AZƏRTAC-da Özbəkistanın bir sıra KİV-nin nümayəndələri ilə görüş keçirilib.
İdarə Heyətinin sədri Vüqar Əliyev AZƏRTAC haqqında məlumat verərək agentliyin çoxşaxəli fəaliyyət istiqamətlərindən danışıb. Qeyd olunub ki, səkkiz dildə xəbər yayan agentlik eyni zamanda foto, video və multimedia məhsulları istehsal edir. Agentliyin 50-yə yaxın xarici informasiya agentliyi ilə tərəfdaşlıq əlaqələrinin olduğunu deyən İdarə Heyətinin sədri Özbəkistanın UzA agentliyi ilə də əməkdaşlıq münasibətlərinin olduğunu diqqətə çatdırıb. “Biz Özbəkistan mediası ilə həm cari informasiya, həm də digər istiqamətlər – nümunə olaraq uşaqlar üçün informasiya sahəsində də əməkdaşlıq edə bilərik. Belə ki, AZƏRTAC xüsusi portalı vasitəsilə uşaqlar üçün maraqlı kontent də təqdim edir. Tərəfdaşlığın əsas məqsədi məhz qarşılıqlı səmərəli informasiya mübadiləsini həyata keçirməkdir ki, AZƏRTAC bu istiqamətdə səylərini göstərməyə hazırdır”, - deyə Vüqar Əliyev qeyd edib.
Özbəkistanın Jurnalistləri İttifaqının rəhbəri Xolmurad Salimov Azərbaycan KİV-i ilə təcrübə mübadiləsi aparmaqda maraqlı olduqlarını, səfər müddətində müxtəlif media strukturları ilə əməkdaşlığın əsasını qoymağa çalışacaqlarını vurğulayıb.
Qonaqlar Özbəkistanda qəzet və onlayn xəbər saytlarının, informasiya agentliklərinin fəaliyyəti barədə danışıblar, təmsil etdikləri media orqanları barədə məlumat veriblər.
Media nnümayəndələri AZƏRTAC-da yaradılan şəraitlə tanış olublar.