Logo

“Ədəbi irsin görünməyən tərəfləri" kitabı çapdan çıxıb

19.02.2024 14:19 126 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri professor Mehdi Kazımovun “Ədəbi irsin görünməyən tərəfləri” (“Nezrimıye qrani literaturnoqo naslediya”) kitabı çapdan çıxıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, müəllifin müxtəlif illərdə Azərbaycan və rus dillərində dərc olunmuş elmi məqalələrini əhatə edən kitab Yaxın və Orta Şərq ədəbiyyatının aktual problemlərinə həsr olunub və xronoloji cəhətdən erkən orta əsrlərdən XX əsrin sonuna qədər olan dövrü əhatə edir. Kitabın ayrı-ayrı bölmələrində nizamişünaslıq və Nizami “Xəmsə”si ilə bağlı nəzirə ənənəsi məsələləri araşdırılır, orta əsrlər Azərbaycan və farsdilli ədəbiyyat nümayəndələrinin yaradıcılığı izlənilir, əlyazma irsi kontekstində bəzi mənbələr işıqlandırılır, eləcə də sufi ədəbiyyatına və xüsusilə az öyrənilmiş sufi nəsrinə diqqət yetirilir.

“Nizamişünaslıq problemləri və orta əsrlər Azərbaycan ədəbiyyatı” adlı birinci fəsildə Şərq ədəbiyyatında Nizami ənənələrinə, dahi şairimizin “Xəmsə”sinin farsdilli hind ədəbiyyatına təsirinə, “Yeddi gözəl” poemasındakı Bəhram obrazına, “Xosrov və Şirin”də bədii zamana, eləcə də Cəmaliyə, Əbdürrəhman Camiyə, Əşrəf Marağaiyə, Məhəmməd Füzuliyə, Saib Təbriziyə, Bədr Şirvaniyə həsr olunmuş məqalələr yer alır.

“Orta əsrlər farsdilli ədəbiyyatı və mənbəşünaslıq məsələləri” adlı ikinci fəsildə Azərbaycan şairlərinin əsərlərinin Böyük Britaniyada saxlanılan əlyazmalarından, Cəmali “Xəmsə”sinin əlyazmasından, Əhməd Dehdar, Kəlim Kaşani, Ürfi Şirazi, Əbül-Feyz Feyzi əsələrindən bəhs edən məqalələr təqdim edilir.

“Farsdilli sufi ədəbiyyatı” adlı üçüncü fəsildəki məqalələrdə Baba Kuhidən, Məhəmməd bin Münəvvərin “Əsrar ət-Tohid”indən, Nəcməddin Razinin “Mirsad əl-ibad”ından və sufi ədəbiyyatının digər nümunələrindən bəhs edilir.

“İran ədəbiyyatı müasir mərhələdə” adlı dördüncü fəsildə 1980-1990-cı illər İran hekayələri, 1990-cı illər farsdilli poeziya, 1970-ci illər fars nəsri, 1970-ci illərin əvvəllərində Şəhriyar poeziyası və s. barədə məqalələr verilib.

Xəbər lenti