Logo

Doğrudanmı təhsil nazirimiz yazıb-oxumağı bacarmayıb?

17.02.2023 22:29 918 baxış
IMG

1920-ci il aprel inqilabından bir neçə ay sonra (1920-1922) Azərbaycan SSR Xalq Maarif Komissarı (Naziri) Dadaş Bünyadzadə olub.

Tədqiqatçı alim Ədalət Tahirzadə yazır ki, “Ana dilində də, rusca da adını belə əməlli-başlı yazmağı bacarmayan Bünyadzadənin təhsilə “atalıq etdiyi” zaman sahənin “inkişafından, uğurlarından” sovet dövrü tədqiqatçıları ağızdolusu yazıblar. Doğrudanmı Dadaş Bünyadzadə savadsız olub? Diqqət yetirək sənədlərə!

Həmidə xanım Cavanşir (Məmmədquluzadə) “Xatirələrim”də yazırdı: “Bünyadzadə Dadaş Xoca oğlu. Azərbaycanda sovet partiya və dövlət xadimi olub. 8 aylıq kurs bitirib. Kommunist olub. Azərbaycan Cümhuriyyətinə qarşı iş aparıb. Sovet dönəminin lap ilk çağlarında Azərbaycan İnqilab Komitəsinin üzvü, eyni zamanda Azərbaycan Maarif Komissarı və fəhlə-kəndli müfəttişliyi komissarı təyin edilib (halbuki yazı-pozu bilmirdi)”. 

Yazıb-oxuya bilməyən Maarif Komissarı kim idi. Dadaş Xoca oğlu Bünyadzadə 1888-ci ildə Bakının Fatmayi kəndində yoxsul ailədə dünyaya göz açıb. “İlk təhsilini mollaxanada alan Dadaş sonra rus-tatar məktəbinə daxil olub. Lakin ailənin maddi vəziyyəti ağır olduğu üçün təhsilini yarımçıq qoyub Bakıda daş karxanasında arabaçı işləməyə başlayıb. 1904-cü ildə Hacı Zeynalabdin Tağıyevin fabrikində, 1905-1908-ci illər ərzində isə dəmirçixanada şagird işləyib”.

Siyasi fəaliyyətinə də 1908-ci ildə Rusiya Sosyal Demokrat Fəhlə Partiyasına daxil olmaqla başlayıb. Savadsız olmasına baxmayaraq partiyanın təxribatçılıq işlərini yaxşı bacarıb. 

Dadaş Bünyadzadəni “fəal, görkəmli siyasi xadim” kimi təqdim edən tədqiqatçı alim Nazim Axundov onun təhsil almasını idda edirdi. “D.Bünyadzadə 1907-ci ildə “Nicat” cəmiyyətinin açdığı cümə gündüz kursu və 1908-ci ildə 8 aylıq pedaqoji (axşam) kursunda oxuyub”. 

Bu haqda D.Bünyadzadənin xatirələrindən oxuyuruq: “Səhərdən gündüz saat 3-dək mən çəkicvuran fəhlə sifətilə işləyirdim. Gündüz saat 4-dən axşam saat 7-dək axşam kursunda rus dili öyrənirdim”.

Bəlkə elə ona görə Dadaş Bünyadzadə Azərbaycan Xalq Maarif Komissarı (Naziri) olarkən çıxışlarından birində bildirib ki, “Azərbaycanda bu gün 62 nəfər ali təhsilli adam var”. Görünür bolşevik Komissar Parisdə Sarbon Universitetində oxumuş Əhməd bəy Ağaoğlunu, Peterburq Universitetində hüquq təhsilinə yiyələnmiş Əlimərdan bəy Topçubaşovu və yüzlərlə yüksək Avropa təhsili alan ziyalılarımızı təhsilsiz sanıb. Bəlkə də Dadaş Bünyadzadə haqlı idi? Onun kimi cəmi üç-beş ay aldığı kurs təhsili hara, beş-altı il Avropa təhsili hara?”. Əslində Nazir Azərbaycanda Şura hökuməti qələbə çaldıqdan sonra gedib Moskvada Qırmızı (?) Professorlar İnstitutunda oxuyanlarımızı ali təhsilli sayırdı. Çünki bu qırmızı təhsil ocağında öz millətinə, vətəninə qənim kəsilən qıpqırmızı “təhsil”lilər yetişdirilirdi. 

