Logo

DİM-in əməkdaşları e-Qiymətləndirmə Assosiasiyasının illik konfransında iştirak ediblər - FOTO

13.06.2024 22:20 111 baxış
IMG

10-12 iyun 2024-cü il tarixlərində İngiltərənin London şəhərində e-Qiymətləndirmə Assosiasiyasının (e-Assessment Association – eAA) illik konfransı keçirilib.

Tehdil.biz xəbər verir ki, konfransda Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov da iştirak ediblər.

e-Qiymətləndirmə Assosiasiyasının əsas məqsədi rəqəmsal imtahan texnologiyaları vasitəsilə bilik, bacarıq və qabiliyyətlərin daha keyfiyyətli və effektiv qiymətləndirilməsini təşviq etməkdir. Mövzusu “Rəqəmsal qiymətləndirmə dünyasında insani keyfiyyətlərin qorunması” olan konfrans düşündürücü müzakirələr, interaktiv sessiyalar və rəqəmsal qiymətləndirmə dünyasında qlobal ekspertlərlə yeni əməkdaşlıqlar üçün fürsət yaradır.

DİM-in nümayəndə heyəti iyunun 10-da assosiasiyanın dəvəti ilə konfrans çərçivəsində təşkil olunan “Milli imtahanlar üzrə dəyirmi masa”da iştirak ediblər. Dəyirmi masada müxtəlif ölkələrdən olan nümayəndələr milli imtahanlarda e-qiymətləndirmənin əhəmiyyəti, bu istiqamətdə ortaya çıxan çətinliklər, əlçatanlıq və elektron imtahanların keçirilməsi üzrə ən yaxşı təcrübələr barədə müzakirələr aparıblar. Müzakirələr zamanı DİM-in elektron imtahanlar sahəsində apardığı işlər və yeniliklər, o cümlədən yazı işlərinin elektron qiymətləndirilməsi üzrə ölkə təcrübəsi iştirakçıların diqqətinə çatdırılıb. Dəyirmi masadan sonra “Süni intellekt simpoziumu” keçirilib. Simpoziumda süni intellektin imtahan materiallarının hazırlanması və imtahanaların keçirilməsi üçün istifadəsi, etik məsələlər, çətinliklər və ümumilikdə süni intellektin təqdim edə biləcəyi innovativ imkanlar haqda təqdimatlar olub və müzakirələr aparılıb.

11-12 iyun tarixlərində konfrans öz işini e-qiymətləndirmədə son yeniliklər və ən yaxşı təcrübələr üzrə müxtəlif təqdimatlar və panel sessiyaların keçirilməsi ilə davam etdirib.

Xəbər lenti