Logo

Agentlik aprel ayını “Əqli mülkiyyət aylığı” elan edib

01.04.2024 19:09 112 baxış
IMG

Əqli Mülkiyyət Agentliyi aprel ayını “Əqli mülkiyyət aylığı” elan edib.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü ərəfəsində əqli mülkiyyət mədəniyyətinin gücləndirilməsi və cəmiyyətin ayrı-ayrı təbəqələrinin diqqətinin əqli mülkiyyətə cəlb edilməsi məqsədilə “Əqli mülkiyyət aylığı” elan edilib.

Əqli mülkiyyət hüquqlarının qorunması, müdafiəsi və təminatı sahəsində Əqli Mülkiyyət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. Hər il 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü ölkəmizdə müxtəlif tədbirlərlə qeyd edilir. Əqli mülkiyyətin aktual məsələlərinə dair çoxsaylı kitab və broşürlərın nəşri, Agentliyin dəstəyilə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Əqli mülkiyyət hüququ və Azərbaycan Memarlıq və İnşaat Universitetində Əqli mülkiyyət kafedralarının yaradılması, yerli və nüfuzlu xarici jurnallarda Agentliyin nümayəndəsinin əqli mülkiyyətin idarəçiliyi sahəsində Azərbaycan təcrübəsindən bəhs edən məqalələrinin dərci, əqli mülkiyyətin aktual problemlərinə həsr olunan milli və beynəlxalq tədbirlərdə etdiyi təqdimat, məruzə və çıxışlar dəyərli elmi mənbələr olmaqla yanaşı, cəmiyyətdə əqli mülkiyyət mədəniyyətinin formalaşmasında da əhəmiyyətli rol oynayır.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) müasir çağırışlara cavab verən milli əqli mülkiyyət ofislərinin yaradılmasına aid təlimatların hazırlanması məqsədilə dünya üzrə 204 ofis arasından seçdiyi 15 ölkənin mükəmməl idarəetmə strukturuna və inzibatçılıq mexanizmlərinə malik olan ofislər sırasına Azərbaycan Əqli Mülkiyyət Agentliyini də daxil edib. Bununla əlaqədar ÜƏMT apardığı “Əqli mülkiyyət idarəetməsi və inzibatçılığı modelləri” mövzusunda tədqiqatda əks olunması üçün onlayn sorğu vasitəsilə 15 suala cavab əldə edib. Avrasiya Patent Təşkilatı (APT) isə əqli mülkiyyət sahəsində Azərbaycanın müsbət təcrübəsini nəzərə alaraq “Müasir əqli mülkiyyət ofisinin formalaşması və fəaliyyəti” mövzusunda geniş prezentasiya və məqalə sifariş edərək, onu Moskvada nəşr olunan tanınmış peşəkar “Əqli mülkiyyət: sənaye mülkiyyəti” jurnalının xüsusi buraxılışında (2023, N 5) dərc etdirib. Avrasiya Patent Təşkilatının rəhbəri tərəfindən ölkəmizin təcrübəsindən geniş istifadə etmək tövsiyə olunub.

Bir neçə ildir ki, sənaye mülkiyyəti obyektlərinin patentləşdirilməsi və qeydiyyatı üçün iddia sənədlərinin qəbulu Agentlikdə yaradılan 7/24 rejimində fəaliyyət göstərən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi vasitəsilə həyata keçirilir. PƏNAH-ın tətbiqi ixtiraçılar və biznes subyektləri arasında böyük məmnunluq doğurub, iddiaçı ilə iddia sənədinin ekspertizasını aparan və bu sahədə xidmət göstərən digər şəxslər arasında canlı təması aradan qaldırıb, “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi əsasında operativlik və şəffaflıq təmin edilib.

MDB məkanında ilk olaraq ixtira, faydalı model və sənaye nümunələrinə dair iddia sənədlərinin 3D formatında qəbuluna başlanılıb.

Şəffaflığın və məlumatlara əlçatanlığın təmin olunması sahəsində növbəti addım olaraq Sənaye Mülkiyyəti Obyektlərinin Reyestri – ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərə dair “açıq reyestr”lərin yaradılmasına başlanılıb. Hər kəs “açıq reyestr”ə maneəsiz və ödəniş etmədən daxil ola, o cümlədən patent almaq istəyən şəxs onun sənaye mülkiyyəti obyektinə uyğun milli qeydiyyatların olub-olmaması barədə məlumatı əvvəlcədən öyrənə biləcək.

İlkin mərhələdə patentlə mühafizə olunan ixtira və faydalı modellərə dair biblioqrafik məlumatlar bazası toplanıb və ictimaiyyətin istifadəsinə verilib. Növbəti mərhələdə isə əmtəə nişanlarının qeydiyyatı haqqında məlumatları əhatə edən “açıq reyestr”in iddiaçıların və digər maraqlı şəxslərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Həyata keçirilən tədbirlər nəticəsində ixtiralar üzrə iddia sənədlərinin ekspertiza müddəti ümumi qaydaya görə 12 ay təşkil etdiyi halda orta hesabla 8-9 aya, əmtəə nişanlarının ekspertizası isə beynəlxalq təcrübədə nəzərdə tutulan 6-8 ay əvəzinə 3-4 aya endirilib.

2023-cü ildə qeydiyyatdan keçirilmiş 386 müəllifə (hüquq sahibinə) məxsus 713 əsərdən (2022-ci illə müqayisədə 20 faiz çox) 626-sı “Elektron xidmət” bölməsi vasitəsilə qeydiyyata alınmışdır ki, bu da 2022-ci illə müqayisədə 73 faiz çoxdur.

Xəbər lenti