Logo

"Biz zəfər qazandıq!” rəsm müsabiqə-sərgisi davam edir

12.04.2021 17:28 289 baxış
IMG

 “Biz zəfər qazandıq!” adlı respublika onlayn rəsm müsabiqə-sərgisi davam edir. Müsabiqə-sərgi ümumtəhsil məktəblərinin şagirdləri (incəsənət təmayüllü məktəb və liseylər istisna olmaqla) və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

 

Rəsm müsabiqə-sərgisi təsviri sənət nominasiyası üzrə 3 yaş (6-9, 10-13, 14-17) qrupunda keçirilir. Hər yaş qrupu üzrə I, II, III və həvəsləndirici yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə təltif olunacaq, qalib işlər sosial şəbəkələr və kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

 

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

- Rəsm müsabiqə-sərgisinə hər bir iştirakçı yaş qrupu üzrə 1 rəsm işi göndərə bilər;

- 2 və daha çox iştirakçının hazırladığı işlər qəbul edilmir;

- Rəsm əsərlərinin işlənmə texnikası sərbəstdir və müxtəlif texniki vasitələrlə (akvarel, quaş, yağlı boya, akril, pastel, flomaster, marker, rəngli karandaşlar və s.) işlənilə bilər;

- Rəsmlərin çəkilməsi zamanı ölçülərə məhdudiyyət qoyulmur;

- İnternet və digər oxşar resurslardan köçürülmüş məzmunda olan rəsmlər qəbul edilmir;

- İşlər təqdim edilərkən müəllif haqqında ətraflı məlumat - adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, sinif, məşğul olduğu müəssisə və əlaqə vasitəsi qeyd olunmalıdır. 

 

Rəsm müsabiqə-sərgisi 3 mərhələdə keçirilməklə aşağıdakı mövzuları əhatə edir:

- Ordumuzun qazandığı nailiyyətlər;

- Qarabağın tarixi abidələri, zəngin təbiəti;

- Qəhrəmanlarımızın rəşadəti.

 

I mərhələ - 1-22 aprel 2021-ci il. Respublikada fəaliyyət göstərən hər bir ümumtəhsil məktəb və uşaq-gənclər inkişaf mərkəzinin təşkilat komitəsi tərəfindən hər yaş qrupu üzrə seçilmiş 1 rəsm işi [email protected]  elektron poçt ünvanına göndərilməlidir.

 

II mərhələ - 22–27 aprel 2021-ci il. Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir. Təqdim edilən işlər meyarlar üzrə 5 bal ilə qiymətləndirilir.

 

 

III  mərhələ - 30 aprel 2021-ci il. Rəsm müsabiqə-sərgisində qalib olmuş rəsm əsərlərindən ibarət sərgi təşkil olunacaq.

 

 

Müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 597 13 42 və +994 50 497 97 55 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.

 

Qeyd edək ki, müsabiqə-sərgisinin məqsədi böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili, istedadlı uşaq və gənclərin aşkar edilməsi, həmçinin Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsindən ibarətdir.

Xəbər lenti