Logo

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində - FOTO

19.03.2024 10:47 162 baxış
IMG

Fransız rəssamı Fransuaza Jilonun əsərlərinə heç vaxt lazımi qiymət verilmədiyini desək, yəqin ki, yanılmarıq. 

Tehsil.biz xarici mediaya istinadən xəbər verir ki, bu yaxınlarda Parisdəki Pikasso Muzeyində Fransuaza Jilonun yaradıcılıq karyerasına həsr olunmuş xüsusi sərgi zalı açılıb. Muzey bu vasitə ilə vəziyyəti düzəltməyə və diqqəti uzun müddət Pikassonun yaradıcılığının kölgəsində qalmış bədii irsə cəlb etməyə ümid edir.

Jilonun sənət yolu rəngarəng və dinamik olub, o, həyatı boyu bir neçə üslubda eksperimentlər həyata keçirib.

Pikasso Muzeyinin kuratoru Joan Snreç “The Guardian” nəşrinə müsahibəsində deyir: “Jilo yaradıcılığının inkişaf etdiyi çox uzun karyeraya sahib müstəqil bir rəssam idi. Burada onun əsərlərinin rəngarəngliyini göstəririk”. 

Təşkilatçıların qeyd etdiyi kimi, Jilo bu muzeydə Pikassonun ilhamvericisi kimi təqdim edilməyəcək. Zalda nə Pablonun çəkdiyi ona aid fotoşəkillər, nə də Fransuazadan ilhamlanaraq yaradığı rəsmlər olmayacaq.

Jilo və Pikassonun hekayəsi 1943-cü ildə Paris bistrosunda başlayıb. Həmin vaxt onun 21, Pablonun isə 61 yaşı vardı. “Paris Match” jurnalının 2012-ci ildə yazdığı kimi, o, əvvəlcə Pikassonu “aqressiv və dominant” insan kimi qiymətləndirib. Zaman keçdikcə, cütlük daha da yaxınlaşıb və onların iki övladı - Klod və Paloma dünyaya gəlib. Daha sonra Jilo deyəcək ki, onların münasibətləri həm emosional, həm də fiziki zorakılıqla müşayiət olunub. 1953-cü ildə, evləndikdən on il sonra o, Pikassonu birdəfəlik tərk edib.

Jilo “Paris Match”a deyib: “Vəziyyət nə uşaqlarım, nə də mənim üçün məqbul deyildi. O, aqressiv və xoşagəlməz idi. Mən də dəyişmişdim. Artıq bir zamanlar olduğum kimi, təmkinli və mülayim insan deyildim”.

Jilonun dediyinə görə, ayrılıqdan sonra Pikasso bəzi qalereyaları onunla əlaqələri kəsməyə inandırıb və onun reputasiyasının “qayğısına qalıb”. “The Guardian” yazır: “Pikasso və onun Fransanın bədii və intellektual dairələrində olan nüfuzlu dostları Jiloya qarşı “müharibə” elan edərək, sonda onu Fransanı tərk etməyə məcbur etdilər”. Pablo, həmçinin 1964-cü ildə “Pikassonun həyatı” adlı xatirə kitabının nəşrini dayandırmaq üçün uğursuz kampaniya və üç məhkəmə iddiası başlatdı.

Fransuaza Pikassonun ona dediyi sözləri xatırladıb: “İnsanların səninlə maraqlanacağını təsəvvür edirsən? Əslində, onlar heç vaxt səninlə yalnız sənin xətrinə maraqlanmayacaqlar. İnsanların səni bəyəndiyini düşünsən belə, bu, bir növ həyatı mənimlə bu qədər sıx bağlı olan insana göstərilən maraq olacaq”.

Jilo Pablodan ayrıldıqdan sonra ABŞ-da yeni həyata başladı və burada rəssam kimi öz reputasiyasını inkişaf etdirdi. Onun rəsmləri Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyi və Müasir İncəsənət Muzeyi kimi mötəbər məkanlarda görünsə də, Fransada heç vaxt geniş şöhrət qazana bilmədi.

Pikassodan ayrıldıqdan uzun müddət sonra Fransuaza keçən il 101 yaşında dünyasını dəyişib və həmin vaxta qədər rəsm çəkməyə davam edib.

Snreç “The Guardian”a deyir: “Biz Jilonun təkcə Pikassonun həyatındakı yerini deyil, həm də onun həyat yoldaşı olmaqdan daha çox yüksək məziyyətlərini göstərməyin vacib olduğunu düşündük. Axı o, 100-dən çox yaşının yalnız 10 ilini onunla keçirib”. 

Parisdə Pikasso Muzeyinin üçüncü mərtəbəsində yerləşən Fransuaza Jilonun rəsmlərinə həsr olunmuş sərgi zalı bu ilin sonuna qədər açıq olacaq.

Xəbər lenti