Logo

“Sərhəd” hərbi-idman oyunlarının qalibləri mükafatlandırılıb - FOTO

02.05.2024 13:25 380 baxış
IMG

Mayın 1-də Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində “Sərhəd” hərbi-idman oyunları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə qalib komandaları təbrik edib və onlara uğurlar arzulayıb.

Bildirilib ki, Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümünə həsr olunmuş və ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 38 rayon üzrə 187 məktəbdən 875 şagird iştirak edib.

Komandalar "Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi", "Ləpirçilik", "Maskalanma", "Avtomatın sökülməsi və yığılması", "Tüfəngdən hədəfə atəş açmaq", "Sıra hazırlığı" və digər istiqamətlər üzrə bilik və bacarıqlarını nümayiş еtdiriblər.

Final mərhələsinin yekunlarına görə, Cəlilabad rayonunun “Ləkin” komandası birinci, Qusar rayonunun “Zeyxur” komandası ikinci, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun “Ümid” komandası isə üçüncü yeri tutub.

Sonda qaliblərə mükafatlar təqdim olunub, oyunlarda fəal iştirak etmiş komandalara isə həvəsləndirici hədiyyələr verilib.

Xəbər lenti