Tarixi mənbələrdən aydın olur ki, 1920-ci ilin aprel işğalına kimi Azərbaycanda müxtəlif ixtisaslar üzrə yüksək Avropa təhsilinə yiyələnmiş 418 Azərbaycanlı mütəxəsis olub. 

Amma daha maraqlısı və təəccüblüsü odur ki, adını-soyadını doğru-düzgün yaza bilməyən “siyasi xadim” Azərbaycanda bir neçə illər ən yüksək vəzifələri “icra edib”. 

1908-ci ildən siyasi fəaliyyətə başlayan Dadaş Bünyadzadə 1917-ci ildə “Hümmət” təşkilatının katibi seçilir və partiyanın tapşırığı ilə Həştərxana gedir. Orada Zaqafqaziya Müsəlman İşləri Komissarının sədri seçilir. 1918-ci ildə Moskvaya çağırılır. Burada keçirilən Ümumrusiya Müsəlman Kommunistlərinin qurultayında çıxış edən D.Bünyadzadə şəxsən V.İ.Leninlə görüşür, Bakıda milli hökumətə qarşı əksinqilabi iş aparmaq üçün mühüm tapşırıqlar alır.

Rusiya Kommunist (b) P MK-nin göstərişi ilə Bakıya gəlir, gizli yolla inqilabi fəaliyyətə başlayır. 1919-cu ildə Qazaxda kəndlilər qarşısında çıxış edən Dadaş Bünyadzadə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin əleyhinə danışaraq “bunlar sizi fəlakətə aparır” deyə kəskin tənqid edir. Qeyri-leqal yolla Bakıda inqilabi fəaliyyət aparan D.Bünyadzadə 1920-ci ilin fevralında RK (b) P Bakı Komitəsinin I Qurultayının keçirilməsində daha çox canfəşanlıq edir və AK (b) P MK üzv seçilir. Burada onu Hərbi İnqilab Qərargahının və əməliyyat qurumunun fəhlə döyüş dəstəsinə rəhbər təyin edirlər. O, dəstəsi ilə 1920-ci ilin 15 mayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qarşı silahlı üsyana hazırlıq işlərinə başlayır. Üç gün sonra AXC hökuməti tərəfindən həbs edilən Dadaş Bünyadzadə cəmi 8 gündən sonra 1920-ci ilin 28 aprel işğalında həbsdən azad edilir. 

İllər sonra tədqiqatçı alim Xəlil Nəcəfov milli hökumətin süqutunu fəxrlə belə xatırlayırdı:(Bax: “S.Ağamalıoğlunun ictimai-siyasi və ateist görüşləri”, 1968, s.33) “1920-ci il aprelin 26-da RK (b) P Qafqaz Ölkə Komitəsinin Bakı bürosu ilə birlikdə AK (b) P MK-nın təcili çağırılmış gizli iclasında müsavat hökumətini yıxmaq planı hazırlandı. 

Aprelin 27-də səhər tezdən bütün Bakı proletariatı silaha əl atdı. Həmin gün yenicə yaradılmış Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin üzvü Həmid Sultanov başda olmaqla kommunistlərin nümayəndə heyəti Azərbaycan K (b) P MK, RK (b) P Qafqaz Ölkə Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konfransı adından müsavat hökumətinə, parlamentə ultimatum verərək hakimiyyətin Azərbaycan İnqilab Komitəsinə təslim edilməsini tələb etdi. Parlamentə sədrlik edən doktor Həsən bəy Ağayev ultimatumu oxuyub “bolşeviklər” sözünə çatdıqda Səmədağa Ağamalıoğlu yerindən səslənərək dedi: “Vəssalam, bazar bağlandı”. Əlbəttə üç-beş ay kurs qurtaran, hər şeyə bazar gözü ilə baxanlardan artıq nə gözləmək olardı? Növbəti məqalədə S.Ağamalıoğlunun milli hökumətin süquta uğramasındakı “fəaliyyəti” haqqında məlumat verəcəyəm).

