Logo

Varşava Milli Filarmoniyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub - FOTO

25.05.2024 18:13 171 baxış
IMG

Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Varşava Milli Filarmoniyasında Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə rəsmi qəbul keçirilib.

Polşa Səfirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Bakı Slavyan Universitetinin rektoru, professor Anar Nağıyev və Azərbaycandakı xristian icmasının rəhbərləri iştirak ediblər.

Qəbulda Polşanın xarici işlər nazirinin müavini xanım Anna Radvan-Rörenşef, Polşa seyminin vitse marşalı Kşıştof Bosak, bir sıra nazir müavinləri, hökumət, seym və senatın üzvləri, avro-deputatlar, müxtəlif dövlət qurumlarının nümayəndələri, universitet rektorları, muzey direktorları, akademik, incəsənət, media və biznes dairələrinin nümayəndələri, bu ölkənin müftisi və dini icmalarının təmsilçiləri, Polşada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, o cümlədən Azərbaycan diasporunun nümayəndələri, Polşa vətəndaşı olan həmvətənlərimiz və azərbaycanlı tələbələr iştirak ediblər.

Rəsmi çıxışlardan öncə Rudolf Petrak Beynəlxalq Vokal Müsabiqəsinin qalibi, Friderik Şopen adına Musiqi Universitetinin tələbəsi Konstança Molevskanın ifasında Azərbaycan Respublikası və Polşa Respublikasının dövlət himnləri səsləndirilib.

Qəbulda çıxış edən ölkəmizin Polşadakı səfiri Nərgiz Qurbanova Müstəqillik Gününün tarixi barədə məlumat verib, müsəlman və Türk dünyasında ilk dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışıb. AXC tərəfindən vətəndaşların hüquqlarına zəmanət verən effektiv dövlət institutlarının yaradılması və beynəlxalq ictimaiyyətin etimadının qazanılması qeyd olunub.

AXC hökumətinin daxili və xarici siyasət prioritetlərinin həyata keçirilməsinə böyük töhfələr vermiş polyakları qeyd edən səfir məşhur memarlar Qoslavski, Skurieviç, Ploşko, Borisoqlebski, Kşiştaloviç, general Sulkeviç, Kriçinski qardaşları və parlament üzvü Vonsoviçi xatırlayıb. Sosial təminat naziri Viktor Klenevski, hakim Çeslav Qutovski, hüquqşünaslar Anjey Novacki və Çeslav Kolossovski kimi ziyalılarla yanaşı, Gəncədə bolşeviklərə qarşı silahlı müqavimətin təşkilində böyük fədakarlıqlar göstərmiş polyak zabitlər - polkovnik Dunin-Marçinkeviç, kapitan Klossovski, kapitan Çarneçki, kapitan Pavlovski və başqaları vurğulanıb.

Səfir qeyd edib ki, 1920-ci il bolşevik istilası AXC-nin müstəqilliyinə son qoymasına baxmayaraq, Azərbaycan xalqının yaddaşından milli kimlik hissini və dövlətçilik istəyini silə bilməyib. Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyində qazanılan böyük nailiyyətlər nəticəsində Azərbaycan regionda və beynəlxalq arenada mühüm söz sahibinə çevrilib. Dövlətimiz Xəzər dənizi regionunda beynəlxalq əməkdaşlıq üçün əsas tərəfdaş, Cənub Qaz Dəhlizi və Orta Nəqliyyat Dəhlizi də daxil olmaqla, böyük enerji və nəqliyyat layihələrinin təşəbbüskarı olub.

N.Qurbanova əlavə edib ki, ölkəmizin COP29 tədbirinə ev sahibliyi etməsinə yekdil dəstək beynəlxalq ictimaiyyətin Azərbaycanın yaşıl dünyaya baxışına inamının göstəricisidir. Cənubi Qafqazda onilliklər boyu davam edən münaqişədən sonra Azərbaycanın milli sərhədləri üzərində suverenliyini tamamilə bərpa etməsi isə regionda sülh, təhlükəsizlik və firavanlığa yol açıb.

Səfir Polşa ilə siyasi dialoq, iqtisadi əməkdaşlıq, mədəniyyət, təhsil və elm sahələrində tərəfdaşlıq, çoxtərəfli forumlarda qarşılıqlı dəstək kimi geniş sferaları əhatə edən strateji tərəfdaşlığı da qeyd edib. Azərbaycan və Polşanın ortaq dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan ümumi baxışını xatırladaraq iki ölkənin strateji tərəfdaşlığının və xalqların dostluğunun onları əməkdaşlığı daha da gücləndirməyə sövq etdiyini bildirilib.

Fəxri qonaq qismində çıxış edən Polşanın xarici işlər nazirinin müavini xanım Anna Radvan- Rörenşef nazir Radoslav Şikorskinin təbriklərini çatdırıb. Nazir müavini münasibətlərin tarixinə nəzər salaraq qeyd edib ki, Polşa Azərbaycanın müstəqilliyini tanıyan və onunla diplomatik əlaqələr quran ilk dövlətlərdən biri olub. Polşa ilə Azərbaycan arasında tarixi əlaqələrlərdən söhbət açan nazir müavini polyakların AXC-nin yaradılmasına və Bakının qurulmasına töhfələrindən bəhs edib, faşizmlə mübarizədə azərbaycanlı polkovnik Vəli bəy Yadigarın qəhrəmanlığını qeyd edib.

Polşa ilə Azərbaycanın öz regionlarında iqtisadi lider, sabitlik və inkişafın təminatçısı olduğunu qeyd edən nazir müavini əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrini qeyd edib. Sonda ölkəmizin əhəmiyyətli mövqeyinə istinadən rəsmi Bakının Avropa İttifaqı ilə əməkdaşlığının alqışlandığı ifadə olunaraq Azərbaycana sülh və firavanlıq arzu olunub.

Rəsmi qəbulun bədii hissəsində azərbaycanlı virtuoz pianoçu Etibar Əsədlinin triosununun ifasında Azərbaycan caz musiqisi təqdim olunub. Trionun Azərbaycanın ənənəvi musiqisindən ilhamlanmış gözəl kompozisiyası tamaşaçıları heyran qoyub.

Rəsmi qəbul çərçivəsində Azərbaycanın xristian irsi ilə bağlı ilk fotosərginin təqdimatı olub. Sərgi 20 illik yubileyini qeyd edən Heydər Əliyev Fondu və Azərbaycan Dövlət İnformasiya Agentliyinin təqdim etdiyi tarixi fotoşəkillər və materiallar, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə ərsəyə gəlib.

Rəsmi qəbul ziyafətlə davam edib və qonaqlara Azərbaycanın milli təam və içkiləri təqdim olunub.

Polşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Polşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Polşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Polşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Polşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Polşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Polşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Polşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Polşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Xəbər lenti