AMEA-nın Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsində “Qərbi Azərbaycan folklorunda tarix” (icraçı Əziz Ələkbərli), “Ağbaba folklorunda qaçaq mövzusu” (2022-2023, Tacir Səmimi), “Qərbi Azərbaycan folklorunun toplanması, tərtibi və nəşri” (2023-2026, kollektiv) mövzularında araşdırmalar aparılır. Şöbə folklor ekspedisiyaları təşkil edir. Yeni toplanmış materiallar əsasında hazırlanan “Qərbi Azərbaycan folklor örnəkləri” toplusu çap mərhələsindədir.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, 2023-cü il üçün nəşr ediləcək kitabların da siyahısı var. Zəngəzur folkloru ilə bağlı elmi-tədqiqat proqramı növbəti bir ildə də (“Zəngəzur folklorunun milli-mədəni yaddaş və bəşəri zənginlik kontekstində semantik analizi” adı ilə) davam etdiriləcək. Folklor İnstitutu Elm Fondunun 2023-cü il üçün əsas qrant müsabiqəsinə “Qərbi Azərbaycan folklor mühitləri çağdaş elmi yanaşmalar kontekstində” layihəsini təqdim edib.
Qeyd olunub ki, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru ilə işlərə hələ şöbənin yaranmasından çox-çox əvvəl start verilib və bu istiqamətdə tədqiqatlar aparılıb, dissertasiyalar müdafiə olunub, kitablar çap edilib. İndiyə qədər Hüseyn İsmayılovun “Göyçə aşıq mühiti: təşəkkülü və inkişaf yolları”, Əli Şamilin “Aşıq İsgəndər Ağbabalı (xatirə, məqalə, məktub və sənədlərin işığında)”, İslam Ələsgərin “Ələsgər ocağı ilə bağlı yaradılmış dastan-rəvayətlər haqqında”, İsrafil Abbaslının “Azərbaycan dastanlarının yayılması və təsiri məsələləri”, Tacir Səmiminin “Ağbaba ziyarətgahları”, Maşallah Xudubəylinin “Sazlı-sözlü Göyçə”, Nailə Əskərin “Aşıq Nəsibin yaradıcılıq yolu”, Tacir Qurbanovun “Xəstə Zərnişanın könül dünyası”, Arzu Məmmədovanın “Şair Məmmədhüseyn: həyatı, mühiti və yaradıcılığı” monoqrafiyaları nəşr olunub. “Miskin Abdal”, “Aşıq Nəsib”, “Növrəs İman. Seçilmiş əsərləri”, “Aşıq Alı”, “Göyçə aşıqları və el şairləri – I”, “Göyçə aşıqları və el şairləri – II”, Hüseyn İsmayılovun “Göyçə dastanları və aşıq rəvayətləri”, İsrafil Abbaslının “Azərbaycan həqiqətləri (erməni ədəbi mənbələrində)” kitabları çap olunub. “Azərbaycan folkloru antologiyası” seriyasından da institutda xeyli iş görülüb.
Bundan başqa, “Azərbaycan folkloru antologiyası, VII cild, Qaraqoyunlu folkloru”, “Azərbaycan folkloru antologiyası, VIII cild, Ağbaba folkloru”, “Azərbaycan folkloru antologiyası, X cild, İrəvan çuxuru folkloru”, “Azərbaycan folkloru antologiyası, XII cild, Zəngəzur folkloru”, “Azərbaycan folkloru antologiyası, III cild, Göyçə folkloru” (latın əlifbasında təkrar nəşr), “Azərbaycan folkloru antologiyası, XV cild, Dərələyəz folkloru”, “Azərbaycan folkloru antologiyası, XIX cild, Zəngəzur folkloru – 2” (Bakı, Nurlan, 2009), “Azərbaycan folkloru antologiyası, XX cild, Loru-Pəmbək folkloru” nəşr olunub. Azərbaycan folklorunun ilkin nəşrlərinə də müraciət edilib. Məsələn, Məmmədvəli Qəmərlinin “Atalar sözü” (1889, İrəvan) kitabı “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından çap olunub.
İnstitutun yeni elmi-tədqiqat proqramına gəlincə, 2021-2022-ci illərdə “Sosial-demoqrafik proseslər kontekstində Zəngəzur folkloru: milli-mədəni yaddaş və bəşəri zənginlik” elmi-tədqiqat proqramı akademik Muxtar İmanovun rəhbərliyi ilə icra edilib. Layihə çərçivəsində Folklor İnstitutunda “Zəngəzur folkloru: elmi araşdırmalar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib və Zəngəzur folkloru ilə bağlı 5 kitab nəşr edilib.
Bütün bunlarla yanaşı, “Azərbaycan folklorunun regional xüsusiyyətləri” (Dərələyəz folklor nümunələri əsasında), “Göyçəli Aşıq Nəcəfin həyat və yaradıcılığı”, “XIX əsr Göyçə el şairi Şişqayalı Aydının yaradıcılığı”, “El şairi Məmmədhüseyn: həyatı, mühiti, yaradıcılığı”, “Ağbaba aşıq mühiti”, “Aşıq Nəsibin dövrü, mühiti və yaradıcılıq yolu”, “Təsəvvüf ənənələri və Aşıq Ələsgər”, “Zodlu Abdullanın yaradıcılığı”, “Növrəs İman: dövrü, həyatı, yaradıcılığı” mövzularında dissertasiyalar müdafiə olunub.
Qeyd edək ki, Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlidir.