SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfranslarının açılış mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, konfransda SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, SOCAR-ın Kommunikasiya məsələləri üzrə İcraçı direktoru Aygün Hüseynova və digər rəsmilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov elmi konfransların beş ildir beynəlxalq səviyyədə təşkil edildiyini, builki konfranslarda bir sıra yeniliklər həyata keçirildiyini və keyfiyyətinə, miqyasına və beynəlxalq universitetləri əhatə etməsinə görə seçildiyini qeyd edib.
Rektor konfranslara təqdim edilən tezislər barədə də məlumat verərək bildirib ki, builki konfranslara ümumilikdə 517 tezis göndərilib, onlardan 384-ü qəbul edilib, göndərilən tezislərin 58-i 6 ölkənin 7 təhsil müəssisəsindən olub, ümumilikdə isə 55 müəssisədən tezis daxil olub. Elmar Qasımov gənc alimlərin yetişdirilməsi, onlara dəstək göstərilməsinin Bakı Ali Neft Məktəbinin önəmli missiyalarından olduğunu və konfransların Azərbaycanda gənclərin elmi-tədqiqat işlərinə yönəlməsi üçün böyük töhfə verdiyini vurğulayıb.
Qeyd edək ki, Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransları “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru”, “İNFOTECH 2024” və “Neft-qaz geologiyası və mühəndisliyi” mövzularını əhatə edir. Konfranslar mayın 1-də yekunlaşacaq.