Logo

Bakıda məktəbdə tüstülənmə olub, şagirdlər təxliyə edilib

24.04.2024 14:09 380 baxış
IMG

Bakıda yerləşən 153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbin işçiləri tərəfindən operativ şəkildə ilkin qabaqlayıcı tədbirlər görülüb. Şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur:

"Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib.

Müvafiq mütəxəssislər tərəfindən məktəbə baxış keçirilərək problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb".

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 153 nömrəli məktəbdə yanğın baş verməsi barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində məktəbin 1-ci mərtəbəsində yerləşən kitabxanada elektrik kabeli, kitab rəfi və kitablar qismən yanıb".

TƏBİB-dən isə bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub:

"Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub. 1 nəfər stressə qarşı kəskin reaksiya (qadın cinsli), digər 3 şəxs isə (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 1 nəfərə isə (qadın cinsli) yerində yardım olunub".

Kənan Nağıbəyli

Xəbər lenti