Logo

Nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlər davam edir

02.02.2023 14:31 198 baxış
IMG

Cari ildə keçiriləcək imtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlər davam edir.

Tehsil.biz xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılan təlimlərə indiyə qədər 6530 nəzarətçi cəlb edilib.

Müxtəlif səbəblərdən təlimlərdə iştirak edə bilməyən 309 nəzarətçi zal nəzarətçiləri bazasından çıxarılıb. Hazırda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri üzrə təlimlər davam edir. DİM-in regional bölmələri üzrə imtahanlara cəlb ediləcək nəzarətçilər üçün təlimlər isə başa çatıb.

Təlimlərə təcrübəsi az olan və imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək şəxslər cəlb olunur. Təlimlər respublikanın bütün şəhər və rayonlarında keçirilir və 7 mindən çox nəzarətçinin bu prosesdə iştirak edəcəyi gözlənilir.

Təlimlər:

– nəzarətçilərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq;

– şəxsi anket məlumatlarını dəqiqləşdirmək;

– onlara imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı prosedur qaydalarını mənimsətmək;

– imtahan iştirakçıları auditoriyasının – imtahan zalının idarə olunmasında professionallığın əldə olunması baxımından mühüm məqamları izah etmək;

– imtahanın gedişində rast gəlinəcək problemlərin həll yollarını izah etmək;

– nəzarətçi – iştirakçı, nəzarətçi – imtahan rəhbəri münasibətlərinin tənzimlənməsində əsas tutulmalı qaydaları onların diqqətinə çatdırmaq;

– xüsusi hallarda onların operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaq məqsədilə keçirilir.  

Təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15-20 nəfərlik qruplarla həyata keçirilir. Təlimlərdə iştirakçılara imtahanın gedişi – imtahan iştirakçılarının imtahan zalına buraxılması, sənədlərinin yoxlanılması, imtahan zalı üzrə yerləşdirilməsi, cavab kartlarının (vərəqlərinin) və sual kitabçalarının paylanması və yığılması zamanı diqqət etməli olduqları məqamlar, imtahanın gedişi haqqında protokolun doldurulma forması, imtahan iştirakçılarının davranış qaydaları, imtahan prosesində imtahan rəhbərləri ilə fəaliyyətin əlaqələndirilməsi və imtahan zalının idarə olunması qaydaları izah olunur. Bunların yaddaşda möhkəmləndirilməsi məqsədilə imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat və videoçarx nümayiş etdirilir. 

Təlimlərdə həmçinin açıq tipli test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusunun istifadə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır.

Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 14794 zal nəzarətçisi haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl təlimlər keçiriləcək.

Təlimlərin qrafiki ilə buradan tanış ola bilərsiniz. Təlimlərdə iştirak edəcək zal nəzarətçilərinin adlı siyahısı nəzarətçilərin elektron qeydiyyatı sistemi vasitəsilə rayon və məktəb üzrə əlaqələndiricilərə təqdim olunur.

Xəbər lenti