Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” mövzusunda elmi seminar keçirilib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Seminarda çıxış edən BDU-nun Pedaqogika kafedrasının professoru Hikmət Əlizadə təhsilə fəlsəfi yanaşma meyarlarından söz açıb, ənənəvi, fəal və interaktiv təlim metodlarını izah edib. Məruzədə intellekt, intellektual məntiq, təfəkkür anlayışları barədə məlumat verilib, dünya psixoloqlarının tədqiqatlarında əksini tapmış intellektin inkişaf modelləri diqqətə çatdırılıb.
Təlim məqsədlərinin taksonomiyasını şərh edən məruzəçi bildirib ki, bu prosesdə əksini tapan bilik, anlama, tətbiqetmə, analiz, sintez, qiymətləndirmə meyarları təfəkkürün hərtərəfli inkişafına istiqamətlənib.
H.Əlizadə tələbələrdə təfəkkürün inkişaf etdirilməsinin fəal təlim metodlarının yaranmasına, bütün bunların isə Universitet 3.0 və Universitet 4.0 modellərinin formalaşmasına səbəb olduğunu diqqətə çatdırıb: “Tədris prosesində fəal təlimi səciyyələndirən xüsusiyyətlər kimi müəllim-şagird əməkdaşlığı, müəllim və şagirdin idraki fəallığı intellektin və təfəkkürün inkişafını təşviq edən amillərdir. Bu mənada tədqiqat universitetində dərsin psixopedaqoji məsələlərinin təhlili hədəflərin müəyyən edilməsi və yaxşı nəticələrə nail olmaq baxımından mühüm əhəmiyyətə malikdir”.
Məruzədə müvafiq sahədə tədqiqat aparan dünya alimləri ilə yanaşı, görkəmli Azərbaycan alimləri, professorlar Əkbər Bayramovun və Əbdül Əlizadənin araşdırmaları və elmi nəticələrinə istinadlar edilib.
Sonra müzakirələr aparılıb.