Azərbaycan Texniki Universiteti (AzTU) ilə “SmartNation” platformasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, görüşdə “SmartNation” platformasının rəhbəri Şəbnəm Məmmədova layihə barədə ətraflı məlumat verib, həmçinin iştirakçılarla bağlı gözləntilərini paylaşıb.
Müzakirələr zamanı tələbələrin təhsil və sənayedə üzləşdikləri mövcud problemlər və ehtiyaclar dinlənilib, onların sualları cavablandırılıb.
Qeyd edək ki, layihənin məqsədi hazırda prioritet istiqamətlər (müdafiə sənayesi texnologiyaları, bərpaolunan enerji və energetika, nəqliyyat və logistika, infromasiya və telekommunikasiya texnologiyaları) üzrə təhsil alan tələbələrin şəxsi və peşəkar bacarıqlarının inkişafı və əmək bazarının tələblərinə uyğun kadr kimi hazırlanmasıdır.