Aprelin 25-də Bakı Slavyan Universitetində (BSU) da görkəmli oftalmoloq - alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev çıxışında əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftalmoloq - alim akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yoluna bir neçə istiqamətdə nəzərə salınacağını bildirib.
BSU-nun rektoru Anar Nağıyev akademik Zərifə Əliyevanın Azərbaycan elmində, ictimai-siyasi həyatında müstəsna yerə sahib olduğunu qeyd edib. Rektor akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində peşəkar mütəxəssis kimi təkcə Azərbaycanda deyil, qlobal səviyyədə tanınan peşəkar mütəxəssis möhürünü vurmuş şəxsiyyət olduğunu bildirib. Zərifə Əliyevanın həyat yoluna bir alim kimi nəzər saldıqda onun ən yüksək səviyyə-akademik səviyyəsinə gəlib çataraq ümumilikdə tibb elminin inkişafına verdiyi müstəsna xidmətlər kontekstində yad olunduğunu vurğulayıb. Anar Nağıyev Zərifə Əliyevanın bütövlükdə tibb elminin inkişafına verdiyi töhfələrin bundan sonrakı dövrlərdə də öz əhəmiyyətli nəticələrini verməkdə davam etməkdə olacağını qeyd edib. Rektor peşəkar tibb mütəxəssisi olan Zərifə Əliyevanın insanlıq üçün dəyərlər yaratmağı bacarmış, bu dəyərləri formalaşdırmış, həmin dəyərlər üzərində cəmiyyətin inkişafına öz töhfələrini vermiş şəxs olaraq Azərbaycan cəmiyyətinin böyük ictimai şəxsi kimi öyrənməyin vacibliyindən söz açıb. Zərifə Əliyevanın həyat yoldaşı kimi yaratdığı nümunədən danışan rektor dünyanı idarə edən ölkənin aparıcı şəxslərindən biri statusunda olan, Müasir Azərbaycan dövlətinin qurucusu missiyasını uğurla həyat keçirən Ulu Öndərin həyat yoldaşı kimi rolunun hər kəs üçün nümunə olduğunu deyib. A. Nağıyev Azərbaycanı yeni mərhələyə çıxaracaq dövlət rəhbəri yetişdirmək kontekstində Zərifə Əliyevanın fədakar və qayğıkeş ana obrazını özündə əks etdirdiyini diqqətə çatdırıb. Rektor Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 14 fevral tarixində andiçmə mərasimində müraciətləri içərisində qeyd etdiyi vacib məqamlardan birinin-gənclərin milli dəyərlər üzərində yetişdirilməsinin məhz akademik Zərifə Əliyevanın, Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə bağlılığının göstəricisi olduğunu bildirib. A. Nağıyev özündən sonra cəmiyyət üçün nümunə yaradan görkəmli akademik Zərifə Əliyevanın zəngin irsinin öyrənilməsi, nümunəvi həyat və fəaliyyətinin gənc nəsil arasında təbliğ edilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri Güllü Yoloğlu “Həyat adlı sınağa sinə gərən zərif qadın”, Azərbaycan radiosunun “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı “Ömrün nur payı”, Tibbi biliklərin əsasları və Mülki müdafiə kafedrasının baş müəllimi Səadət Cahangirova “Diaqnostika və müalicə üzrə görkəmli alim və oftalmoloq”, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Afaq Nəsibova “Zərifə Əliyeva – Yüksək idealları özündə birləşdirən qadın” adlı məruzələrlə çıxış ediblər. Məruzələrdə Akademik Zərifə Əliyevanın zəngin irsindən, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlardan, görkəmli alimin mənalı ömür yolundan bəhs olunub. Nümunəvi ömür gün yoldaşı olan Zərifə Əliyevanın görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olduğu qeyd edilib. Zərifə Əliyevanın yaddaşlarda işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı kimi canlandığı vurğulanıb.
Tədbirdə həmçinin Təhsil fakültəsinin III tədris ili tələbələri İranə Şükürova İ.Səfərlinin “Ana” şeirini, Lamiə Həsənzadə və Nəzrin Vəlizadə X.Bəxtiyarın “Zərifə xanım” şeirini səsləndiriblər.