Logo

Hüseyn Cavidin Ev Muzeyində elmi sessiya keçirilib

31.03.2023 20:13 182 baxış
IMG

Martın 31-də Azərbaycanlıların soyqırım gününün 105-ci ildönümü münasibətilə Hüseyn Cavidin Ev Muzeyində “Erməni terroru muzey fondlarında” mövzusunda elmi sessiya keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbiri Muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı açıb. O, çıxışında qeyd edib ki, erməni-daşnak silahlı birləşmələri 31 mart 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində azərbaycanlılara qarşı amansız soyqırım aktı törədib. Xüsusi qəddarlıqlarla həyata keçirilən bu genosid aktı ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla dövlət səviyyəsində siyasi qiymət verilib.

Alim bildirib ki, erməni xislətini ortaya qoyan, onların separatçı niyyətlərini bəyan edən bu soyqırım daşnakların regionda təkmillətli dövlət yaratmaq cəhdi idi. “Mart qırğınları” adı ilə dövri mətbuatda qeydə alınan bu misli görünməmiş qırğın 31 mart tarixinin yaddaşlarda əbədi yaşamasına səbəb olub. 1919-1920-ci illər mətbuatını vərəqlədikcə, həmin illərdə aparılan Fövqəladə İstintaq Komissiyasının protokollarını öyrəndikcə xalqımıza qarşı törədilən bu cinayətin miqyasını görür və insan cildli iblislərin vəhşiliyinin şahidi oluruq. Biz soyqırım qurbanlarını unutmamalı, bu hadisəni yad edərək gənc nəslimizə məlumat verməliyik. Yeni nəsil bu tarixi bilməli və özündən sonrakı nəsillərə çatdırmalıdır ki, bir daha ermənilərin məkrli siyasətinin qurbanı olmayaq. Çünki “böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər heç vaxt dinc durmayacaqlar. Rəşadətli Azərbaycan ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında erməni silahlı birləşmələrinə layiqli cavab verib, şanlı qələbə əldə etsə də, erməni siyasətçiləri mənfur niyyətlərindən, öz ərazi iddialarından hələ də əl çəkməyiblər. Buna görə də xalqımız ayıq olmalı, tarixini öyrənməli və beynəlxalq ictimaiyyəti daim məlumatlandırmalıdır. Bu sahədə muzeylərin üzərinə böyük məsuliyyət düşür. Bu gün biz soyqırım qurbanlarını yad etməklə bir daha tarixi keçmişimizə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən qırğını pisləyirik.

G.Babaxanlı onu da qeyd edib ki, 1918-ci ilin mart ayında daşnakların törətdiyi bu faciələr zamanı ölüm təhlükəsi ilə üz-üzə qalanlardan biri də dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid olub. Qaniçən cəlladlar Hüseyn Cavidi və onunla bərabər “Təbriz” mehmanxanasında yaşayan digər insanları da oradan silah gücünə çıxarıb və yol boyu bu insanlardan əksəriyyətini güllələyiblər. Hüseyn Cavid isə bir təsadüf nəticəsində ölümün pəncəsindən qurtula bilib.

Daha sonra elmi sessiya məruzələrlə öz işini davam etdirib. Məruzəçilər muzeyin fondunda mühafizə olunan materiallar, mətbuat nümunələri və tədqiqatlar əsasında ermənilərin tarixən xalqımıza qarşı həyata keçirdikləri soyqırım aktlarını təhlil ediblər.

Sonda iştirakçılar muzey əməkdaşlarının hazırladığı sözügedən soyqırım hadisəsini özündə əks etdirən kitab və sənəd sərgisi ilə tanış olublar.

Xəbər lenti