakıda çeçnka saç saxlayıb makasin geyinən uşaqları qəti şəkildə Türkiyə univeritetlərinə göndərmək olmaz. Sonra digər azərbaycanlı tələbələr onların başqa ölkələrin vətəndaşlarının beynində yaratdığı Azərbaycan obrazını yıxmaqla məşğul olurlar.

Rəvan Cavid

Xəbər lenti