Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan dili üzrə sertifikasiya imtahanı materiallarının hazırlanmasında ekspert qismində iştirak etmək istəyən təhsil müəssisələrinin aparıcı mütəxəssislərini əməkdaşlığa dəvət edir.
DİM-dən "Tehsil.biz"ə bildirilib ki, proqram və yeni imtahan modeli ilə tanışlıq məqsədilə mayın 3-də saat 15:00-da vebinar keçiriləcək.
Vebinarda iştirak etmək istəyənlər mayın 1-dək link vasitəsilə qeydiyyatdan keçə bilərlər. İştirakçılar vebinarla bağlı Mehriban Cəfərsoyla (+99412 310 53 16 (daxili 1429), [email protected]) əlaqə saxlaya bilərlər.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlara uyğun ölçülməsini təmin etmək məqsədilə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli işlənib hazırlanıb. Proqram hazırlanarkən dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədində (CEFR) irəli sürülmüş müddəalar əsas götürülüb. Bu proqrama istinad etməklə namizədlərin real dil mühitində qazandıqları bacarıqların ölçülməsinə və qiymətləndirmənin nəticəsi barədə rəsmi sənəd əldə etməyə imkan verən Azərbaycan dili üzrə sertifikasiya imtahanı modeli hazırlanıb.