Mayın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi dosent Vazeh Əskərov Özbəkistanın Daşkənd Kimya Texnologiya Universitetinin rektoru professor Botır Usmonovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ADNSU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə Vazeh Əskərov ADNSU-da tədris olunan ixtisaslar, universitetin beynəlxalq əlaqələri, ikili diplom proqramları, maddi-texniki bazası haqqında ətraflı məlumat verib, təhsil ocağının tarixi və inkişafı ilə bağlı mühüm məqamları diqqətə çatdırıb.
Daşkənd Kimya Texnologiya Universitetinin rektoru professor Botır Usmonov rəhbəri olduğu ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib.
Kimya texnologiyaları, neft-qaz mühəndisliyi, alternativ enerji və yaşıl enerji sahələrində birgə əməkdaşlığın inkişafının daha da genişləndirilməsinin müzakirə olunduğu görüşdə kadr hazırlığı, tələbə və müəllim mübadiləsi, həmçinin birgə elmi-tədqiqatların, yaşıl enerji layihələrinin aparılması yönündə görülə biləcək işlərdən danışılıb, hər iki tərəf birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Qonaqlar, həmçinin ADNSU-nun laboratoriyalarına baş çəkib, tədris prosesi ilə yaxından tanış olublar.