Logo

AzMİU-nun Təbliğat-təşviqat qrupu region məktəbliləri ilə görüşlər keçirib

02.05.2024 17:49 240 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təbliğat-təşviqat qrupu Dağlıq Şirvan Regional Təhsil İdarəsinə tabe olan Ağsu, İsmayıllı, Şamaxı, Qobustan məktəblərində yuxarı sinif şagirdləri ilə görüşlər keçirib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşlərdə Təbliğat-təşviqat qrupunun üzvləri - İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov, Təcrübə və karyera şöbəsinin müdiri Xanlar Qəniyev, Materialşünaslıq kafedrasının müdiri professor İradə Şirinzadə, kafedranın əməkdaşı Cəmalə Cəbrayılova, Tələbə Gənclər Təşkilatının sədri Tacir İsmayılzadə iştirak ediblər.

Görüş çərçivəsində akademik və inzibati heyət üzvləri AzMİU-da tələbələrə yaradılan şəraitdən danışıb, memarlıq və mühəndislik yönümlü ixtisasların üstünlükləri, perspektivləri, karyera məsələlərinə aydınlıq gətiriblər. Qrup üzvləri AzMİU-ya qəbul qaydaları, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri, tələb olunan əsas göstəricilər, eyni zamanda, ikili diplom proqramları və müraciət qaydaları, ixtisasları üzrə ölkə daxili və xarici təcrübə şansları, qəbul qrupları, keçid balları, ixtisaslar, fakültələr, təhsil haqqı məsələləri, universitetdə tədris olunan dillərdən söhbət açıblar. Həmçinin universitet şəhərciyi və burada tələbələrin asudə vaxtının dəyərləndirilməsi məqsədilə yaradılan unikal şəraitdən danışıblar. Görüş zamanı danışılan məsələlərlə bağlı abituriyentlərin sualları cavablandırılıb, ixtisas seçimində çətinlik çəkənlərə universitet nümayəndələri tərəfindən dəyərli məsləhətlər verilib.

Tədbirlərdə AzMİU-nun tanıtım videoçarxı təqdim olunub. Yekunda şagirdlərə universitet haqqında məlumatların əks olunduğu bukletlər paylanılıb.

Xəbər lenti