Logo

DİM və AQA Qlobal Qiymətləndirmə Xidmətinin nümayəndələri arasında görüş olub - FOTO

23.04.2024 20:20 135 baxış
IMG

Bakıda işgüzar səfərdə olan Böyük Britaniyanın aparıcı qiymətləndirmə təşkilatlarından "AQA Qlobal" Qiymətləndirmə Xidmətinin nümayəndələri ilə Dövlət İmtahan Mərkəzində (DİM) görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.

Görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədrin müavini Namiq Babayev, "AQA Alpha Plus"un direktoru Coun Rinkleyin rəhbərlik etdiyi nümayəndə heyəti və DİM-in müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Qonaqlar əvvəlcə DİM-də yaradılmış milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey və imtahan materiallarının avtomatlaşdırılmış çapı prosesi ilə tanış olublar.

"AQA Alpha Plus"un direktoru Coun Rinkley "AQA Qlobal" Qiymətləndirmə Xidmətinin fəaliyyəti və xidmətləri barədə təqdimatla çıxış edib. Təqdimatda təhsil nəticələrinin yaxşılaşdırılması məqsədilə yoxlama metodikası, tədqiqatlar, qiymətləndirmənin dizaynı və inkişafı barədə məlumat verilib və qurum tərəfindən təklif olunan xidmətlərin DİM-in fəaliyyət sahəsinə uyğunluğu müzakirə edilib. Eyni zamanda, DİM-in fəaliyyət istiqamətinə uyğun olaraq imtahanların keçirilməsi və yazı işlərinin yoxlanılmasında, ümumilikdə qiymətləndirmə prosesinin effektivliyinin artırılmasında süni intellektdən istifadə və böyük verilənlər (big data) bazalarının təhlili üzrə də fikir mübadiləsi aparılıb. DİM və "AQA Qlobal" Qiymətləndirmə Xidməti arasında gələcək əməkdaşlıq perspektivləri, o cümlədən qiymətləndirmə sahəsində birgə tədqiqatların aparılması imkanları barədə də müzakirələr aparılıb və müsbət fikirlər səsləndirilib.

Xəbər lenti