Logo

Azərbaycan Universiteti Probasiya xidməti ilə əməkdaşlığa başlayır

30.10.2024 11:05 25 baxış
IMG

Azərbaycan Universiteti və Ədliyyə Nazirliyinin Probasiya xidməti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və Probasiya xidmətinin rəisi Vüqar Ağayev imzalayıblar.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən TƏHSİL.BİZ- ə bildirilib ki, imza mərasimindən əvvəl tərəflər arasında işgüzar görüş keçirilib. Görüşdə Ədliyyə Nazirliyi aparatının və Probasiya xidmətinin rəsmiləri ilə yanaşı, Mediasiya Şurasının və vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak ediblər.

Görüşdə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva Sosial iş ixtisasının tədrisi, məzunların məşğulluq göstəriciləri, yeni yaradılan Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Elmi işlər üzrə prorektor Yusif Qasımov universitetin sosial iş sahəsində elmi fəaliyyəti və uğurları ilə qonaqları tanış edib.

Probasiya xidmətinin rəisi Vüqar Ağayev rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, xidmətin gördüyü işlər və beynəlxalq əlaqələri haqqında məlumatı diqqətə çatdırıb. Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Sosial iş ixtisasının probasiya və mediasiya prosesində iştirakının əhəmiyyətini qeyd edib.

Görüşdən sonra anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən tərəflər, sosial-psixoloji xidmət üzrə əlaqələrin inkişaf etdirilməsi, sosial müdaxilə, psixososial dəstək sahələrində qabaqcıl metodların tətbiqi, tərəflər arasında birgə layihələrin həyata keçirilməsi, tədqiqat və təhlil işlərinin aparılması, konfranslar, seminarlar və maarifləndirici tədbirlərin təşkili, habelə bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən və ictimai maraqlara xidmət edən əməkdaşlıq münasibətlərinin qurulması mövzusunda razılığa gəliblər.

Xəbər lenti