Bakı Dövlət Universiteti (BDU) və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, Kimya fakültəsinin dekanı Fuad Kərimli, Hefei Texnologiya Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin direktoru Zhang Sihong, direktor müavini Hu Jia, şöbə müdiri Fan Xiaofeng və həmin universitetdən digər nümayəndələrin iştirak etdikləri görüşdə ötən il imzalanmış əməkdaşlıq haqqında anlaşma memorandumuna uyğun olaraq müvafiq istiqamətlər üzrə birgə ikili diplom proqramı layihəsinin hazırlanması barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, elm, təhsil, mədəniyyət sahələrində müştərək layihələrin icra edilməsi, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində əməkdaşlıq, birgə yay və qış məktəblərinin təşkili məsələləri müzakirə olunub.