Logo

Türk Dil Qurumu Şərqşünaslıq İnstitutuna kitablar hədiyyə edib - FOTO

19.02.2024 12:38 190 baxış
IMG

Türk Dil Qurumu bu günlərdə Şərqşünaslıq İnstitutunun müraciətinə cavab olaraq, yüksək elmi və tarixi dəyəri olan 50 adda kitabı instituta hədiyyə edib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, şərqşünas alimlərin elmi araşdırmaları üçün əhəmiyyətli olan kitablar sırasında müxtəlif tipli tarixi və müasir lüğətlər, mənbələr, elmi tədqiqatlar yer alır.

Dəyərli leksikoqrafik əsərlər sırasında Mahmud Kaşqarlının “Divani lüğət-it türk”, Müəllim Nacinin “Lüğət-i Naci”, Şəmsəddin Saminin “Kamusi-i Türki” əsərlərini, eləcə də müxtəlif tipli müasir lüğətlər sırasında “Türkcə bitki adları lüğəti”, “Türkiyədə xalq danışıq dili lüğəti”, “Türkcə lüğət”, “Türk dilində qərb mənşəli sözlər lüğəti”, “Türk dillərində qohumluq bildirən sözlər”, “Türk dilinin etimologiya lüğəti”, “Türk mifologiya lüğəti”, “Türk atalar sözləri lüğəti” və digərlərini qeyd etmək olar.

Hədiyyə edilən kitablar arasında “Dədə Qorqud dastanı” ilə bağlı bir neçə dəyərli kitab var. Bunların sırasında Sadəttin Özçelikin giriş mətni və qeydləri ilə “Dədə Qorqud”un Drezden əlyazması, Ergin Muharremin “Dədə Qorqud kitabı”, Mustafa Kaçalının “Oğuzların diliylə Dədəm Qorqud kitabı” və digər dəyərli nəşrlər var.

Şərqşünas alimlərin ixtiyarına Qazi Bürhanəddinin “Divan”ı, Yusuf Hacib Balasaqunlunun “Kutadqu Bilik”inin Vyana, Fərqanə və Qahirə nüsxələri, Aşıq Paşanın “Qəribnamə”si kimi qiymətli kitablar verilib.

Əhəmiyyətli elmi əsərlər sırasında A.Dilaçarın “Türk dilinə ümumi baxış”, Tələt Tekinin “Orhon yazıları”, Mertol Tulumun “17-ci əsr türkcəsinin söz varlığı”, Zeynep Korkmazın “Türkiyə türkcəsinin təməli Oğuz türkcəsinin inkişafı”, Yavuz Kartallıoğlunun “Osmanlı danışıq dili” və s. kitablar yer alır.

Xatırladaq ki, ötən il sentyabrın 28-də Şərqşünasıq İnstitutunda Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Dərya Örs və Türk Dil Qurumunun rəhbəri, professor Osman Mertlə keçirilən görüş əlaqələrin genişləndirilməsi istiqamətində atılan mühüm addımlara təkan verib. Görüşdə, həmçinin kitab mübadiləsi barədə razılığa gəlinib.

Xəbər lenti