Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın Gənc İstedadlar Proqramı (GİP) ilə bağlı infosessiya keçirilib.
BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbiri açan rektor Elmar Qasımov tələbələri Gənc İstedadlar Proqramından faydalanmağa və şəxsi inkişafla bağlı fürsətləri dəyərləndirməyə çağırıb.
SOCAR-ın vitse-prezidentinin müavini - İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı Departamentinin rəisi Aytən Fərzəliyeva proqramın məqsədi və imkanları haqqında məlumat verib. Eləcə də GİP-in üstünlükləri və perspektivləri barədə tələbələri maarifləndirib.
İnfosessiyanın gedişatında GİP haqqında videoçarx təqdim olunub.
Daha sonra BANM-in məzunları və GİP qalibləri Fərid Hüseynli (2022-2023-cü il), habelə Zəhraxanım Əliyeva, Əkbər Qurbanov və Qəhrəman Kazımlı (2023-2024-cü il) təəssüratlarını bölüşüb, proqramın onlara necə fayda verdiyini qeyd ediblər.
Tədbirin sonunda tələbələri maraqandıran suallar cavablandırılıb.