Təbii, D.Bünyadzadənin xalqına, milli hökumətinə qarşı apardığı bu işləri Mərkəz qiymətləndirməli idi. Odur ki, D.Bünyatzadə yazıb-oxumağı bacarmasa da, 1920-ci ilin may ayından 1936-cı ilin aprelinə kimi (1937-ci ildə həbs edilib, 1938-də güllələnib) ölkədə ən məsul vəzifələri “icra edib”. 

1920-1922-ci illər Azərbaycan SSR Xalq Maarif Komissarı (Naziri), 1922-23-cü illər Azərbaycan SSR Xalq Ərzaq Komissarı və Ali İqtisadi Şura və XKS sədrinin müavini, 1923-1930-cü illər Azərbaycan SSR Xalq Torpaq Komissarı, Dövlət Plan Komissarı, Zaqafqaziya Pambıq Komitəsinin sədri, 1930-32-ci illər Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, 1932-36-ci illərdə ZSFSR Xalq Torpaq Komissarı vəzifələrində işləyən sədaqətli bolşevik birdən-birə 1937-ci ildə dönüb olub “xalq düşməni”.

Amma əslində D.Bünyadzadənin savadsız olması Sovet hökuməti üçün elə də önəm kəsb etmirdi. Çünki hökumətə elə savadsız “kadr”lar sərf edirdi. Ona görə ki, yüksək təhsil almış, intellektual səviyyəyə malik ziyalıları kor-koranə quruluşun quluna çevirə bilməzdilər.

Burada bir haşiyə çıxmaq istərdim. 30 il bundan əvvəlin sözüdür. BDU-da Jurnalistika fakültəsində oxuyurdum. “Elmi Kommunizim” adlı fənni bizə tədris edən müəllimin savadsızlığı iki-üç dərsdən sonra bəlli oldu. Doğrusu, o zaman əksəriyyətimiz çox təəccüb edirdik ki, belə savadsız adam necə “alim olub?”. Sonra eşitdik ki, o, uzun illər bir neçə rayonda birinci katib vəzifəsində işləyib, arvadı ermənidir, Mərkəzi Komitədə çalışır. Artıq şərhə ehtiyac yoxur.

Deməli, Sovet hökumətinə elə Dadaş Bünyadzadə kimiləri sərf edirdi ki, istədiklərini həyata keçirsinlər, sonra da “xalq düşməni” adı ilə məhv etsinlər. 

Sovet dövrü tədqiqatlarında D.Bünyadzadənin dövrünün fəal jurnalisti olduğu da qeyd edilir (!). Hətta 1908-1909-cu illərdə partiyanın tapşrığı ilə “Yeni həyat” qəzetinin müxbiri kimi İrana ezam olunduğu, 1909-1911-ci illərdə “Bakı həyatı” qəzetini redaktə etdiyi (!) də qeyd edilib. Qəribədir, yazı-pozu bilməyən necə redaktə edə bilər, necə məqalə yaza bilər? (görünür, elə o zaman da biri yazıb, digərinin imzasını qoymaq indiki kimi dəbdə olub). 

Azərbaycan satirik mətbuatının tədqiqatçısı prof. Nazim Axundov yazırdı ki, “1910-cu il dekabrın 18-dən 1911-ci il martın 12-dək Bakı şəhərində çap edilən satirik “Arı” jurnalının redaktoru Dadaş Bünyadzadə olmuşdu”. Hətta tədqiqatçı alim D.Bünyadzadəni “görkəmli mətbuat və dövlət xadimi” kimi təqdim etməyi də unutmur. Əslində Sovet dövründə belə “görkəmli xadimlərimiz” çox olub.

Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist

Xəbər lenti