Logo

“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümü üçün qeydiyyat mərhələsi başa çatıb

01.04.2024 14:47 109 baxış
IMG

“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümü üçün qeydiyyat mərhələsi başa çatıb.

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupundan "Tehsil.biz" bildirilib ki, martın 1-də start götürən və bir ay davam edən bu müddətdə 15 min 877 nəfər qeydiyyat mərhələsini uğurla tamamlayıb. Bununla da dördüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat üçün müraciətin ötən illərlə müqayisədə daha çox olduğu nəzərə çarpıb. Qeydiyyatdan keçənlərin 11 min 423-ü kişi, 4 min 454-ü isə qadındır. Dördüncü müsabiqəyə qeydiyyat üçün müraciət edən 9 min 278 namizəd öncəki müsabiqələrdə də iştirak edib.

Müsabiqədə iştirak üçün mümkün yaş aralığının 21-51 yaş olduğunu nəzərə alaraq müraciət edənlər arasında 21-30 yaşda olan 5918 nəfər, 41-51 yaş aralığında isə 1831 nəfər namizəd yer alır. Namizədlərdən 21 yaşı olan iştirakçı sayı 52, 51 yaşında isə 22 nəfər təşkil edir.

Nəticələrə əsasən iştirakçıların 8 min 961 nəfəri dövlət, 6 min 665 nəfəri özəl, 204 nəfəri qeyri-hökumət, 148 nəfəri isə beynəlxalq təşkilatların əməkdaşlarıdır.

Hazırda müsabiqənin işçi qrupu qeydiyyatdan keçən şəxslərin qeydiyyat zamanı daxil etdikləri məlumatların yoxlanılmasını həyata keçirir.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Xəbər lenti